Heydər
Əliyev və müasir universitet modeli
Azərbaycanın
özü qədər əbədi
İqtisadiyyatın müxtəlif
sahələri üzrə milli kadrların hazırlanması
üzrə hələ sovet dönəmindən başlayaraq
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin siyasəti ölkənin inkişafına xidmət
edəcək güclü milli kadr potensialını
formalaşdırmış, iqtisad elmi və təhsilinin
inkişafı hər zaman prioritetliyi ilə
seçilmişdir.
Təsadüfi deyil ki,
ümummilli lider 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət
İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş mərasimdəki
çıxışında cəmiyyətin bünövrəsində
iqtisadiyyatın dayandığını qeyd etmişdir. Bu, müasir
Azərbaycanda iqtisad elmi və təhsilinin inkişafı və
milli iqtisadçı kadrların
formalaşdırılması prosesinin başlıca vəzifələrini
özündə ehtiva edən proqram xarakterli
çıxışdır. Bu çıxışda
xüsusi vurğulamışdır ki: "Mən bu gün
sizin qarşınızda Azərbaycan iqtisadiyyatının
bugünkü vəziyyəti ...haqqında söhbət
açmaq fikrində deyiləm. Sadəcə, bu
mövzulara toxunuram və bununla bağlı
iqtisadçının vəzifəsi, iqtisad elminin vəzifəsi
və İqtisad Universitetinin vəzifələri haqqında
danışıram”. Dahi rəhbərin
qarşımızda qoyduğu vəzifələr bu gün Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) fəaliyyətinin əsas
istiqamətlərini müəyyən edir.
"...ictimai elmlər çox dəyişir...
Elmdə, təhsildə, kadrların
hazırlanmasında bu dəyişikliklər gərək yeni
Azərbaycanın yaranmasına xidmət etsin. O cümlədən
də iqtisad elmi”.
Bazar iqtisadiyyatına
keçid digər ictimai elmlərdə olduğu kimi, iqtisad
elmində də köklü dəyişiklikləri tələb
edir və bu dəyişiklər həm aparılan tədqiqatlara,
həm də iqtisadçı kadr hazırlığı
prosesinə yanaşmada özünü göstərir. Bu baxımdan UNEC-də
dünyanın yüksək reytinqli universitetlərinin təcrübəsi
və ölkə iqtisadiyyatının tələbləri əsasında
tədris plan və proqramlarının təkmilləşdirilməsi,
kadr hazırlığı üzrə yeni ixtisasların
formalaşdırılması, təhsilverənlərin peşə
bacarıqlarının artırılması, elmi-pedaqoji kadr
potensialının gücləndirilməsi və ən əsası
elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi
istiqamətlərində əhəmiyyətli işlər
görülmüşdür.
Heç kimə sirr deyil ki,
istənilən universitetdə yüksəksəviyyəli tədrisin
və biznes dünyası ilə səmərəli əlaqələrin
qurulması üçün ilk növbədə yüksək
elmi-tədqiqat potensialı tələb olunur. Bu baxımdan
UNEC-də artıq dördüncü tədris ilidir ki, ölkədə
ilk dəfə "Azərbaycan Respublikasında Təhsilin
İnkişafı üzrə Dövlət
Strategiyası”nın 2.3.1 və 5.10-cu bəndlərinə
uyğun olaraq Diferensial Əmək Haqqı Sistemi tətbiq
edilir. Professor-müəllim heyətinin
elmi fəaliyyətlərinə 70 faiz payın
ayrıldığı bu sistemin tətbiqi nəticəsində
UNEC-in elmi-pedaqoji göstəriciləri əvvəlki illərlə
müqayisədə ciddi şəkildə
yaxşılaşmış və bu yaxşılaşma
müvafiq beynəlxalq təşkilatların hesabatlarında və
reytinq siyahılarında da öz əksini
tapmışdır.
Diferensial Əmək
Haqqı Sisteminin tətbiqi ilə yanaşı, UNEC-də
nüfuzlu beynəlxalq elmi nəşrlərdə əsərləri
çap edilən əməkdaşlar üçün
mükafatlandırma sistemi də fəaliyyət göstərir. Bu mükafatlandırma
sisteminə əsasən, hazırda nüfuzlu "Web of
Science” və "Scopus” elmi bazalarına daxil olan elmi nəşrlərdə
əsərləri çap edilən UNEC əməkdaşları
və təhsilalanlar nəşrin təsir dərəcəsindən
(impact factor) asılı olaraq 4000 manata qədər mükafat
almaq imkanına malikdirlər.
Atılan addımların nəticəsində
UNEC əməkdaşlarının müstəqillik illərində
"Web of Science” bazasına daxil olan elmi nəşrlərdə
çap etdirdikləri elmi əsərlərin 70 faizə qədəri
məhz son beş ilin payına
düşür. Nüfuzlu "Clarivate Analytics” şirkətinin
UNEC-i "Web of Science Awards-2018” və "Most Progressive
Universities in Web of Science for the Last 3 Years” mükafatlarına
layiq görməsi də bunu bir daha sübut edir.
