Heydər Əliyev və Türkiyə-Naxçıvan əlaqələri

 

Azərbaycan-Türkiyə diplomatik-siyasi əlaqələrinin öyrənilməsi hər iki xalq arasında qarşılıqlı münasibətlərin ortaq tarixi və milli-mənəvi təməllər üzərində qurulmasının zəruriliyini önə çəkir. Azərbaycanın müstəqilliyinə qovuşmasından sonrakı əlaqələrin keyfiyyət dəyişikliklərindən bəhs edərkən ilk növbədə tarixiictimai-siyasi şəraitin doğurduğu hadisələrin ümumi mənzərəsini aydınlaşdırmaq lazımdır.

Belə ki, Sovet İttifaqının dağılması, beynəlxalq səhnədə siyasi vəziyyətin və qüvvələr nisbətinin köklü şəkildə dəyişməsi yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında milli dövlət maraqlarına maksimum cavab verən çoxşaxəli, mürəkkəb xarici siyasət doktrinası formalaşdırmaq vəzifəsi meydana çıxdı. Bu əlaqələrdə Azərbaycanla buya digər dərəcədə tarixi bağlılığı, etnik, dini və mədəni ümumiliyi olan ölkələrə xüsusi yer verilməsi zəruri idi.

Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi burada ictimai-siyasi həyatı daha da canlandırdı, xalqın mübarizə əzmini möhkəmləndirdi. Qısa müddətdə milli dövlətçiliyin bərpası istiqamətində Heydər Əliyevin başçılığı altında qətiyyətli və ardıcıl addımlar atılmağa başlandı. Beynəlxalq güclərin siyasi mənafelərinin toqquşduğu məqamlarda geostrateji mövqeyinə görə ideal körpü olan Naxçıvanı problemlər məngənəsindən xilas etmək, muxtar respublikanın həyati tələbatlarını ödəmək hər şeydən əvvəl nəqliyyat və kommunikasiya sisteminin qurulmasından asılı idi.

Xalqlarımızın ən çətin günlərində muxtar respublikada vəziyyət mürəkkəb və gərgin olaraq qalırdı. Çünki yanacağı, ərzaq məhsullarının çox hissəsini Bakıdan alan Naxçıvan son dərəcə çətin vəziyyətdə qalmışdı. Ermənistan ərazisindən keçən dəmir yolu işləmədiyi üçün həmin məhsulların Naxçıvana gətirilməsi qeyri-mümkün idi. Bakı ilə əlaqə yalnız hava yolu vasitəsilə saxlanılırdı.

1991-ci il yanvarın 29-da Naxçıvanda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq haqqında protokol imzalandı. Sazişdə sərhəd çayı Araz üzərində avtomobil və dəmir yolları tikmək, sərhəddə buraxılış məntəqəsi açmaq nəzərdə tutulurdu. Böyük dövlət xadimi Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etməsi bu diyarın blokadadan qurtarmasına, onun Türkiyə Respublikası ilə beynəlxalq əlaqələrinin yaranmasına və genişlənməsinə imkan verdi. Naxçıvanın həyati tələbatını ödəmək, kommunikasiya əlaqələrini bərpa etmək üçün danışıqlar aparıldı, protokollar imzaIandı. Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi müddətdə qonşu ölkələrlə, xüsusilə Türkiyə dövləti ilə qurduğu xarici əlaqələr bölgəni fəlakətdən xilas etdi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Naxçıvan-Türkiyə münasibətlərinin qurulmasında yeni mərhələyə təkan verdi. Türkiyənin nümayəndə heyəti ilə danışıqlar aparıldı və əməkdaşlıq haqqında protokol imzalandı. 1991-ci il oktyabrın 25-də Türkiyə Respublikası Naxçıvana 1 milyard lirəlik ərzaq yardımı göndərmək qərarına gəldi. Naxçıvanla Türkiyə arasında 1991-ci ilin oktyabrında Araz çayı üzərində müvəqqəti körpünün açılışı oldu. Açılış mərasimində Ali Məclisin Sədri Heydər Əliyev, Türkiyə hökumətinin nümayəndələri iştirak etdilər. Körpü istifadəyə verildikdən sonra muxtar respublikaya edilən yardımların həcmi artdı.

