“Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzusunda elmi seminar keçirildi

 

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzusunda elmi-praktiki seminarlar keçirilir. Xüsusi tədbirlər planına əsasən hərbi qulluqçuların Heydər Əliyev İdeoloji Mərkəzlərinə ekskursiyaları təşkil olunur, hərbi hissələrdə konfranslar, seminarlar, tematik axşamlar keçirilir, ulu öndərin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə filmlər nümayiş etdirilir, mühazirələr oxunur.

Deputatlar Aydın Mirzəzadə, Rauf Əliyev və Elmira Axundovanın iştirakı ilə təşkil olunmuş seminarlar çərçivəsində ilk öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olunmuş, dahi öndərin büstü önünə gül dəstələri qoyulmuşdur.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirlərdə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılmışdır.

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirlərdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır. Ulu öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir.

Tədbirlərin sonunda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmiş, incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.

 

Azərbaycan.- 2019.- 9 may.- S.16.