Universitetimiz
qarşıdakı illərdə tədqiqat universiteti statusunu
əldə etməyi özünün başlıca strateji məqsədlərindən
biri kimi müəyyən etmişdir. UNEC bu məqsədə nail olmaq
üçün qarşıdakı illərdə magistratura və
doktorantura təhsilini tamamilə mütərəqqi dünya təcrübəsinə
uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə
yüksək reytinq qazanmış ən azı bir "beyin mərkəzi”
formalaşdırmağı, sifarişlər və qrantlar əsasında
yerinə yetirilən tədqiqat layihələrinin və
"Web of Science” və "Scopus” bazalarındakı məqalələrinin
sayını davamlı artırmağı, bu bazalara daxil olan ən
azı 2 nüfuzlu konfransa və ən azı 3 elmi jurnala sahib
olmağı və hər il iqtisadçı tələbələrin
nüfuzlu beynəlxalq tələbə konfransını təşkil
etməyi özünün əsas hədəfləri kimi
seçmişdir.
"... bazar
iqtisadiyyatı özü-özünü tənzimləyən
bir iqtisadiyyatdır. Bunun da kökü
bazardır. Bazar varsa, iqtisadiyyat var.
İqtisadiyyat bazar üçündür”.
Ümummilli lider universitet
kollektivi qarşısındakı tarixi
çıxışında bir neçə dəfə bazar
iqtisadiyyatının önəmi və əsas xüsusiyyətləri
üzərində dayanmaqla, iqtisadçılara elm və tədris
fəaliyyətlərində yol göstərmişdir. O, yeni iqtisadi sistemin təməlində
bazarın dayandığını, bazarın
özünütənzimləmə mexanizmi olduğunu və
bütün iqtisadi fəaliyyətlərin də məhz
bazarın tələblərinə uyğun həyata
keçirilməsinin zəruriliyini vurğulamışdır.
Bu istiqamətdə son illər atılan
addımlar arasında UNEC-də tədris olunan fənlərin
sillabuslarının tamamilə yenilənməsini, kitabxana
fondunun müasir dərslik və dərs vəsaitləri hesabına
zənginləşdirilməsini və dünya universitetlərində
tədris edilən fundamental dərsliklərin Azərbaycan
dilinə tərcümə edilməsi qeyd edilməlidir.
Bazar iqtisadiyyatının tələblərinə
uyğun keyfiyyətli tədqiqatların və tədris
prosesinin təşkilində son illər dünyanın
inkişaf etmiş universitetlərindən məzun olan 400-dən
çox gəncin müəllim və ya tədqiqatçı
kimi UNEC-ə cəlb edilməsinin də böyük rolu
olmuşdur. Bu gənclərin əksəriyyəti
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində inkişaf
etmiş bazar iqtisadiyyatına malik ölkələrin
nüfuzlu universitetlərindən magistr və ya fəlsəfə
doktoru dərəcəsi almışdır. "Gənc müəllim-1” və "Gənc
müəllim-2” layihələri çərçivəsində
müsabiqə əsasında UNEC-də əmək fəaliyyətinə
başlayan gənclər təhsil aldıqları universitetlərlə
UNEC arasında səmərəli əməkdaşlıq əlaqələrinin,
o cümlədən də təcrübə mübadiləsinin
qurulmasında əhəmiyyətli rol oynayırlar.
UNEC kadr hazırlığında
bazarın tələblərini daha dolğun şəkildə
öyrənmək və onlara uyğunlaşmaq məqsədilə
"Tələb işəgötürənlərdən - təklif
UNEC-dən” mövzusunda konfrans keçirmiş və həmin
konfransda "UNEC - iş dünyası strateji əməkdaşlıq
platforması: UNEC2B” təqdim edilmişdir. "UNEC2B”
Platforması tədrisin əmək bazarının tələbələrinə
uyğunlaşdırılması, sahibkarlıq universiteti
modelinin yaradılması və məzunların işlə təmin
olunmasında UNEC və iş dünyasının birgə fəaliyyətini
nəzərdə tutur. Platformaya əsasən, UNEC məzunlarını
işə qəbul edən işəgötürənlər
qarşısında 3 il ərzində
"servis xidməti”, yəni məzunlar üçün UNEC
tərəfindən ödənişsiz ixtisasartırma
kursları təşkil etmək öhdəliyi
götürmüşdür.
"Dünya təcrübəsini
siz... toplamalısınız. Nəzəriyyəni -
yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur -
ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq
sizin vəzifənizdir”.