1992-ci il martın 22-25-də Heydər Əliyev Türkiyə Respublikasının ovaxtkı Baş naziri Süleyman Dəmirəlin dəvəti ilə qardaş ölkədə səfərdə oldu. Heydər Əliyev Prezident Turqut Özalla görüşdü, martın 24-də Baş nazir Süleyman Dəmirəl ilə Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında 13 maddədən ibarət protokol imzalandı. Sənəddə Türkiyə Respublikası tərəfindən Naxçıvan MR-ə iqtisadiyyat, təhsil, nəqliyyat və rabitə sahəsində yardım göstərilməsi, əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulurdu. Protokolda həmçinin bank işi, turizm, informasiya sahəsində geniş əməkdaşlıq əlaqələrinin yaradılması və muxtar respublikadan olan 100 tələbənin Türkiyədə təhsil alması, muxtar respublikanın müxtəlif sahələrdə tələbatını ödəmək məqsədilə Türkiyə hökuməti Naxçıvana 100 mln. dollar məbləğində kredit ayırmağı öhdəsinə götürdü. O zaman Süleyman Dəmirəl Heydər Əliyevi Türkiyədə görməkdən məmnun olduğunu qeyd edərək demişdi: "Biz görürük ki, Naxçıvanda sabitlik var. Hörmətli Heydər Əliyev bu sabitliyi yaradandır, onun sahibidir. Naxçıvan bu sabitliyə görə ona borcludur. Naxçıvan xalqı hörmətli Heydər Əliyevi baş tacı etmişdir. Şəxsən mən bunu təqdirəlayiq böyük kimi qiymətləndirirəm”.

Heydər Əliyevin Türkiyəyə sonrakı işgüzar, rəsmi səfərləri zamanı aparılan danışıqlar, imzalanmış sənədlər Naxçıvan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələ yaratmış, muxtar respublikanın sosial-iqtisadi problemlərinin həllinə müsbət təsir göstərmişdir. Beləliklə, Naxçıvan tədricən türk dünyasına qovuşurdu.

Türkiyə Cümhuriyyəti ilə Naxçıvan arasında imzalanan Əməkdaşlıq Protokolu iki respublika arasında tarixi və mədəni əlaqələri inkişaf etdirmək sahəsində çox böyük əhəmiyyətə malik sənəd oldu.

Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətində ölkəmizin Türkiyə ilə əlaqələrinin qurulmasında və inkişafında iki şəxsiyyətin - Heydər Əliyev-Süleyman Dəmirəl münasibətlərinin böyük dostluq və qardaşlıq səviyyəsində olması da mühüm rol oynamışdı. Hətta uzun illər Heydər Əliyevin çox şirin bir tərzdə dediyi "Dostum, qardaşım Süleyman Dəmirəl” müraciəti də adamların dillərində əzbər olmaqla, həm də sevgi və güvənc duyğusu kimi səslənirdi. Ermənistanın təcavüzü ilə əlaqədar dərin narahatlıq keçirən Türkiyə rəhbərliyinin təcavüzün dayandırılmasına verdiyi əməli dəstəyin bir hissəsi də, şübhəsiz ki, bu doğmalıqdan qaynaqlanırdı. Hətta 1992-ci ilin mayında Naxçıvanın Sədərək rayonuna ermənilərin hücumu ilə əlaqədar Türkiyə hökuməti bəyanat qəbul etmiş, 1921-ci il Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvan MR-in muxtariyyətinin qarantı olduğunu dünyaya bəyan etmişdi. O zaman Heydər Əliyev Türkiyənin dövlət və hökumət rəhbərləri ilə əlaqə yaradaraq Qars müqaviləsində olan öhdəliklərin yenidən rəsmi şəkildə tanınmasına nail oldudünya ictimaiyyətinə təcavüzlə bağlı müraciət etdi. Belə fəaliyyətin nəticəsi idi ki, dünyanın 57 dövləti rəsmi şəkildə Ermənistanın Naxçıvana hərbi təcavüzünü pisləyən bəyanatlar vermişdi. Bu hadisədən iki ay sonra, 1992-ci ilin iyulunda Türkiyəyə səfər edən Heydər Əliyevin dövlət rəhbərləri və ictimaiyyətlə görüşlərində də bu məsələ diqqətdə olmuşdu. Bu səfər çərçivəsində Naxçıvanda Türkiyə konsulluğunun açılması məsələsi həllini tapmış, 7 ay sonra, 1993-cü ilin 5 fevralında konsulluq fəaliyyətə başlamışdı.

