Azərbaycan və futbol qalib gəldi

 

Mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və ailə üzvlərinin də Bakı Olimpiya Stadionunda baxdığı Londonun "Çelsi” və "Arsenal” klubları arasında UEFA Avropa Liqasının 48-ci finalı "Çelsinin 4:1 hesablı qələbəsi ilə başa çatdı. Səbirsizliklə gözlənilən matç əsl futbol bayramına çevrildi.

Möhtəşəm açılış mərasimi və gərgin mübarizə ilə yadda qalan final oyunu bitdikdən sonra bir neçə rekord və maraqlı nəticələr əldə olunub. Belə ki, son beş ildə dördüncü dəfə finalda bir oyunçu iki dəfə fərqlənib; ardıcıl olaraq dördüncü finaldır ki, fransız futbolçusu qol vurur; Oliviye Jiru Bakıda vurduğu 11-ci qolla Avropa Liqasının bombardiri oldu; "Çelsibu kuboku bir dəfədən çox qazanmış 13-cü klub kimi tarixə düşdü; 60 yaşlı baş məşqçi Mauritsio Sarri Avropa Liqasının kubokunu qazanmış ən yaşlı məşqçidir; 140 kubok oyunu keçirmiş (ümumilikdə 851 oyun) və bunların 59-da qol buraxmamış "Arsenal”ın qapıçısı Petr Çex futbolçu karyerasını başa vurdu.

Digər maraqlı məqam ondan ibarətdir ki, 68 min 700 nəfər tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu UEFA Avropa Liqasının 20 illik rekordunu yeniləyib. Oyuna stadionda tamaşa edən azarkeşlərin sayına görə (51 min 370 nəfər) isə bu, Avropada son 10 ildə üçüncü nəticədir. Bundan əlavə, ilk dəfə VAR (videonəzarət) sistemindən istifadəyə, oyun əlavə vaxta keçəcəyi təqdirdə dördüncü əvəzetməyə icazə verilirdi. İtaliyalı arbitr Canluka Rokkinin yüksək səviyyədə idarə etdiyi final qarşılaşmasının ən yaxşı futbolçusu görüşdə iki qol vurmuş Eden Hazard oldu.

Xatırladaq ki, iki il öncə UEFA İcraiyyə Komitəsi Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar qəbul etmişdir. Mötəbər yarışın kubok səyahətinə martın 9-da İsveçrənin Cenevrə şəhərində start verilmişdi. Sonralar İspaniyanın Sevilya, Almaniyanın paytaxtı Berlin, İngiltərənin paytaxtı London, İtaliyanın Milan, Rusiyanın paytaxtı Moskva və Fransanın paytaxtı Parisdə, mayın 19-da Gəncədə, mayın 21-də isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində nümayiş etdirilmişdir.

Paytaxt sakinləri və şəhərə gəlmiş on minlərlə əcnəbi turist üçün müxtəlif əyləncə zonaları yaradılmış, yaxın keçmişin ulduz futbolçuları ilə görüşlər təşkil edilmişdir. Silsilə tədbirlər çərçivəsində Dənizkənarı Bulvarda təşkil olunmuş azarkeş festivalında İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo, İngiltərə milli komandasının keçmiş hücumçusu Maykl Ouen avtoqraf paylamışlar.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində hazırda ölkəmiz dünyada idman ölkəsi kimi də tanınır. Son illər ölkəmiz bir çox mötəbər turnirlərə evsahibliyi edib. Bunlara misal kimi 17 yaşadək qadın futbolçular arasında dünya çempionatı, UEFA futzal kuboku, 17 yaşadək futbolçular arasında Avropa çempionatının final turniri, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışlarını göstərmək olar.

UEFA Avropa Liqasının final oyununun böyük uğurla keçirilməsi bir daha Azərbaycanın iri beynəlxalq tədbirlərin, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Təsadüfi deyil ki, hazırda əksər ölkələrin KİV-i bu matçın təşkili ilə bağlı növbəti dəfə heyranlıqlarını ifadə edirlər. Məsələn, Rusiyanın news.ru portalı yazır: "Heç bir mübaliğə olmadan deməliyik ki, Bakıda keçirilmiş Avropa Liqasının final oyunu yüz faiz alındı və futbol tarixinə növbəti parlaq səhifə kimi daxil oldu”.