Heydər Əliyev Azərbaycan
iqtisadiyyatının inkişaf etdirilməsi və modernləşdirilməsi
prosesinin mütərəqqi dünya təcrübəsi və
müasir iqtisadi nəzəriyyələr əsasında həyata
keçirilməli olduğunu vurğulayır, bu təcrübə
və nəzəriyyələrin ölkə
reallıqlarına uyğunlaşdırılmasını
iqtisadçı alimlərin başlıca vəzifəsi kimi
görürdü. Qeyd edilən vəzifədən irəli
gələrək UNEC Tədqiqat Fondu, 26 tədqiqat mərkəzi
yaradılmış, elmi tədqiqatların milli
iqtisadiyyatın problemləri ilə əlaqələndirilməsi
istiqamətində əhəmiyyətli işlər
görülmüşdür. Hazırda UNEC-də Azərbaycan
iqtisadiyyatının müxtəlif problemlərinin tədqiqi
ilə məşğul olan "Empirik tədqiqatlar mərkəzi”,
"Digital marketinq mərkəzi”, "Ermənistan
iqtisadiyyatının araşdırma mərkəzi”, "İnkişaf
iqtisadiyyatı laboratoriyası”, "Rəqəmsal iqtisadiyyat
tədqiqat mərkəzi”, "İslam iqtisadiyyatı mərkəzi”,
"Elektron pul araşdırma mərkəzi” kimi mərkəzlər
fəaliyyət göstərir. Yeni
yaradılmış bu mərkəzlərdə UNEC-in
professor-müəllim heyəti ilə birgə tələbə,
magistr və doktorantlar da tədqiqat aparmaq imkanı əldə
etmişdir. Sevindirici haldır ki, bu yaxınlarda
"Empirik tədqiqatlar mərkəzi”ndə tələbələrimizin
müəllimləri ilə birgə hazırladığı
məqalə nüfuzlu "Scopus” bazasında yerləşən
"International Journal of Housing Markets and Analysis” jurnalında nəşr
edilmişdir. Yeni yaradılmış "İnkişaf
iqtisadiyyatı laboratoriyası”nda isə SOCAR-ın sifarişi
əsasında dünyada ilk dəfə olaraq "Azərbaycan
neftinin (Azerilight) dünya bazar qiymətinin
proqnozlaşdırılması” mövzusunda geniş tədqiqat
layihəsi həyata keçirilmiş, müvafiq model
qurulmuş və tədqiqat nəticələri əsasında
"Springer” kimi nüfuzlu beynəlxalq elmi nəşriyyat tərəfindən
monoqrafiya dərc edilmişdir.
Bu sahədə uğurlu
addımlardan biri də milli iqtisadiyyatın və qlobal iqtisadi
proseslərin müxtəlif aspektləri ilə bağlı
müzakirələrin aparıldığı nüfuzlu elmi tədbirlərin
təşkil edilməsidir. Bu baxımdan UNEC-də Nobel
mükafatı laureatı Aziz Sancarın da iştirakı ilə
"Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə
modeli”, materialları "Web of Science” bazasında indeksləşən
"Davamlı inkişafın sosial-iqtisadi problemləri”,
"Elektron pullar: mövcud vəziyyət və perspektivlər”,
universitet və biznes nümayəndələrinin
iştirakı ilə "Bilik əsaslı iqtisadiyyata
keçid: potensial imkanlar”, Dünya Bankı ekspertinin
iştirakı ilə "İqtisadiyyatın şaxələndirilməsi:
özəl sektorun rolu” və digər aktual mövzuları əhatə
edən nüfuzlu elmi tədbirlər keçirilmiş, yerli və
beynəlxalq ekspertlərlə birlikdə ölkə
iqtisadiyyatının gələcək inkişaf perspektivləri
müzakirə edilmişdir.
UNEC-də hər il
keçirilən "Elm aylığı” da xüsusi
vurğulanmalıdır. Geniş tədbirlər
planı əsasında reallaşdırılan "elm
aylığı”nda iqtisad elminin müasir problemlərinə,
milli iqtisadiyyatın aktual məsələlərinə həsr
edilmiş müxtəlif formatlı elmi müzakirələr təşkil
edilir. Cari ildə də reallaşdırılan "elm
aylığı”nda 22 elmi tədbir, o cümlədən
"Yeni elm sahələri-ekonofizika”, "Elm haqqında elm”,
"İqtisadiyyat üzrə Nobel mükafatı
laureatları”, "Elmi fəaliyyətin institusional sistemi”,
"Qeyri-müəyyənlik şəraitində makroiqtisadi
göstəricilərin qarşılıqlı əlaqələrinin
və vergi yükünün qiymətləndirilməsi”,
"Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf
perspektivləri”, "İslam maliyyəsi”, "Ha-Joon
Changın iqtisadiyyat kitabı” və digər maraqlı
müzakirələr aparılmışdır.
