Bakıda “Gənclər təşkilatları
Dayanıqlı İnkişaf Məqsədləri
naminə” mövzusunda konfrans
olub
Mayın 18-də ADA Universitetində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü ilə “Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, GTMŞ-in Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı layihənin məqsədi BMT-nin “2030-cu il İnkişaf Gündəliyi”nə və 17 Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olunması yönündə görülən işlərə töhfə vermək, gənclər təşkilatları nümayəndələrinin DİM haqqında biliklərini artırmaq, gənclər təşkilatlarının bu istiqamətdəki fəaliyyətinin planlaşdırılmasıdır.
Şuranın sədri Məryəm Məcidova konfransda çıxış edərək daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərin səfərbər olunmasının və cəmiyyətin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. M.Məcidova bu baxımdan #heçkəskənardaqalmasın həştəqi ilə sosial şəbəkələrdə geniş məlumatlandırma işinin aparıldığını vurğulayıb. Qurumun sədri deyib ki, Bakıda və regionlardakı müxtəlif gənclər təşkilatlarında, Gənclər evlərində fəaliyyət göstərən fəal və təşəbbüskar gənclər bu işə mühüm töhfə verirlər. Layihənin davamlılığının təmin edilməsi məqsədilə gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə təlimlər keçiriləcək.
BMT-nin İnkişaf Proqramının DİM üzrə eksperti Delavar Barekzai “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” mövzusunda keçirilən onlayn sorğunun nəticələrini elan edib.
Sonra “Dayanıqlı İnkişaf Məqsədlərinə sən də qoşul!” adlı videoçarxın təqdimatı olub.
Konfransda Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov gənclər təşkilatlarının qlobal layihələrdən olan Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar səylərini birləşdirməsindən məmnunluğunu ifadə edib. Baş Nazirin müavini deyib ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq, 2015-ci ildə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizlə BMT arasında əməkdaşlığın inkişafında növbəti əhəmiyyətli addımdır. Azərbaycan Hökuməti BMT-nin nümayəndəliyi ilə bu sahədə səmərəli əməkdaşlıq edir və DİM-ə nail olmaq üçün gənclərimizin potensialından istifadə edərək bu prosesə dəyərli töhfələr verir.
Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti DİM-in həyata keçirilməsində üzərinə düşən bütün vəzifələri lazımi səviyyədə yerinə yetirir. Azərbaycan əhalisinin 45 faizi 30 yaşadək olan insanlardır. Gənclərimizin qlobal layihənin həyata keçirilməsində iştirakı onların Azərbaycanın inkişafına töhfə verməkdən kənarda qalmadıqlarını göstərir. Azərbaycanın sürətli yüksəlişi, inamlı gələcəyi gənclərimizin bu proseslərə yaxından iştirakını şərtləndirir. Onların sosial-iqtisadi tərəqqidə yaxından iştirakı isə ümumi inkişafa əlavə töhfə verir.
“Dünya
əhalisinin artımı
köç problemini də aktual edir. Azərbaycan da bu problemdən əziyyət
çəkir. Çünki əhalimizin 1 milyondan çoxu Ermənistanın
hərbi təcavüzü
nəticəsində öz
ölkəsində qaçqın
və məcburi köçkün vəziyyətinə
düşüb. Bu problemlərin
həlli bəşəriyyətin,
dövlətlərin qarşısında
duran vacib vəzifələrdir”, - deyə
Əli Əhmədov vurğulayıb.
Konfransda Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı
İnkişaf Məqsədlərindən
biri də gender bərabərliyidir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanda qadınların cəmiyyətdə
xüsusi yer tutması, dövlətin inkişafında yaxından
iştirakı diqqət
mərkəzində saxlanılır.
Çünki əhalimizin yarısını
qadınlar təşkil
edir. Əsas məqsədlərdən biri qadınların rəhbər vəzifəyə
seçilməsinə inamı
artırmaqdır. Azərbaycanda təhsil, mədəniyyət
və səhiyyə sahəsində çalışanların
çoxu qadınlardır.
Beynəlxalq təşkilatların
araşdırmalarına görə,
Azərbaycanda gender bərabərliyinin
təmin olunmasında
ciddi irəliləyişlər
əldə edilib. Bu o deməkdir ki,
Azərbaycan cəmiyyəti
gender bərabərliyi anlayışını
çox yaxşı dərk edir. Bu istiqamətdə maarifləndirmə işi
daha da gücləndirilməlidir.
Gənclər və idman nazirinin
müavini İntiqam Babayev qeyd edib
ki, son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət Proqramlarında DİM də
əksini tapıb. Biz bu hədəflərə nail olmağa
çalışırıq. Bu illər ərzində
ölkəmizdə DİM-in təbliği istiqamətində
əhəmiyyətli işlər
görülüb.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və başqaları çıxış edərək DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərmək üçün ciddi çağırış olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə gənclərimiz keyfiyyətli təhsil, ekoloji, sosial layihələr və digər məqsədlər üzərində çalışırlar. Bu sahədə gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Konfrans üç moduldan ibarət olub. Birinci hissə Dayanıqlı İnkişaf Məqsədləri haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9 min gəncin qatıldığı sorğunun nəticələrinin təqdimatına həsr edilib. BMT-nin “2030-cu il İnkişaf Gündəliyi”nin həyata keçirilməsinə gənclərin daha çox cəlb edilməsi üçün atılan addımlardan ibarət olan bu hissə yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, layiqli əmək və iqtisadi artım məqsədlərini əhatə edib. İkinci hissədə DİM-ə çatmaq üçün gənclər təşkilatlarının fəaliyyət planlaması, üçüncü hissədə isə yerli və beynəlxalq təlimçilər və spikerlərin, mütəxəssislərin çıxışı təşkil edilib.
Sonda
Dayanıqlı İnkişaf Məqsədlərinin
milliləşdirilməsi haqqında təqdimat olub.
Azərbaycan.-
2019.-19 may.- S. 3.