Bəstəkarın xatirəsi anılıb

 

Dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ xalq artisti, akademik Qara Qarayevin anım günü münasibətilə ev-muzeyində xatirəsi anılıb.

Muzeydə bəstəkarın şəxsi əşyalarından fotoobyektlər, ailəyə məxsus olan məktublar, fotolar, parker qələmləri nümayiş olunub.

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova iştirakçılara görkəmli bəstəkarın həyatı və musiqi irsi haqqında məlumat verib. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Bəstəkarın qızı Züleyxa Qarayeva tədbir iştirakçılarını salamlayaraq muzeyin eksponatları haqda məlumat verib.

Tədbirdə əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə deyib ki, Qara Qarayev Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna rol oynamış bir sənətkardır: "Əlbəttə, Qara Qarayevin bir sıra nailiyyətləri var ki, onlar bizim üçün bir sərvətdir. Onun yaratdığı məktəb indiöz bəhrəsini verir”.

Qara Qarayevin sənəti çox rəngarəngdir və onun əsərlərini hər dəfə dinlədikcə yeni cəhətlər kəşf edilir.

Sonra bəstəkarın "Çılğın Qaskoniyalı”sından fraqmentlər səsləndirilib.

 

Azərbaycan.- 2019.-16 may.- S.9.