Naxçıvan Muxtar Respublikasının Türkiyənin qonşu və yaxın vilayətləri - Qars, İğdır, Ağrı, Ərzurum, Van ilə də birbaşa əlaqələrinin yaradılması Heydər Əliyevin uzaqgörən siyasətindən doğurdu. Belə bir fakt da var ki, İğdıra vilayət statusunun verilməsində (27 may 1992-ci il) Heydər Əliyevin xüsusi rolu olmuşdu. Hələ XX əsrin əvvəllərində müxtəlif səbəblərdən Türkiyəyə üz tutan soydaşlarımızın burada daha çox məskunlaşması faktı ulu öndərin diqqətindən yayınmamışdı. Heydər Əliyev Türkiyə səfərlərində bu bölgələrdə olmuş, həmin vilayətlərin nümayəndə heyətləri dəfələrlə Naxçıvana səfərlər etmiş, kömək və dəstəkləri ilə Naxçıvana üz tutmuşdular. 1992-ci ilin avqustunda Heydər Əliyevin Türkiyəyə növbəti səfərində ərzaq yardımı barədə razılaşma olmuşdu.

Türkiyə Respublikası ilə Azərbaycan Respublikası Naxçıvan MR arasında birgə inşa edilən, uzunluğu 288 metr olan Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə Azərbaycan-Türkiyə arasında əməkdaşlığın yeni dövrü başlandı. Bu körpü iki qardaş xalqın həsrətinə son qoymaqla yanaşı, iki respublika arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsi və inkişaf etməsi baxımından çox böyük əhəmiyyətə malik idi.

1992-ci il mayın 28-i Sədərək-Dilucu körpusünün açılışı ilə iki respublika arasında əlaqələr daha da inkişaf etmişiqtisadi blokada yarılmışdır. Sədərək-Dilucu körpüsünün rəsmi açılışında iştirak etmək üçün Türkiyənin Baş naziri Süleyman Dəmirəlin başçılığı ilə türkiyəli nazirlərdən, məmurlardan və ziyalılardan ibarət nümayəndə heyəti Naxçıvana gəlmişdi. Körpünün açılış mərasimində çıxış edən ümummilli lider demişdi: "Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü böyük həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilibdir”.

İki qardaş xalqın uzun illər bir-birinə qovuşmaq arzusunu gerçəkləşdirən bu körpünün açılışına Türkiyənin Baş naziri Süleyman Dəmirəl də "Bu körpü, sadəcə, Türkiyə ilə Azərbaycanı deyil, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları - hamısını bir-birinə bağlayacaqdır” deyə olduqca yüksək bir dəyər vermişdi.

Naxçıvanlıların "Həsrət körpüsü”, türklərin "Könül körpüsü” adlandırdıqları Ümid körpüsünün istifadəyə verilməsi ilə blokadanın tədricən aradan qaldırılmasına, əhalinin rifahının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına başlanmışdı. Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin 1992-ci il 9 iyul tarixli qərarı ilə bu körpü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan edildi. Qısa müddətdə İğdır-Naxçıvan elektrik xətti ilə Türkiyənin elektrik şəbəkəsinə qoşulan Naxçıvana 63 meqavat həcmində elektrik enerjisinin nəqlinə başlanıldı. Bu gün də Türkiyə-Azərbaycan və Naxçıvan əlaqələrinin səviyyəsi, türk dünyasının birlikbütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətindən danışanlar Sədərək-Dilucu körpüsünə xüsusi önəm verirlər.

