Alimpedaqoq

 

Elm xadimləri

 

O, təbiətin ən gözəl çağında - yaz fəslində dünyaya göz açıb. Ömrünü ləyaqətlə, şərəflə yaşayıb. İndi geridə qalan 80 illik ömür yoluna boylananda "Qürur hissi keçirməyə dəyər”, - deyir Musa müəllim.Tarix elmləri doktoru, professor, əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Nizam oğlu Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində dünyaya göz açıb. Keçdiyi çətin həyat yolu şəxsiyyət kimi formalaşmasına öz təsirini göstərib.

Orta məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirib əvvəlcə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) İqtisadiyyat fakültəsində oxuyub.

Yüksək göstəricilərlə təhsilini başa vurub, bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində (indi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi) elmi işçi kimi fəaliyyətə başlayıb, direktor müavini pilləsinə qədər yüksəlib. Muzeydə işləyərkən ADU-da tələbələrə tarix fənnini tədris edib. 1991-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. 1999-cu ildə aspirantura-dissertantura şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 15 il bu işdə çalışan Musa Quluzadə gənc alimlərin yetişməsinə xüsusi səy göstərib.

Musa müəllim çoxşaxəli fəaliyyəti olan ziyalılardandır. Elmi işlə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur. Ötən əsrin 80-ci illərində uşaqlar üçün yazdığı kiçik hekayələrlə ədəbiyyata gələn Musa Quluzadə elə həmin dövrdə ədəbi mühitin tanınmış nümayəndələrinin diqqətini cəlb edir. Onlar bu vətənpərvər, geniş ürəyə malik gəncin istedadına inanırlar. M.Quluzadə qələm əhlinin etimadını doğruldur. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının (indi Azərbaycan Yazıçılar Birliyi) üzvü olan Musa müəllim 15-dən çox bədii kitabın müəllifidir. Onun əsərlərinin ana xəttini Vətənə, ana yurda, adət-ənənələrə bağlılıq, təbiətə məhəbbət, incə, munis duyğulara sədaqət hissləri təşkil edir. Yazıçının gənclərin həyatından bəhs edən pyesləri teatrlarda oynanılmış, televiziyaradioda səsləndirilmişdir. Bundan başqa, onun mənsur şeir və esseləri dövrü mətbuatda müntəzəm çap olunur.

1991-ci ildə Şeyxülislam Allahşükür Paşazadə haqqında yazdığı sənədli povest geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. 50 min tirajla çap olunan bu povest "Qızıl qələm” mükafatına layiq görülür. Sənədli povest artıq dünyanın bütün müsəlman ölkələrində də yayılmışdır.

Musa müəllim Qarabağ hadisələri ilə bağlı bir çox povest və hekayənin müəllifidir. Onların çoxu dəfələrlə radioda da səsləndirilmişdir.

Musa Quluzadə vətənpərvər ziyalıdır. 1993-cü il hadisələrində separatçılara qarşı mübarizə aparanların ön sıralarında olmuşdur. O vaxt mərkəzi qəzetlərdə dərc etdirdiyi "Biz daha sıx birləşməliyik”, "Vətən bölünməzdir”, "İndi hansı yana əyilməliyik” və başqa məqalələri, televiziyada, yerlərdə vətənpərvər ruhlu çıxışları cəmiyyətdə böyük əks-səda yaradırdı.

Azərbaycanda "Dövlət və dinmövzusunda ilk doktorluq işi yazan Musa Quluzadənin bu sahədə 4 monoqrafiyası, 3 broşürası, 100-dən çox məqaləsi ölkəmizdə və xaricdə dərc olunmuşdur.

Yüksək mənəvi, əxlaqi, intellektual səviyyəyə malik ziyalıların əməlləri, elmi-bədii yaradıcılıqları müasirləri üçün həmişə örnək olur. Musa müəllim də ətrafındakılara nümunə ola biləcək belə şərəfli ömür sahibidir. O, sözünü deməyi bacaran ziyalılarımızdandır.