"...iqtisadçılar gərək
apardığımız islahatların hər birinin həm həyata
keçirilmə prosesini, həm də nəticələrini təhlil
etsinlər. Ola bilər, bundan yaxşı əsərlər
də yaza bilərsiniz”.
Ölkədə həyata
keçirilən iqtisadi islahatların, onların nəticələrinin
dərin elmi təhlillərinin aparılması ilk növbədə
iqtisadçıların işidir. UNEC əməkdaşları tərəfindən
ölkədə aparılan iqtisadi islahatların və
onların əldə olunan uğurlu nəticələrinin təhlilinə
həsr edilmiş çoxlu sayda elmi və analitik məqalələr
ayrı-ayrı qəzet və jurnallarda, o cümlədən də
UNEC-in nəşr etdiyi "Economic sciences: Theory and Practice”,
"Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri”
və "UNEC Ekspert Jurnalı”ında çap edilmişdir. Xüsusilə də UNEC ekspertlərinin analitik məqalələrinin
nəşr olunduğu və 2016-cı ildən fəaliyyət
göstərən "UNEC Ekspert” jurnalında qeyri-neft
sektorunun inkişafı, biznes mühitinin
yaxşılaşdırılması, sosial müdafiənin
gücləndirilməsi və digər istiqamətlər
üzrə Azərbaycanda həyata keçirilən
islahatların təhlilinə və strateji yol xəritələrinə
həsr edilmiş çoxlu sayda analitik məqalələr nəşr
edilmişdir.
UNEC əməkdaşlarının
Azərbaycanda aparılan iqtisadi islahatlar və ölkə
iqtisadiyyatının ayrı-ayrı məsələlərinə
həsr edilmiş elmi əsərləri nüfuzlu beynəlxalq
nəşrlərdə də çap edilmişdir. Bu əsərlərə
"Web of Science” bazasının müvafiq indekslərinə
daxil olan nüfuzlu nəşrlərdə son illər dərc
edilən "Təhsilin keyfiyyətinin statistik qiymətləndirməsinə
ekspert yanaşması: Azərbaycan nümunəsi” (2016),
"Türk Respublikalarının Trans-Xəzər enerji əməkdaşlığının
əhəmiyyəti” (2017), "Azərbaycanda elektrik enerjisinə
tələbin modelləşdirilməsi” (2017), "Dünya
bazarında xam neftin qiymətinin
proqnozlaşdırılması metodları” (2018),
"Makroiqtisadi stabilliyin fuzzy təhlili” (2018), "Azərbaycanda
beynəlxalq miqrasiyanın ölçülməsi” (2018),
"Azərbaycanda iqtisadi artımın CO2 emissiyasına təsiri”
(2018), "İnsan kapitalının inkişafı, iqtisadi
göstəricilər və ətraf mühitin keyfiyyətinin
tədqiqi” (2019), "Sugeno-tipli fuzzy nəticəçıxarma
metodu ilə dövlətin administrativ səylərinin vergi
potensialına təsirinin qiymətləndirilməsi” (2019) və
digər əsərləri göstərmək
mümkündür.
UNEC-in bu istiqamətdə əldə
etdiyi uğurlardan biri də Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və "Baku Ekspo 2025” Əməliyyat Katibliyinin”
İnsan kapitalını inkişaf etdirərək, daha
yaxşı gələcək quraq” mövzusunda birgə təşkil
etdiyi məqalə müsabiqəsində UNEC-in gənc müəlliminin
qalib olmasıdır. Təşkilatçılar tərəfindən
müsabiqənin qalibi kimi UNEC-in gənc müəlliminin
Fransanın Paris şəhərində yerləşən Beynəlxalq
Sərgilər Bürosunun qərargahına səfəri də
təşkil edilmişdir. UNEC müəlliminin
qalib olan "Azərbaycanda multikultural dəyərlərin
inkişafında təhsil və elmin rolu” adlı elmi məqaləsində
həm təsviri, həm də empirik metodlardan istifadə edilərək
ölkədə təhsil və elmin multikultural dəyərlərin
inkişafındakı rolu ortaya qoyulmuşdur.
"...mənim üçün daha
çox maraqlıdır ki, iqtisadi siyasətimizi,
islahatlarımızı geniş kütləyə izah etməkdə
fəal yardımçımız olasınız”.
