Azərbaycanda ətraf mühitin mühafizəsi dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir

 

 23 may ekoloqların peşə bayramıdır

 

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaqatmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.

Demoqrafik artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün olmayacaq təbii ehtiyatların tükənməyə başlaması kimi rahatsızlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.

Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin - davamlı inkişafın formalaşdırılması hesabına ola bilər.

Hər bir ölkənin özünəməxsus ətraf mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.

Ərazisinin 12 faizi meşə örtüyündən ibarət olan, 10,3 faizi isə xüsusi mühafizə olunan (ölkəmizdə 10 milli park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı var) Azərbaycan son illər sosialiqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər qazanmışdır və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, o cümlədən ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn tədbirlər Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək üçün təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaqenerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkəmizin ekoloji siyasətinin əsas istiqamətləridir. Azərbaycanın ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi iqtisadiinsan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

Azərbaycanda hələ 2003-cü ildə ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli Proqram qəbul edilmişdir. Minilliyin inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil olunmuşdur.

Müasir dövrdə enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti rahatsız edən əsas problemlərdəndir. Problemlərin həlli istiqamətində alimlər və mütəxəssislər tərəfindən müxtəlif fikirlər yürüdülür ki, onlardan da bu gün üçün ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir.

Bütün dövlətlər özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, biokütlə, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ enerji mənbələrinin potensial imkanları sonsuzdur və onların ekoloji səmərəliliyi heç kəsdə şübhə doğurmur.

Ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. "Yaşıl iqtisadiyyata sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.

Azərbaycan qlobal iqlim dəyişmələrini bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri hesab edirbu problemin qarşısının alınmasına yönələn birgə səyləri daim dəstəkləyir.

 

Azərbaycan.- 2019.- 23 may.- S.6.