Nəsrəddin Tusi nəzəriyyələrinə görə, elm adamlarında iki növ kamillik - elmi və əməli kamillik olur. Unutmaq olmaz ki, "elm əməlsiz məhv olar, əməl isə elmsiz mümkün deyildir. Deməli, elm səbəb, əməl nəticədir”. Və təbii ki, elmi və əməli kamillik bir-biri ilə vəhdət təşkil edəndə tam bir ziyalı, əsl vətəndaş obrazı formalaşır. Musa Quluzadə məhz belə ziyalılarımızdandır. Daim sözünü mərdliklə, cəsarətlə ifadə edən alim Qarabağ hadisələri başlanan ilk gündən təqiblərə, təzyiqlərə məruz qalsa da, ağa qara demədi. 1989-1991-ci illərdə dövlət radiosunda aparıcısı olduğu "Qan yaddaşı” verilişində xalqımızın başına gətirilən müsibətləri, tarixi həqiqətləri, erməni həyasızlığını efir vasitəsilə dünya ictimaiyyətinə bəyan etməyə çalışdı. "Qan yaddaşına” qulaq asanlar bilirlər ki, Musa müəllim hələ o vaxt ulu öndər Heydər Əliyevin vətənə qayıdışının zəruriliyini hər verilişdə səsləndirirdi.

80 illik yubileyini qeyd etdiyimiz dəyərli elm adamı Musa Quluzadənin sözü ilə əməli daim vəhdət təşkil edib. Musa müəllim uzun illər "Ziyalılar cəmiyyəti”ndə sədr müavini vəzifəsində çalışıb, elmi, siyasi çıxışları, məruzələri həmişə maraqla qarşılanıb. Bu gün də ziyalılar cərgəsində Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini davam etdirir.

Qırx ildən artıq ali məktəb auditoriyalarında tələbələr qarşısında mühazirələr oxuyan Musa Quluzadə dəyərli alim kimi iki yüzdən çox elmi məqalənin müəllifidir. Əslində, ali məktəbdə işləmək də, tələbələrə dərs demək də mümkündür. Ancaq önəmli olan bu dərsin kim tərəfindən tədris edilməsidir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan tarixi”, "Azərbaycanın diplomatiya tarixi” və "Azərbaycanın dövlətçilik tarixi” fənlərini tədris edir. Ölkəmizdə ilk dəfə olaraq "Azərbaycanın dövlətçilik tarixi” dərsliyi də Musa müəllim tərəfindən yazılmışdır. Onu da deyək ki, bu kitab Cənubi Azərbaycanda böyük əks-səda doğurmuşdur.

Onun "Bu da bir ömürdür” kitabında povestləri, hekayələri, mənsur şeirləri, pyesləri toplanmışdır. Kitabda ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Kəhkəşanda parlaq ulduz” sənədli hekayəsi də verilmişdir. Kitab Azərbaycan Yazıçılar Birliyinin və Heydər Əliyev adına fondun 2004-cü ildə elan etdiyi müsabiqədə 348 əsər içərisində birinci mükafata layiq görülmüşdür.

M.Quluzadə səmimi, xeyirxah insan, gözəl ailə başçısıdır. Deyirlər ki, ot kökü üstündə bitər. Musa müəllimin övladları bu mənada, öz valideynlərinin davamçılarıdır. M.Quluzadə ocağında üç övlad boya-başa çatıb. İki qızı BDU-nun filologiya, oğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluğu fakültəsini bitirib. Tanınmış rejissorun - əməkdar incəsənət xadimi Elçin Musaoğlunun "40-cı qapı”, "Nabat” filmləri dünyanı dolaşır, ölkəmizə onlarca mükafat gətirmişdir.

2014-cü ildə Musa müəllimin əsəri əsasında oğlu Elçin Musaoğlu tərəfindən tammetrajlı bədii film çəkilmişdir. Yubileyi ərəfəsində Musa müəllimə belə bir sualla müraciət etdim: "Özündən, tale yolundan razısanmı?” O, çox mənalı tərzdə: "Mən həyatda daim alnıaçıq yaşamışam və taleyimdən razıyam”, - cavabını verdi.

Bu, adi söz deyil. Bu, ömrünün müdriklik çağını yaşayan bir ziyalının etirafıdır.

Musa müəllim 50 ilə yaxındır ki, ali məktəblərdə səmərəli pedaqoji fəaliyyət göstərir. Uğurlu fəaliyyətinə görə 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Musa Quluzadəyə əməkdar müəllim fəxri adı verilmişdir. Müəllim üçün bundan böyük şan-şöhrət ola bilməz. Musa Quluzadənin hələ arzuları, xoş niyyəti çoxdur. Onları həyata keçirmək üçün çalışır, yorulmadan işləyir.

 

Elman NƏSİROV,

Milli Məclisin deputatı,

siyasi elmlər doktoru, professor

 

Azərbaycan.- 2019.-19 may.- S.7.