İlk dəfə

 

UEFA İcraiyyə Komitəsi Bakıda toplaşır

 

Dünyanın idman paytaxtlarından birinə çevrilən Bakı bir neçə gündən sonra Avropanın nüfuzlu klub turnirləri olan UEFA Avropa Liqasının finalına evsahibliyi edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici matçda İngiltərənin "Çelsi” və "Arsenal” komandaları üz-üzə gələcəklər. Bir sözlə, Bakıda London derbisi oynanılacaq, paytaxtımızda əsl futbol festivalı yaşanacaq.

Azərbaycanın belə bir yüksək səviyyəli turnirin finalını keçirmək hüququnu əldə etməsi Avropa futbol ictimaiyyətinin ölkəmizə etimadından irəli gəlir. Bu cür mötəbər final qarşılaşmasına evsahibliyi etmənin nailiyyətlərində də məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

UEFA mayın 29-da Bakıda keçiriləcək İcraiyyə Komitəsi iclasının gündəliyini açıqlayıb. Paytaxtımızda tarixdə ilk dəfə olaraq keçiriləcək iclasda 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi məsələsi müzakirə ediləcək. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi də gündəliyin əsas müzakirə mövzularından biridir. Tədbirin gündəliyində futzal üzrə UEFA Avropa çempionatı 2020-2022-ci illər, 2019-2020-ci illər UEFA Avropa U-17 və U-19 çempionatları, 2019-2020-ci illər UEFA Avropa qadınlararası U-17 və U-19 çempionatları, UEFA İntizam qaydaları (2019-cu il buraxılışı), UEFA Təhlükəsizlik qaydaları (2019-cu il buraxılışı) və UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019-cu il buraxılışı) məsələləri də yer alıb. Eyni zamanda, turnirlərin əsasnamələri - oyun qaydalarına adaptasiya, UEFA Avropa gənclər çempionatlarının formatı, Reynhart Qrindelin UEFA-nın vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması və UEFA Grassroots mükafatı - 2019-da təsdiqini tapacaq.

Xatırladaq ki, UEFA-nın İcraiyyə Komitəsinin Bakıdan əvvəlki iclası və konqresi bu ilin fevral ayında İtaliyanın paytaxtı Romada keçirilmişdi. Avropa futbol təşkilatına 2016-cı ildən rəhbərlik edən sloveniyalı Aleksander Çeferinin UEFA-nın yeni prezidenti kimi seçildiyi konqresdə klub turnirlərinin və yığma komandaların 2019-2020-ci illər üçün yarışlarının reqlamentləri də təsdiq edilmişdi. Onların arasında Çempionlar Liqası, Avropa Liqası və UEFA superkuboku da var.

Gənclər arasında 2019-2021-ci illər Avropa çempionatının final turnirinin formatının da təsdiq olunduğu iclasda UEFA və Avropa Klubları Assosiasiyası arasında qarşılıqlı anlaşmaya dair Memorandum da imzalanmışdı.

Tədbirdə eyni zamanda UEFA İcraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşmişdi. Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko, Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker, Macarıstan Futbol Federasiyasının rəhbəri Şandor Çanyi, Albaniya Futbol Assosiasiyasının prezidenti Armand Duka, Danimarka Futbol Federasiyanın rəhbəri Yesper Meller-Kristensen, İspaniya Futbol Federasiyasının prezidenti Luis RubialesPortuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun İcraiyyə Komitəsinə daxil olmuşdular. Üzvlüyə qadın namizəd kimi fransalı Arduen Florans seçilmişdi.

Göründüyü kimi, Azərbaycan da UEFA-nın etimadını tamamilə doğruldub. Final qarşılaşmasını tələb olunan səviyyədə keçirmək üçün yerli təşkilat komitəsi nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra edib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib.

Bununla da Azərbaycan növbəti dəfə sübut edir ki, mötəbər turnirləri, o cümlədən gələn il keçiriləcək Avropa çempionatını da yüksək səviyyədə təşkil etmək qabiliyyətinə malikdir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 24 may.- S.1; 5.