Həqiqətən də
bazar iqtisadiyyatı şəraitində iqtisadi subyektlərin
gözləntiləri və davranışı iqtisadi siyasətin,
iqtisadi islahatların uğurunu şərtləndirən əsas
amillərdən biridir. İqtisadi subyektlərin gözləntilərinin
və davranışlarının formalaşması isə
heç şübhəsiz ki, ilk növbədə iqtisadi
maarifləndirməni tələb edir. Son
illər UNEC çoxlu sayda iqtisadi ekspertləri ilə
televiziyalar, radiolar, qəzetlər, jurnallar, sosial şəbəkələr,
ictimai mühazirələr və digər vasitələrlə
iqtisadi subyektlərin maarifləndirilməsi işinə öz
töhfəsini verməyə çalışır. Təkcə 2018-ci ildə UNEC ekspertlərinin mediada
260-dan çox çıxışı olmuş, UNEC-in rəsmi
sosial şəbəkə vasitəsilə 1300-dən çox
maarifləndirici məlumatlar yayılmış, UNEC Radioda
maarifləndirici xarakterli proqramlar efirə
çıxmışdır.
2017-ci ildə Azərbaycan
Respublikasının Mərkəzi Bankı, Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və
Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə
Əmanət Kassaları Fondunun "Gənc alimlər və
maliyyə savadlılığı” mövzusunda birgə təşkil
etdikləri elmi məqalə müsabiqəsində də
UNEC-in gənc alimləri qalib olmuşlar. Onların
yazdığı məqalələr əhalinin maliyyə
savadlılığının artırılmasının
müxtəlif nəzəri-metodiki aspektlərinə həsr
edilmişdir.
UNEC-in bu istiqamətdə
gördüyü işlər arasında ölkədə ilk
dəfə olaraq, TED təşkilatının rəsmi
lisenziyası əsasında beynəlxalq statuslu "TEDxUNEC”
ictimai mühazirələrinə başlamasını da qeyd
etmək lazımdır. Belə ki, hər il keçirilən
"TEDxUNEC” mühazirələrində ölkənin görkəmli
alimləri, ictimai xadimləri geniş ictimaiyyət
üçün müxtəlif mövzularda
çıxışlar edir və bu maarifləndirmə
işinə öz töhfələrini verirlər. Bu il mayın 7-də "Azərbaycan. Lider. Tərəqqi” mövzusunda
keçirilmiş "TEDxUNEC” konfransı isə ümummilli
lider Heydər Əliyevə həsr edilmiş ilk TEDx
konfransı kimi tarixə düşdü.
Yeni yaratdığı
"UNEC Ekstern” vasitəsilə UNEC ölkədə iqtisadi
maarifləndirmə işinə daha böyük töhfələr
verməyə iddialıdır. Bu mərkəzdə həyata
keçiriləcək təlimlər və təhsil
proqramları vasitəsilə əhalinin daha geniş təbəqələrinin
ayrı-ayrı iqtisadi mövzularda maarifləndirməsi
mümkün olacaqdır. Artıq bu istiqamətdə
ilk təşəbbüslər reallaşmışdır,
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
ilə "UNEC Ekstern” vasitəsilə sahibkarlar üçün
silsilə onlayn təlimlər təşkil edilmişdir.
"...dünya iqtisadiyyatına
inteqrasiya olunaraq iqtisadiyyatımızı çox sürətlə
inkişaf etdirə bilərik. Belə imkanlar
mövcuddur və bizim böyük perspektivlərimiz var”.
Ümummilli liderin qarşıya
qoyduğu bu vəzifəyə uyğun olaraq, UNEC qlobal təhsil
və tədqiqat bazarına inteqrasiya etmək, yüksəkkeyfiyyətli
tədris və tədqiqatların həyata keçirildiyi
universitetə çevrilmək məqsədilə
dünyanın müxtəlif ölkələrinin nüfuzlu
universitetləri və beynəlxalq elm, təhsil təşkilatları
ilə əməkdaşlıq edir, təcrübə
mübadiləsi həyata keçirir və birgə proqramlar
reallaşdırır. Təkcə ötən il UNEC-in 81 tələbəsi,
165 müəllimi və 31 inzibati işçisi 25 ölkəni
əhatə edən müxtəlif beynəlxalq mübadilə
proqramlarında iştirak etmişdir. Hazırda UNEC müxtəlif
nüfuzlu xarici universitetlərlə birgə 4 beynəlxalq
ikili diplom proqramı həyata keçirir, Türkiyə
Respublikasının "Mevlana”, Avropa İttifaqının
"Erasmus+” və "TEMPUS”, Almaniya Federativ
Respublikasının "DAAD” kimi nüfuzlu beynəlxalq elm və
təhsil proqramlarında fəal iştirak edir, TIKA, KOICA,
Dünya Bankı, Dünya Ticarət Təşkilatı, digər
xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq
əlaqələrini genişləndirir.
UNEC həm də təhsil xidmətləri
ixrac edən ali təhsil ocağına
çevrilmişdir. Artıq bir neçə
ildir ki, universitetimiz Yunanıstanın Qərbi Makedoniya Texniki
Təhsil İnstitutu ilə birgə Yunanıstanda "Neft və
qazın idarə edilməsi və daşınması” (MOGMAT)
magistr proqramı üzrə yüksəkixtisaslı kadrlar
hazırlayır. Qeyd edilən proqram
üzrə tədris və tədqiqat fəaliyyətlərini
UNEC müəllimləri tərəfdaş universitetin müəllimləri
ilə birgə Yunanıstanda həyata keçirirlər.
