Gəncədə “İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində silsilə tədbirlər

 

Gəncədəki Məshəti Mərkəzində "İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardinin foto sərgisi nümayiş etdirilib.

Bu münasibətlə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq belə festivalların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı və bildirdi ki, tolerantlıq ənənələri Azərbaycanda hələ əsrlər öncə formalaşıb. Söz yox ki, "İMAGİNE Avro” tolerantlıq festivalı da mədəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərəcəkdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi rəhbərinin birinci müavini Denis Daniilidis isə öz çıxışında diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar daim sülh və mehribanlıq içərisində yaşayıblar. Bu gün "İMAGİNE Avro” tolerantlıq festivalının Azərbaycanda keçirilməsi dünya xalqlarına bir nümunədir. Bu festival əvvəlkilərdən çox fərqlənir. Onun missiyası mədəniyyətləri görüşdürmək, yeni körpülər qurmaqdır. Tolerant ölkə olan Azərbaycanla bu cür əlaqələrin qurulması isə qürurvericidir.

Sonra sərgiyə baxış olmuşdur. Üç hissədən ibarət olan sərgidə fotoqraf Nikolas Landemardin Fransada yaşayarkən lentə aldığı siyasi liderlərin, teatr iştirakçılarının və Brüssel məhəllələrinin fotoları nümayiş olunub.

Sərgidə diqqətə çatdırılıb ki, birinci hissə "Fransa teatrında qaçqınların çıxışı” adlanır. Fotoqraf teatrda çəkilişlər apararkən həm də ustad dərsləri keçib. Bu teatrın özəlliyi ondan ibarətdir ki, burada səs yoxdur. Onlar fransız dilini bilmədikləri üçün ünsiyyətlərini əl işarələri ilə qurublar.

İkinci hissənin mövzusu "Avropa siyasətçiləri” adlanır. Fotoqraf bu ad altında Avropa Komissiyası və Parlamentindəki siyası liderlərın şəkillərini nümayiş etdirir. Belə ki, fotoqraf Brüsseldə çəkiliş apararkən Avropanın bütün nöqtələrinə toxunub.

Üçüncü hissənin mövzusu isə "Brüsseldə yerləşən Avropa məhəllələri”dir. Belçikalılar bu ərazini batmış məhəllə adlandırırlar. Orada vaxtilə köhnə binalar olub. Ancaq onlar sökülərək yerində zövqsüz müasir binaların tikintisinə başlanılıb. Yerli sakinlər bunu məhəllədə aparılan uğursuz layihə adlandırırlar. Get-gedə böyüyən belə məhəllələrə belçikalılar Brüsselizasiya adını veriblər.

Qeyd edək ki, bir neçə gün davam edən festivalda kinorejissor Andres Lübbertin "El Color del Camaleonfilminin nümayişi, Klaudio FrankoBrazilidade qrupunun konserti, habelə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş konfrans da keçirilmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 16 may.- S. 4.