Gənc rəssamlara Yeni Azərbaycan Partiyasının Fəxri fərmanları təqdim olunub

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş sərgidə iştirak edən gənc rəssamların mayın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında təltif olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov gənc rəssamların sərgisinin böyük marağa səbəb olduğunu və çoxsaylı insanların, o cümlədən partiyanın üzvlərinin bu sərgini ziyarət etdiklərini bildirib. O, sərginin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Əli Əhmədov qeyd edib ki, sərgidə dünyada tanınmış rəssam Sakit Məmmədovun tələbələrinin əsərləri təqdim olunub. Bu yaxınlarda Sakit Məmmədovun rəsm əsərlərinin Böyük Britaniyanın Kral Sarayında nümayiş etdirildiyini deyən Əli Əhmədov bildirib ki, azərbaycanlı rəssam öz əsərləri ilə bütövlükdə ölkəmizin mədəniyyətini və incəsənətini, Azərbaycan həqiqətlərini dünyaya təqdim edir.

Baş nazirin müavini qeyd edib ki, dövlətimizin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb. Onların əsərləri dünya miqyasında tanınır. Bu fakt bilavasitə ölkəmizin təbliğatında da mühüm rol oynayır.

Sonra gənc rəssamlara Yeni Azərbaycan Partiyasının Fəxri fərmanları təqdim olunub.

 

Azərbaycan.- 2019.-17 may.- S.3.