Bundan başqa, UNEC ölkə xaricində
filialı olan Azərbaycan universiteti kimi bu imkanından
geniş istifadə etməyə başlamışdır.
Belə ki, Rusiya Federasiyasının (RF) Dərbənd
şəhərində yerləşən UNEC filialı RF-nin
rəsmi lizenziyası əsasında fəaliyyət göstərən
yeganə xarici universitetdir.
Müxtəlif nüfuzlu beynəlxalq
reytinq təşkilatları ilə sıx əlaqələr
qurulmuş, bu təşkilatların müəyyən etdiyi parametrlər
ətraflı şəkildə öyrənilmiş və
UNEC-in qeyd edilən parametrlər üzrə göstəricilərinin
yaxşılaşdırılması məqsədilə
müvafiq tədbirlər həyata keçirilmişdir. Heç təsadüfi
deyil ki, UNEC, "QS - Quacquarelli Symonds” təşkilatı tərəfindən
İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya
Regionunun iqtisadyönümlü 4-cü ən yaxşı
universiteti, 2018-2019-cu illərdə bu regionun ən
yaxşı 200 universitetindən biri seçilmişdir.
Dünya universitetlərinin veb populyarlığını
müəyyən edən "Webometrics” təşkilatının
2019-cu il hesabatına görə, UNEC "Google scholar”
bazasındakı istinadların sayına,
"açıqlıq” və "iştirak” göstəricilərinə
görə ölkəmizdə birincidir. Bu sahədə digər
bir təşkilat olan "UniRank”in 2019-cu il hesabatına
görə isə UNEC Azərbaycan üzrə 1-ci, Asiya regionunun
"Top-200” universiteti arasında isə 122-ci yerdədir.
Qarşıdakı illərdə UNEC
tələbələrin sayında əcnəbilərin
payını 10%-ə çatdırmağı, beynəlxalq
mübadilə proqramlarında iştirak edən tələbə,
müəllim və inzibati işçilərin sayını
davamlı artırmağı, beynəlxalq ikili diplom
proqramlarının sayını 10-a yüksəltməyi,
ingilis dilində təhsil proqramlarını davamlı
inkişaf etdirməyi və 90 yaşında dünyanın ən
yaxşı 1000, 100 yaşında isə ən yaxşı
500 universitetindən biri olmağı hədəfləyir.
"...ən əsası bizim gəncləri,
gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə
uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə
uyğun olaraq təhsilləndirin”.
İqtisadiyyat dinamik
inkişaf edən, daim yeniliklərə, innovativ texnologiyalara
açıq olan bir sahədir. Bu baxımdan iqtisadçı
kadrları yetişdirən ali təhsil
müəssisələrinin də bütün bu yeniliklərə
adekvat cavab verə biləcək çevik təhsil
proqramlarına, yüksəkkeyfiyyətli tədris prosesinə
sahib çıxması tələb olunur. Bakalavr və
magistratura səviyyəsində yeni ixtisasların
açılması, tədris prosesinin tamamilə
elektronlaşdırılması, şəffaflığın
və hesabatlılığın yüksəldilməsi, əsas
hissəsini xaricdə təhsil üzrə dövlət
proqramının məzunlarının təşkil etdiyi
çoxlu sayda gəncin elmi-pedaqoji fəaliyyətə cəlb
edilməsi, ingilis və rus dillərində təhsil
proqramlarını həyata keçirən iki yeni məktəbin
(fakültənin) yaradılması, türk dilində tədris
aparan fakültənin inkişaf etdirilməsi, Azərbaycan
dilində tədris aparan fakültələrin bazasında
keyfiyyətcə yeni meqafakültələrin
formalaşdırılması, gənc və peşəkar
kadrların tədris prosesinin idarə olunmasına cəlb
edilməsi, 24/7 kitabxananın yaradılması və yeni tədris
materiallarının formalaşdırılması hesabına tədris
prosesinin informasiya təminatının
yaxşılaşdırılması, tədris planları və
proqramlarının (sillabuslar) yeniləşdirilərək
mütərəqqi dünya təcrübəsinə
uyğunlaşdırılması və digər tədbirlər
nəticəsində UNEC iqtisadçı kadr
hazırlığını təkmilləşdirmişdir.
Startap fəaliyyətlərinin
dəstəklənməsi sahəsində də müvafiq
işlər görülür. Belə ki, 2014-cü
ildən UNEC-də fəaliyyət göstərən
İnnovativ Biznes İnkubatorun əsas məqsədi tələbələrin
biznes ideyalarının reallaşdırılmasına dəstək
vermək və onların bazara çıxış
imkanlarına kömək göstərməkdir. Bu günə qədər 20-yə yaxın tələbə
startapı UNEC İnnovativ Biznes İnkubator vasitəsilə
ideya inkubasiyasını həyata keçirmişdir.
