Tarixin ən qüdrətli Azərbaycanı

 

 

Prezident İlham Əliyev: "Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”

 

Bu gün müsəlman Şərqində ilk demokratikparlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ili tamam olur. 1918-ci il may ayının 28-də cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.

Birinci Dünya müharibəsinin sona çatması, Rusiyada Oktyabr inqilabı və çarizmin süqutundan yaranmış gərgin vəziyyət, Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Xüsusilə qeyd olunmalıdır ki, belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynamışdır. Müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb yanan, məqalələrində, ictimaisiyasi fəaliyyətlərində bu hisslərini fəxarətlə qeyd edən vətənpərvər insanların yorulmaz səyləri nəticəsində müstəqilliyə aparan yollardakı maneələr dəf edildi. Məhz o insanların müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi və 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi.

Qarşısına müstəqil, azaddemokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumətimiz cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Xüsusən Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşatmışdır. Xüsusən ümummilli lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Bu dövrdə xalqımızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksəliş, sürətli inkişaf milli dövlətçilik ideallarının bərpası və gələcək müstəqillik baxımından əhəmiyyəti misilsiz idi. Elə üçrəngli bayrağımızın da Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet hakimiyyətinin mövcud olduğu 1990-cı ilin noyabrında Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərarın qəbul edilməsi ulu öndərin müstəqillik ideallarına nə qədər bağlı olduğunu göstərdi.

Oktyabrın 18-də dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. O dövrü şərh edən ulu öndər Heydər Əliyev demişdir: "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları Dövlət himnini, xalq cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir”.

Fəqət, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, səriştəsizliyi az qala bu müstəqilliyin də əldən getməsinə gətirib çıxaracaqdı. Yalnız ulu öndərin sayəsində belə bir vəziyyətdə müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyev bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu.

Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi. Prezident İlham Əliyev isə öz uğurlu siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir, sarsılmaz edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki kimi qüdrətli olmamışdır. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya birliyində söz sahibi kimi qəbul olunması məhz müstəqilliyimizin və müstəqil siyasətin bəhrəsidir.

Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm uğurların fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi və digər qlobal məsələlərdə öz sözünü deməsi və s. bu kimi digər məsələlərdir. Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın daha güclü rifahına aparır.

Prezident İlham Əliyevin ötən 16 illik fəaliyyətində diqqətçəkən məqamlardan biri dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Bu sırada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir. Bakıda cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində ucaldılan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.

Prezident İlham Əliyevin 2017-ci il may ayının 16-da imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən xalq cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edildi. Nazirlər Kabinetinin 2018-ci il yanvarın 10-da keçirilən iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ilielan etdimüvafiq sərəncam imzaladı. Hər kəs bu sərəncamı ölkə rəhbərinin milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirdi və təşəkkürünü ifadə etdi.

Müstəqil siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqilliyimiz isə əbədidir. Bu azadlığı və hürriyyəti heç bir qüvvə xalqımızdan ala bilməz.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 28 may.- S.1; 3.