Mingəçevirdə mədəni xidmətin səviyyəsi yüksəkdir

 

Dövlətin qayğısından, yurdsevər sakinlərinin qurub-yaratmaq həvəsindən güc alan Mingəçevir sürətlə dəyişib yeniləşir, hər gələn qonağı heyran qoyan gözəl, füsunkar bir diyara çevrilir. Zümrüd libaslı parkxiyabanlar, abad küçə və prospektlər, yaraşıqlı binalar göz oxşayır. Ölkənin iri sənaye şəhərlərindən olan Mingəçevirdə əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi şəhərin sosial-iqtisadi inkişafının mühüm tərkib hissəsi kimi diqqət çəkir.

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər nümayəndəliyi son illərdəki səmərəli fəaliyyəti ilə şəhər ictimaiyyətinin böyük rəğbətini qazanmışdır. Əlamətdar tarixi günlərdə, bayramlarda nümayəndəliyin təşəbbüsü və təşkilatçılığı ilə hazırlanıb həyata keçirilən mədəni-kütləvi tədbirlər öz ədəbi-bədii səviyyəsi, dəyərli ideya yükü ilə təqdir olunur. Yüksək peşəkarlıqla hazırlanıb yaradıcılıqla təqdim olunan tədbirlərin mayasında dövlətçilik ənənələrinə sədaqət, milli-mənəvi dəyərlərə verilən böyük önəm dayanır. Xalqa, vətənə sonsuz məhəbbət hissinin, hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği Mingəçevir şəhər Mədəniyyət nümayəndəliyinin əsas fəaliyyət istiqamətidir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə keçirilən yubiley tədbirləri, görkəmli elm xadimlərinə, sənət adamlarına həsr olunmuş seminar-müsavirələr, kitab müzakirələri, "dəyirmi masalar, sərgilər şəhər sakinlərində xoş ovqat yaradır, fəal vətəndaş mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il "İmadəddin Nəsimi ilielan olunmuşdur. Bununla əlaqədar Mingəçevir şəhər Mədəniyyət nümayəndəliyinin bütün müəssisələrində "İmadəddin Nəsimi 650”, "Böyük ideallar şairi”, "Haqq mənəm, haqq məndədir”, "Məndə sığar iki cahan”, "Mən bir gizli xəzinəyəm”, "2019-cu il İmadəddin Nəsimi ilidir” və s. mövzularda maraqlı və rəngarəng tədbirlər keçirilmişdir.

Nur şəhərinin mədəniyyət nümayəndəliyi öz fəaliyyətində hərbi hissələrlə əlaqəyə, Milli Ordunun əsgərləri ilə səmimi ünsiyyətə böyük önəm verir. El bayramlarında, əlamətdar tarixi günlərdə maraqlı konsert proqramları ilə əsgər və zabitlərə qonaq olmaq artıq pozulmaz ənənəyə çevrilmişdir. Şəhərin kitabxanalarında təşkil olunan vətənpərvərlik mövzusunda kitab sərgilərini, klub və mədəniyyət evlərində keçirilən "Əgər vətən çağırsa”, "Azərbaycan Respublikasının Milli Qəhrəmanları”, "Milli Qəhrəmanlarımızı unutmayaq”, "Qəlbimizdə yaşayanlar”, "Gənclərdə vətənpərvərlik hissinin və fəal vətəndaş mövqeyinin yüksəldilməsi” mövzularında mühazirələri, foto sərgiləri, ədəbi-bədii gecələri, "dəyirmi masa”ları şəhər sakinləri məmnunluqla qarşılayırlar.

"100 illik tariximizdevizi altında "Bölgələrdən-bölgələrə” festivalının Mingəçevir təqdimatı öz zəngin təəssüratları ilə mədəniyyətsevərlərin yaddaşında şirin xatirəyə çevrilmişdir. Festivalda Mədəniyyət Nazirliyinin bütün regional mədəniyyət idarələrinin hər birinin ekspozisiya çadırları qurulmuş, regionlar üzrə şəhər və rayonların mədəni irsini özündə əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilmiş, maraqlı konsert proqramı təqdim olunmuşdur.

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər nümayəndəliyinin uğurları kifayət qədər çoxqürurvericidir. Respublikanın mədəni həyatında elə bir müsabiqə, festival, yarış olmur ki, mingəçevirli mədəniyyət işçiləri öz nümunəvi iştirakları ilə orada fərqlənməsinlər, təltif olunmasınlar. Azərbaycan Rəqs Assosiasiyasının respublika Gənclər İttifaqı ilə birlikdə Bərdə şəhərində təşkil etdiyi "1-ci Qarabağ rəqs kuboku” müsabiqə-festivalında Mingəçevir şəhəri şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin xoreoqrafiya şöbəsinin "Fidanlar” rəqs kollektivi iki nominasiya üzrə birinci yerə layiq görülmüş, "Qarabağkuboku ilə təltif olunmuşdur.

Qəbələ rayonunda keçirilən Qəbələ beynəlxalq mürəbbə festivalında Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər nümayəndəliyi hamını arxada qoyaraq birinci yerə layiq görülmüş, qızıl medal, kubokdiplomla təltif olunmuşdur.

Bu ilin yayında Bakı şəhərində keçirilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin qalibləri arasında Mingəçevirin yetirmələri də vardır. Soltan Hacıbəyovun 100, İsmayıl Hacıbəyovun 70 illiyi ilə əlaqədar Bakı şəhərində keçirilən Gənc musiqiçilərin respublika festivalında mingəçevirli istedadlar uğurla çıxış etmişlər. Keçən il qardaş Türkiyənin Çanaqqala şəhərində I Beynəlxalq Troya Uşaq Xalq Rəqsləri festivalında çıxış edən Mingəçevir şəhər Uşaq incəsənət məktəbinin "Banu” rəqs kollektivinin təqdimatı tamaşaçıları heyran etmişdir. Festivalın təşkilat komitəsi "Banunu diplom və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Mingəçevir şəhər Mədəniyyət nümayəndəliyinin rəhbəri Şəlalə Sadəddinova bizimlə söhbətində dedi:

- Mingəçevirdə yaşamaq və işləmək sözün həqiqi mənasında xoşbəxtlikdir. Təbiət özünün şah əsəri olan həyat tablosunu yaradarkən bu yerlərə fırçasını səxavətlə çəkib. Ana Kürün ikiyə böldüyü şəhər öz füsunkarlığı ilə əcnəbi qonaqların gözünü qamaşdırır. Şəhərimizdə abadlıq, quruculuq işləri yüksək zövqlə davam etdirilir. Biz çalışırıq ki, səmərəli fəaliyyətimizlə, nümunəvi xidmətimizlə nur şəhərinin gözəlliyinə yeni naxışlar vuraq. Şəhər sakinləri ilə xoş ovqat doğuran hər görüşümüz bu məqsədin reallaşdığının canlı təsdiqinə çevrilir. Mingəçevirin 70 illiyi münasibətilə şəhər Dövlət Dram Teatrında təşkil etdiyimiz ədəbi-bədii gecə qonaqlara da, şəhər sakinlərinə də nəğmə ilə yoğrulmuş bir ərməğan oldu.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 1 noyabr.- S.10.