Xanəndə, yoxsa neft milyonçusu...

 

Bakı əsilzadələri

 

XIX əsrin sonları, XX əsrin əvvəllərində "neft və milyonlar səltənəti” olan Bakı "qaynar qazan”a bənzəyirdi. Şəhər sürətlə inkişaf edirdi. Ətraf yerlərdən buraya pənah gətirənlərin sayı çoxalır, hətta şəhərin sərvətindən yararlanmaq istəyən xaricilər də kapitallarını artırmaq üçün Bakıya axın edirdilər. Bu şəhərdə kimlər bir gecənin içində milyonlara sahib olmayıb? Bakının "qara qızıl”ı Nobel və Rotşild ailələri ilə bərabər şəhər sənayeçilərinə də görünməmiş sərvətlər qazandırırdı. Mədəni mühit də məhz bu zamanlardan dəyişməyə başlamışdı. Bakı nefti dünyaya hökmranlıq edirdi.

Bu illərdə mədəniyyət və incəsənət sahəsində güclü tərəqqi özünü göstərirdi. İfaçılıq sənətinin inkişafında Bakı heç də Şuşa, Şamaxı, Gəncənin musiqi məclislərindən geridə qalmırdı. Hələ deyərdim ki, Azərbaycanın başqa yerlərindən gələn ifaçıların tanınmasında Bakının xüsusi rolu var idi. Bütün tanınmış ifaçılar yaşadığı yerdən uzaqlaşanda ilk dayanacaq yerləri Bakı və onun musiqi məclisləri olurdu. Bu məclislərə içərişəhərli Məşədi Məlik Ağası oğlu Mansurov rəhbərlik edirdi. Onun evi bir növ konservatoriyanı xatırladırdı. Təsadüfi deyil ki, Mirzə Məlikin təşkil etdiyi məclislərdə Mirzə Sadıq (Sadıqcan), Hacı Hüsü, Məşədi İsi, Mirzə Məhəmmədhəsən, Əbdülbaği (Bülbülcan), Seyid Şuşinski, İslam Abdullayev, Mirzə Səttar kimi böyük sənətkarlar iştirak etmişlər. Musiqişünas-alim, görkəmli tədqiqatçı Firudin Şuşinski yazırdı: "Məşədi Məlik qonaqpərvər bir şəxs olduğundan Qarabağdan, Şirvandan, eləcə də İrandan Bakıya gələn musiqiçilər aylarla onun hər cür şəraiti olan yaraşıqlı otaqlarında dincəlirdi. Azərbaycanın Hacı Hüsü, Bülbülcan, Məşədi Zeynal, Sadıqcan kimi məşhur musiqiçiləri Məşədi Məlikin ən yaxın dostları idi”.

 

***

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın görkəmli musiqi simalarından biri də mədəniyyət tariximizdə əbədi iz qoymuş xanəndə Seyid Mir Tağı Mirbabayevdir. Bakı musiqiçilərinin bütöv bir nəslini yetişdirmiş, Məşədi Məlikin təşkil etdiyi "Musiqi salonu”nun üzvlərindən olan Seyid Mir Tağı Mirbabayev 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində anadan olub. Atası qatı dindar idi. Seyidin gözəl səsi olduğundan o da atası və qardaşı kimi mərsiyəxanlıqla məşğul olurdı. O, bir müddət sonra mərsiyəxanlıqdan uzaqlaşıb xalq məclislərində iştirak etməyə başlayır. Artıq Seyid Mirbabayev keçən əsrin əvvəllərində Bakıda nümayiş olunan teatr tamaşalarının fasilələrində bir çox tanınmış müğənnilər kimi çıxış edirdi. Təsadüfi deyil ki, 1902-ci ilin yanvarında "Kaspi” qəzeti yazırdı: "Yanvarın 11-də, cümə günü Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur Qarabağ aşığı Nəcəfqulunun və xanəndələrdən Qaryağdıoğlu Cabbarın, bakılı Seyidin, şəkili Ələsgərin və Keçəçioğlu Məhəmmədin iştirakı ilə Bakıda birinci Şərq konserti olacaqdır”.

