Qayğıya ehtiyacı olanların ilk “DOST”u

 

Ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili, həmçinin vətəndaşların bu sahədə olan hüquqlarının qorunması bu gün də dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yaradılması ilə bağlı imzaladığı fərman da bu məqsədə xidmət edir.

Məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır.

"DOST” Mərkəzində xidmətlərin "bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri, eləcə də vətəndaşların bilavasitə telefoninternet vasitəsilə müraciətləri əsasında səyyar və digər üsullarla həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bu mərkəzin yaradılmasının məqsədi də həmin amala nail olmaq, vətəndaş məmnunluğunu və sosial sferada şəffaflığı təmin etməkdir.

"DOST” mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən layihədir. Agentlik mərkəzlər vasitəsilə "bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Həmin qurum tərəfindən 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 "DOST” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

Qələbə Günü - mayın 9-da Bakının Yasamal rayonunda ilk "DOST” mərkəzinin açılışı olmuşdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri açılışda dövlət başçısı qeyd etdi ki, sosial sahəyə diqqət dövlətin əsas prioritetidir. Həmin məqsədlə sosial sahəyə xüsusi önəm verilirbu istiqamətdə vaxtaşırı islahatlar keçirilir. Əsas hədəf həyata keçirilən islahatlar vasitəsilə əhalinin sosial təminatını daha da yaxşılaşdırmaqdır. Dövlət başçısı sosial sahəyə göstərilən qayğının əhəmiyyətini vurğulayaraq demişdir: "Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə, buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq”.

"DOST”-un başlıca prinsiplərindən biri əhalinin məşğulluğunu müxtəlif yollarla təmin etməsidir. Bu məqsədlə Özünüməşğulluq Proqramı vasitəsilə əhali məşğulluğa cəlb ediləcək. Artıq bir neçə ildir ki, bu istiqamətdə müəyyən işlər görülür. Əsas məsələ odur ki, insanlar sosial müavinətdən imtina edərək özünüməşğulluq proqramları vasitəsilə fərdi işlərini qurmaqla sahibkara çevrilsinlər. Ötən illərin təcrübəsi göstərir ki, bu proqramların icrası yerlərdə əhali tərəfindən rəğbətlə qarşılanır və Özünüməşğulluq Proqramından istifadə etmək istəyənlərin sayı sürətlə artır. Bunu nəzərə alaraq ölkəmiz Dünya Bankı ilə bu sahədə əməkdaşlıq etmək istəyir. Əldə olunan ilkin razılığa əsasən, cari il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramının imkanlarından istifadə edəcək.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 12 may.- S.1; 4.