Belə sitatlardan çox gətirmək olar. Görüşdən bir neçə saat əvvəl UEFA-nın prezidenti Aleksander Çeferinin dedikləri maraqlıdır: "Dünyanın hər yerindən olan futbol azarkeşlərini həyəcanlandıracaq bu hadisə üçün Azərbaycanı onun gözəl paytaxtını ziyarət etmək bizim üçün şərəfdir”.

Eyni zamanda UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə s. malik ölkədir. Hər hansı bir problemin baş verməməsi matçın yüksək səviyyədə təşkil olunduğunu aydın şəkildə nümayiş etdirdi.

Düzdür, hər dəfə ölkəmizdə mötəbər yarışların keçirilməsi ərəfəsində antiazərbaycançı qüvvələr baş qaldırır, qarayaxma böhtan kampaniyasını işə salırlar. Lakin hər dəfə bədxahların cəhdləri boşa çıxsa da, onlar öz isterik haray-həşirlərindən əl çəkmirlər. Bu dəfə belə oldu. Gah Azərbaycanda əcnəbilər üçün hansısa təhlükənin mövcudluğu, gah hotellərin aviabiletlərin bahalığı kimi bəhanələr gətirilirdi. Sonra isə erməni kartı ortaya atıldı. "Arsenal”ın oyunçusu Henrix Mxitaryan onun havadarları idmanı siyasiləşdirməyə başladılar. Azərbaycan hökumətinin onun təhlükəsizliyinə dəfələrlə təminat verməsinə baxmayaraq, Mxitaryan guya həyatı üçün qorxduğundan komandasına qoşulmadı Bakıya gəlməkdən boyun qaçırdı. Onun bu məntiqsiz addımı sağlam düşüncəli insanlar tərəfindən qınandı. Məşhur futbolçular, veteran idmançılar bu hərəkətin yolverilməz olduğunu bildirdilər. Hətta bu günlərdə Bakıda keçirilmiş aerobika üzrə Avropa çempionatının rusiyalı erməni əsilli iştirakçıları Qarsevan Duxik Canazyan Bakıda gözəl idman ab-havasının olduğunu, Milli Gimnastika Arenasında azarkeşlərin bütün idmançılara güclü dəstək verdiyini etiraf etdilər Mxitaryanın hərəkətlərinə münasibət bildirdilər: "Düşünürük ki, idmanla siyasəti qarışdırmaq düzgün deyil. Biz onun yerinə olsaydıq, komandamızı dəstəkləmək üçün yanında olardıq”.

Bəlkə , matç ərəfəsində "Arsenal”da Mxitaryan hoqqabazlığı baş verməsəydi, komanda oyuna daha yaxşı köklənər, acı məğlubiyyətə uğramazdı. İngiltərənin "Mançester Yunayted”, "Everton” və "Mançester Siti” klublarının sabiq oyunçusu Andrey Kançelskis isə qorxaq erməni futbolçusuna öyüd-nəsihət, həm də məsləhət verib: "Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get, oyna. Bu, nə cəfəngiyyatdır?.. Bu, nə sirkdir? Futbol futboldur, siyasət deyil. Get, oyna, göstər ki, heç kimdən qorxmursan... Sənə heç kim toxunmayacaq. Əgər belə qorxursansa, özünə pampers al... Avropa Liqasını uduzsalar, onda günahkar Mxitaryan olacaq. Çünki o, Bakıya getmədi, komandasına kömək etmədi”.

UEFA Avropa Liqası final oyununun yüksək səviyyədə keçirilməsi xaricdəki antiazərbaycançı qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt-üst etdi, başladıqları qarayaxma kampaniyası uğursuzluğa düçar olub heç bir effekt vermədi. Bu dəfə də Azərbaycan və idman qalib gəldi!

Başqa bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycan UEFA Avropa Liqası final oyununu tələb olunan səviyyədə keçirməklə bir daha sübut etdi ki, gələcəkdə hər hansı beynəlxalq idman tədbirini, o cümlədən 2020-ci ildə Avropa futbol çempionatının dörd matçını da yüksək səviyyədə təşkil etmək bacarığına malikdir.

 

Rizvan HİLALOĞLU

 

Azərbaycan.- 2019.- 31 may.- S.1; 5.