Seyid tez bir zamanda bütün Qafqazda, Orta və Yaxın Şərqdə muğam ifaçısı kimi məşhurlaşır. Şəhərin milyonçuları xanəndəni bir-birlərinin bəhsinə şənliklərinə dəvət edirdilər. Xüsusilə də xanəndənin "Pate” (Fransa), həmçinin Varşavanın "Konsert-Rekord” şirkətlərində, o zamanlar Tiflis və Bakıda fəaliyyət göstərən filialları tərəfindən bir neçə mahnısı vala köçürüləndən sonra onu sevənlərin sayı daha da artır, məclislərində xanəndənin iştirakı üçün cəhdlər də olurdu. Bakı milyonçusu Şıx Bala Şıx Sala oğlu Seyid Mirbabayevi məşhur tarzən salyanlı Şirin Axundovla birlikdə oğlunun toy məclisinə dəvət edir. Toyun adəti üzrə xanəndə bəy tərifi yerində bəyin dayısından xələt almaq üçün üzünü ona tutub deyir:

...Gözəl olur mayislərin mayisi,

Gəlsin xələt versin bəyin dayısı...

O da öz növbəsində pul əvəzinə Sabunçuda həyət sahəsində qazdırdığı fontanın xərcini üzərinə götürməklə xanəndəyə bağışladığını bəyan edir. Hadisədən bir müddət sonra gözlənilmədən həmin həyətdə olan neft quyusu bir neçə yerdən fontan vurur...

 

***

 

Bu yerdə bir haşiyəyə çıxmaq istərdik: xanəndə haqqında yazanlar, onun barəsində çıxış edənlər heç bir tutarlı mənbəyə müraciət etmədən bildirirlər ki, bu hadisədən sonra guya Seyid Mirbabayev milyonçu olmuşdu.

Düzdür, həmin hadisədən sonra S.Mirbabayev böyük var-dövlət sahibi olsa da, əslində o, 1906-cı ildən Bakıda sahibkarlar arasında imkanlı şəxs kimi tanınırdı. Onun da mülkləri, daşınmaz əmlakı var idi, onları ayrı-ayrı imkanlı şəxslərə icarəyə verirdi.

Qeyd edək ki, 1905-ci ildə dul qalmış sahibkar arvadı Yekaterina Mixaylovna Nadirova adlı qadın Tiflisdə yaşayan I qildiya taciri, nəslən Fəxri vətəndaş sayılan Maksimilian Mavrikeviç Şumaxerə Bakıda yerləşən neft torpaqlarını icarəyə verir. Bu barədə məlumatlar Dövlət Tarix Arxivinin sənədlərində öz əksini tapıb. Orada yazılır: "Mən, Yekaterina Mixaylovna Nadirovanın inanılmış şəxsi Bakının Balaxanı bağlarında yerləşən neft sahəsini Maksimilian Mavrikeviç Şumaxerə icarəyə verdim”.

O, neftdən gələn gəlirin 4/1 hissəsini hər ayın 15-nə qədər dövlətə ödəməli idi. Görünür icarə haqqını vaxtlı-vaxtında ödəyə bilməyəcəyini düşünən M.M.Şumaxer 1906-cı ildə Mir Tağı Mirbabayevə həmin neft torpaqlarını icarəyə verir.

Arxiv sənədlərindən o da məlum olur ki, S.Mirbabayev "Bakı rus neft cəmiyyəti”nə, milyonçu (sənədlərdə I qildiya tacir) Musa Nağıyevə və başqa şəxslərə Sahil kənarındakı mülkündə otaqlarını kirayəyə vermişdi. Seyid yalnız mülkün birinci mərtəbəsini icarəyə verməklə il ərzində təmiz 32.756 rubl qazanc əldə etmişdi.