Burada onlara risklərin dəyərləndirilməsi, maliyyə
analizi, marketinq araşdırmaları, komanda işi, təqdimat
bacarıqları və s. kimi xüsusi təlimlər təşkil
edilir. Bir çoxu Respublika müsabiqələrinin də
qalibi olan bu startaplardan "CanCarryYou”, "Boomerang”,
"ÖzünüSına”, "Misker.az” və "Yosun”
hazırda da UNEC İnnovativ Biznes İnkubatorda fəaliyyətlərini
davam etdirirlər.
Tələbələrin peşəkar
kadr kimi formalaşmasında tələbə təşkilatlarının
da böyük rolunun olduğunu nəzərə alan UNEC bu istiqamətdə də fəal iş
aparır. Belə ki, son illər UNEC-də "Tələbə-rektor”,
"İqtisadçı tələbələrə dəstək
ictimai birliyi”, "İqtisadçı tələbələrin
elmi fəaliyyətinə dəstək ictimai birliyi” və digər
yeni tələbə təşkilatları fəaliyyətə
başlamış və tələbələr tərəfindən
həyata keçirilən sosial layihələrin sayı əhəmiyyətli
dərəcədə artmışdır. UNEC tələbələri
son illər ölkədə formalaşmış
könüllülük hərəkatında da fəal
iştirak edir, ölkəmizdə həyata keçirilən
beynəlxalq əhəmiyyətli tədbirlərdə, idman
yarışlarında UNEC-in minlərlə tələbəsinin
könüllü statusunda iştirak etməsi onların
peşəkar kadr kimi yetişməsi işinə də
böyük töhfə verir.
Sevindiricidir ki, II ixtisas qrupunda
respublika üzrə prezident təqaüdçülərinin 2015-ci
ildə yalnız 4 faizi UNEC-i seçdiyi halda, bu rəqəm hər
il artaraq 2018-ci ildə 68 faizə yüksəlmişdir.
Eyni zamanda əvvəllər belə fakt qeydə alınmasa
da, son üç ildə 700 bal toplayan
abituriyentlər arasında UNEC-i seçənlərin sayı
artmışdır. Bütövlükdə, ötən il II
ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 550
nəfərin 347-si, yəni 63 faizinin seçimi məhz UNEC
olmuş və 2014-cü illə müqayisədə 3,8 dəfə
artmışdır. Nəticədə, universitet üzrə
orta keçid balı davamlı yüksələrək
2018-2019-cu tədris ilində 409 bala çatmışdır.
UNEC qarşıdakı illərdə
qəbul olan abituriyentlərin orta keçid balını 500-ə
yüksəltməyi, tədris prosesini təhsilalanlarda zəruri
bilik və bacarıqları - yetərli ixtisas bilikləri,
analitik və empirik təhlil bacarığı, tənqidi və
həll istiqamətli düşüncə tərzi, yüksək
akademik yazı qabiliyyəti, İKT-dən istifadə
bacarığı, xarici dil bacarığı, liderlik və
komandada işləmə bacarığı - tam şəkildə
formalaşdırmağa imkan verəcək səviyyədə
daim təkmilləşdirməyi, təhsil proqramlarının
beynəlxalq akreditasiyadan keçməsini təmin etməyi, tələbələrin
təqaüd imkanlarını davamlı
yaxşılaşdımağı, distant təhsil xidmətləri
göstərməyi və professor-müəllim heyətinin
peşəkarlıq səviyyəsini daim artırmağı
özünün əsas hədəfləri kimi qəbul
etmişdir.
"İqtisadiyyatı irəliyə
aparmaq üçün dünyanın mürəkkəb maliyyə
sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə
müasir, hazırlıqlı, xarici dilləri bilən,
dünya təcrübəsini mənimsəmiş gənclər
lazımdır. Bu isə sizin qarşınızda duran əsas
vəzifədir”.
MBA təhsili üzrə
müasir UNEC Biznes Məktəbi, Beynəlxalq Magistratura və
Doktorantura Mərkəzi yaradılmışdır. Son illər UNEC-də MBA təhsili
üzrə tədris planları yeniləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırılmış, əmək
bazarının tələblərindən irəli gələrək,
"biznes analitikası”, "sosial media”, "idmanın idarə
edilməsi”, "səhiyyənin idarəedilməsi”,
"turizm və otelçilik” kimi yeni ixtisas və
ixtisaslaşmalar açılmış, mübadilə və
ikili diplom proqramları həyata keçirilmişdir. UNEC
Biznes məktəbi, 2016-cı ildən ABŞ-ın Biznes Məktəblərinin
İnkişafı Assosiasiyasının (AACSB) tamhüquqlu
üzvü olmuş, İmtiyazlı
Sertifikatlaşdırılmış Mühasiblər
Assosiasiyası (ACCA) tərəfindən akreditasiya edilərək
"mühasibat uçotu” ixtisasının məzunları
F1-F9, digər ixtisasların məzunları isə F1-F4
sertifikatını əldə etmək hüququnu
qazanmışdır. UNEC Biznes Məktəbi 56-cı proqramda
ölkə üzrə payını 2014-2015-ci tədris ilindəki
43,5%-dən 2018-2019-cu tədris ilində
73%-ə yüksəltmişdir.
