Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir

 

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş VIII Zirvə Görüşü ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisədir. Bu möhtəşəm tədbirdə 160 nümayəndə heyəti, dövlət və hökumət başçıları, parlament sədrləri, xarici işlər nazirləri və BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının prezidenti iştirak edirdilər.

Yüzlərlə yüksək vəzifəli qonağın qarşılanmasının, yerləşdirilməsinin, onların təhlükəsizliyinin və istirahətinin dəqiqliklə və peşəkarlıqla təmin edilməsi Azərbaycanın ən məsuliyyətli beynəlxalq tədbirlərə evsahibliyi etmək bacarığını bir daha nümayiş etdirdi.

Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik edəcək Azərbaycanın Prezidenti İlham Əliyev Zirvə görüşündəki nitqində bu hərəkatın təməl prinsiplərinə ölkəmizin sadiq qalacağını bildirdi: "Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”.

Prezident İlham Əliyev tədbirdəki çıxışında 2005-ci ildən etibarən Azərbaycanın 90-dan çox ölkəyə humanitartexniki yardımlar göstərdiyini diqqətə çatdırdı, müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələrin həyata keçirilməsində iştirak etdiyini bildirdi.

Dövlət başçısı tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatına 270 milyard dollardan artıq sərmayənin yatırılması, yoxsulluğun 5 faizədək enməsi, ciddi sosial layihələrin reallaşdırılması, xəstəxanaların, məktəblərin tikilməsi barədə məlumat verdi, iqtisadi uğurların və aparılan islahatların beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirildiyini və Azərbaycanın kosmik ölkəyə çevrildiyini, əhalinin 80 faizinin internet istifadəçisi olduğunu diqqətə çatdırdı.

Tarixən Azərbaycan təbii sərvətlərlə zəngin diyar kimi fatehlərin hücumlarına məruz qalmış, əsrlər boyu ağır və əzablı yol keçmişdir. Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə Azərbaycanda maraqlarını təmin etməyə çalışan böyük gücləri Ulu Öndər tərəfdaşa çevirdi, Prezident İlham Əliyev ölkəni savaşa sürükləmək istəyən hərb yollarını məharətlə sülh və əməkdaşlıq körpüləri ilə əvəzlədi. Dövlət başçısı bu məqamı çıxışında belə açıqladı: "AsiyaAvropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir”.

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına üzv ölkələrin prezidentləri ilə görüşlərində Zirvə görüşündə toxunduğu məsələlərin siyasiiqtisadi rakurslardan şərh və təhlil edilməsi vacibdir. Hamıya yaxşı bəllidir ki, müasir dünyada zəif ölkələr üçün ciddi təhlükələr yaranmışdır. Şərqdə qədim tarixə və böyük mədəniyyətə malik olan dövlətlər müharibələrin və daxili münaqişələrin təsiri altında, demək olar ki, dünyanın siyasi müstəvisindən təcrid olunmuş və beynəlxalq proseslərə nüfuz etmək gücünü itirmişlər.

Azərbaycan üçün də belə bir senari hazırlanmışdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində bir tərəfdən işğalçı Ermənistan Azərbaycan ərazilərini işğal etməyə başlamış, digər tərəfdən daxili siyasi qüvvələr fəallaşmışdı. Nəticədə erməni işğalı güclənmiş, ölkədə daxili çaxnaşmalar artmış və siyasi böhran yaranmışdı. Əgər Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtmasaydı, gənc müstəqil ölkənin çökməsi, dağılması və parçalanması qısa zaman kəsiyində reallığa çevrilə bilərdi. Onun gəlişi ilə ölkə daxilində sabitlik yarandı, Ermənistan isə iştahını cilovlamaq məcburiyyətində qaldı. Heydər Əliyev kimi zəka sahibinin Qafqazda boy verib bütün əzəməti ilə görünməsi Azərbaycan kimi gənc dövlətin nüfuzunu beynəlxalq aləmdə artırdı. Azərbaycan Cənubi Qafqaz bölgəsində həm iqtisadi nailiyyətlərinə, həm də sülh səylərinə görə bütün dünyanın diqqətini cəlb etdionu çökdürməyə yönələn cəhdlər sabun köpüyü kimi partlayıb qeyb oldu. Ölkəmiz isə uğurların və tərəqqinin zirvəsinə yüksələrək Şərqin dan ulduzuna çevrildi.

Bugünkü nailiyyətlərimiz, islahatlarımız Azərbaycanı həm də Qoşulmama Hərəkatına üzv dövlətlər üçün əməkdaşlıq baxımından maraqlı ölkəyə çevirib. Prezident

İlham Əliyev iqtisadiyyatda necə şaxələndirməyə üstünlük verirsə, eləcə də bu gün beynəlxalq münasibətlərin şaxələnərək genişlənməsinə və ölkəmizin bütün dünya ilə əməkdaşlıq əlaqələrinin güclənməsinə səy göstərir.

Bu sözləri Kuba Prezidenti Migel Diaz-Kanel Prezident İlham Əliyevlə görüşündə səsləndirmişdir: "Bizim xalqlarımız və ölkələrimiz arasında münasibətlər tarixi və ənənəvi münasibətlərdir. Siyasi dialoq müsbət və sabitdir. Bu münasibətlərin mənbəyi məhz Kubanın Ali Baş Komandanı Fidel Kastro Rus və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev arasında yaranmış dostluqdur. Biz Bakıya gələn kimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdik”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov isə iki ölkə arasında iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir: "Sevindirici haldır ki, enerji təhlükəsizliyi məsələlərində biz eyni mövqedəyik. Ümumiyyətlə, Sizə təşəkkür edirəm ki, bu gün biz nəqliyyat və tranzit dəhlizlərini nəinki regionda, daha geniş miqyasda birlikdə inkişaf etdiririk. Sevindiricidir ki, bizdə bütün bu məsələləri İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələndirir”.

Malayziyanın Baş Naziri Mahathir Bin Mohamediki ölkə arasında əlaqələrin yaxşı olduğunu, amma onların daha dərindən inkişaf etdirilməsinin mümkünlüyünü önə çəkmişdir: "...Malayziyada Azərbaycan haqqında çox şeyi bilmirik. Bakı haqqında bilirik, lakin Azərbaycan haqqında o qədər də məlumatlı deyilik. Düşünürəm ki, Azərbaycan haqqında tarixən maraqlı şeylər varbu, bir çox ölkələri buraya cəlb edəcək”.

Bütün bunlar bir daha sübut edir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər üçün Bakı ilə geniş iqtisadi əlaqələrin qurulması son dərəcə vacibdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 3 noyabr.- S.1; 2.