1992-ci il iyunun 1-5-də Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə hökumətinin dəvəti ilə Ankara və İzmirdə olmuşdu. Türkiyənin rəsmiləri ilə görüşlərdə Naxçıvanda yaranmış gərgin vəziyyətdən danışan Heydər Əliyev demişdi ki, muxtar respublikada kəskin ərzaq və yanacaq qıtlığı yaranmışdır, cəmi 3-4 günlük yanacaq ehtiyatı qalmışdır. 24 mart 1992-ci il protokoluna əsasən ayrılacaq 100 milyon dollar kreditdən istifadə edilməsi məsələləri müzakirə edilərək 10 milyon dollarlıq ərzaq almaq üçün razılıq əldə edilmişdi.

Ulu öndər Heydər Əliyevin Türkiyəyə üçüncü rəsmi səfəri 1992-ci il avqustun 10-14-də olmuşdur. Səfər zamanı Heydər Əliyev 24 mart 1992-ci ildə imzalanmış əməkdaşlıq protokolunun həyata keçirilməsi tədbirləri haqqında Süleyman Dəmirəl və dövlət nazirləri ilə danışıqlar aparmışdır. Danışıqlardan sonra Türkiyə Respublikası tərəfındən ayrılan kreditdən istifadə olunmasına başlanılmışdır.

Naxçıvan blokadada olduğu vaxtlarda Türkiyə ilə əlaqələri əsasən qonşu dövlətin muxtar respublikaya maddi və ərzaq yardımı formasında həyata keçirilirdi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Türkiyə Respublikası ilə mədəni əlaqələri də qurulmuşdu. Heydər Əliyevin səyi nəticəsində iki tərəfin mədəniyyət kollektivlərinin qarşılıqlı qastrolları təşkil edilirdi.

1992-ci il oktyabrın 5-də Türkiyədə təhsil almağa gedən tələbələrlə görüşən Heydər Əliyev bunu Naxçıvanın həyatında mühüm hadisə adlandıraraq, naxçıvanlı gənclərə azərbaycanlı adını yüksək tutmağı, yüksək elmə, ixtisasa yiyələnməyi, türk dili ilə yanaşı, əcnəbi dilləri də öyrənməyi tövsiyə edirdi.

Heydər Əliyevin Türkiyəyə sonrakı səfərləri zamanı aparılan danışıqlar, imzalanmış sənədlər Naxçıvan-Türkiyə münasibətlərinin inkişafına təkan vermiş, muxtar respublikanın sosial-iqtisadi problemlərinin həllində əvəzsiz rol oynamışdır. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü onun yalnız Türkiyə ilə əlaqələrin qurulmasına deyil, türk dünyasının problemlərinin həllinə də xüsusi önəm verdiyini göstərir.

Zaman göstərir ki, Türkiyə-Azərbaycan əlaqələrində, türk dünyasının həmrəyliyində Naxçıvanın xüsusi yerinin olması ən yeni tariximizin önəmli faktlarındandır. 2008-ci və 2017-ci illərdə Türkiyə baş nazirlərinin Naxçıvana səfərləri, 2009-cu ildə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə iştirak üçün Naxçıvana gəlməsi qardaş ölkənin bu qədim diyara verdiyi önəmin ifadəsidir.

1991-1993-cü illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, qonşu dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlər qurulmuşdur. Uğurlu xarici siyasət Naxçıvanın tanınmasına, etibarlı tərəfdaş kimi beynəlxalq miqyasda nüfuzunun artmasına xidmət göstərmişdir. Heydər Əliyevin atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Naxçıvanın sərhədlərinin toxunulmazlığı beynəlxalq hüquqi normativ sənədlərdə öz əksini tapmışdır. Başqa sözlə, ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı, Naxçıvanın beynəlxalq aləmdə tanınması yolunda əvəzsiz tarixi xidmətləri olmuşdur.

 

Sevinc ABBASOVA,

Naxçıvan Dövlət Universitetinin

Azərbaycan tarixi kafedrasının dosenti,

tarix üzrə elmlər doktoru

 

Azərbaycan.- 2019.- 9 may.- S.15.