Magistratura və doktoranturada
elmi-tədqiqat potensialının gücləndirilməsi,
plagiatçılıqla mübarizənin genişləndirilməsi
və dissertasiyaların yerinə yetirilməsi prosesinin ölkə
iqtisadiyyatının inkişaf tələbləri ilə daha
da uzlaşdırılması istiqamətində əhəmiyyətli
işlər görülmüşdür. Bunun üçün ilk
növbədə magistratura pilləsində təhsilin yeni
standartları tətbiq edilmiş, ölkədə ilk dəfə
olaraq magistraturada ikinci tədris ili
bütövlükdə magistrların elmi-tədqiqat təcrübəsinə
və dissertasiyaları yerinə yetirməsinə
ayrılmışdır.
Doktorantura pilləsi üzrə
təhsilin yeni standartları hazırlanmaqla yanaşı,
doktorantların xarici dil biliklərinə olan tələb də
əhəmiyyətli dərəcədə yüksəldilmiş,
doktoranturaya qəbul zamanı ingilis dili üzrə qəbul və
minimum imtahanları "British Council” tərəfindən
götürülür.
Hazırda UNEC London Universiteti/London
İqtisadiyyat Məktəbinin beynəlxalq proqramına
qoşulmuş, Fransanın Montpellier Universiteti ilə,
Litvanın Mikolas və İsveçrənin UBIS Universiteti ilə
ikili diplom proqramı reallaşdırır. ABŞ-ın
Linkoln Universiteti ilə magistrlar üçün ikili diplom
proqramına sentyabr ayından start veriləcəkdir.
Hazırda UNEC-də ingilis dilində
21 təhsil proqramı fəaliyyət göstərir ki, bu da
ümummilli liderin qarşımızda qoyduğu müasir,
bacarıqlı, xarici dilləri bilən və dünya təcrübəsini
mənimsəmiş gənclərin yetişdirilməsi
baxımdan əhəmiyyətlidir.
Təhsilalanlarla
yanaşı, təhsilverənlərin də xarici dil
bacarıqlarının inkişaf etdirilməsi istiqamətində
tədbirlər həyata keçirilir. "British Council” ilə
bağlanmış müqavilə əsasında hazırda
UNEC müəllimləri üçün "Akademik
İngilis Dili Kursları” təşkil edilmişdir. Təlimlər UNEC müəllimlərinin ingilis dili
bacarıqlarını təkmilləşdirməklə
onların qlobal elm və təhsil məkanına inteqrasiya
imkanlarının daha da artırılması məqsədini
daşıyır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan
Dövlət İqtisad Universitetinin potensialını yüksək
qiymətləndirərək demişdir: "... bu gün mən
sizinlə görüşərkən, bu salona baxarkən, sizə
baxarkən fəxr edirəm. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi bizim yetişən gənc
milli kadrlarımız var. Azərbaycan elminə böyük
töhfələr vermiş və xidmətlər göstərmiş
qocaman professorlarımız var. Mən bununla fəxr edirəm.
Bu, böyük nemətdir. Gəlin,
bundan sonra bu neməti əlimizdə möhkəm saxlayaq”.
Beləliklə, ölkəmizin
inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq
nüfuzu sayəsində yaxın gələcəkdə
UNEC-in dünya universitetlərinin reytinqində ölkəmizi
daha yüksək yerlərdə təmsil edəcəyinə,
ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət
İqtisad Universiteti qarşısında qoyduğu vəzifələri
layiqincə yerinə yetirəcəyinə, sözün həqiqi
mənasında, yüksəkkeyfiyyətli tədris və tədqiqat
mərkəzinə çevriləcəyinə inanır və
Azərbaycan Dövlət İqtisad Universiteti böyük
tarixi keçmişi və mövcud potensialına arxalanaraq,
Prezident İlham Əliyevin müəyyən etdiyi təhsilin,
elmin və iqtisadiyyatın inkişaf strategiyalarının
reallaşdırılması işinə layiqli töhfələr
vermək üçün bütün səylərini səfərbər
edəcəkdir.
Ədalət
MURADOV,
Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) rektoru,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2019.- 9 may.- S.1; 9.