S.Mirbabayev yalnız ayrı-ayrı sahibkarlarla iş birliyi yaratmır, o həmçinin dövlət orqanları ilə də əlaqələr qururdu. Bəzən onlara bu və ya digər məsələlər barədə müraciət edir, kreditlə pul götürür və öhdəliyi vaxtında yerinə yetirəcəyinə yazılı surətdə zəmanət verirdi.

Bağışlanmış neft quyusunun hesabına daha da zənginləşən, var-dövlətə sahib olan Seyid şəhərdə mülk almaq üçün el ağsaqqalı sayılan Hacı Zeynalabdin Tağıyevin yanına məsləhətə gedir. Onun sənətinin vurğunu olan Hacı anasının və özünün yaşadığı mülkündən başqa bütün evlərini ona peşkəş verməyə hazır olduğunu bildirir. Seyid Hacının bu iltifatını yüksək qiymətləndirir və o, başqa bir mülk almaq istədiyini söyləyir.

Hacı Zeynalabdin Tağıyev bir qədər özlüyündə götür-qoy etdikdən sonra deyir:

- Seyid, gəl sənə məktub verim, get Tiflisə. Müflisləşmiş erməni milyonçusu Aramyants dəniz kənarındakı mülkünü satmaq istəyir. Bildiyimə görə elə də baha vermir. Çox qəşəng memarlıq üslubunda tikilib. Mənim mülkümdən heç də geri qalmaz. Evim hazır olanadək mən də o mülkdə yaşamışam. (Neçə illər sonra Seyid elə həmin mülkdən hər cür şəraiti olan səkkiz otağı Musa Nağıyevə icarəyə vermişdi).

- Nə deyirəm, Hacı, məsləhət gördüyün kimi edərəm, - deyə cavab verir.

Hacının Seyid Mirbabayevin almaq üçün məsləhət gördüyü mülk indiki Azərbaycan Dövlət Neft Şirkəti meydanında yerləşən binadır. O, Bakı şəhərində qədim tikililər arasında öz əzəməti və gözəlliyi ilə xüsusi diqqət çəkir. Qeyd edək ki, binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub və həmin ayın sonlarında Sadovaya küçəsində və Aleksandrovskaya Naberejnayanın kəsişdiyi yerdə tikintisinə başlanılıb. Mənbələrdə göstərilir ki, Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillərdən ibarət olan bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı. Bu binanın alqı-satqısından məlum olur ki, onun sahibi Mixail Osipoviç Aramyants mülkünün satılmasını vəkili Avetis Sergeyeviç Cknavoryantsa həvalə edib. Avetis Sergeyeviç Cknavoryantsa Mixail Osipoviç Aramyantsın tam mülkiyyətini Bakı taciri Mir Tağı Mirbabayevə satır.

Seyidin başqa mülklərindən biri də sovet dövründə "Səhiyyə işçiləri klubu” adlanan bina idi. 1865-1867-ci illərdə tikildiyi ehtimal olunur. Neftçilər prospektində "Qubernator evi” kimi tanınan binanın yeni sahibi Seyid Mirbabayev Bakı şəhəri qubernatorunun iqamətgahı olmadığından ona icarəyə verir...

 

***

 

Seyid vaxtilə Hacının ona verdiyi məsləhəti qəbul edib Qori Müəllimlər Seminariyasının hamiliyini üzərinə götürür. Qeyd edək ki, Qori Müəllimlər Seminariyasının nizamnaməsində təlim-tərbiyə ilə bağlı, həm də seminariyanı himayə edən Fəxri Nümayəndəsi haqqında xüsusi maddələr öz əksini tapmışdır. Seyidin üzərinə götürdüyü missiya Tiflis şəhərində sevinclə qarşılanır. Tiflis qəzetləri Bakı neft sənayesi sahibinin bu addımını yüksək qiymətləndirərək yazırdı: "Varşavada səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndələrdən biri, təsadüf nəticəsində neft milyonçusu olan Seyid Mirbabayev elmin tərəqqisi naminə Qori Müəllimlər Seminariyasına yüksək məbləğdə ianə verdi...” O, bu elanı məqbul saysa da, "xanəndə” sözü Seyidi dilxor edir. Artıq onun adının əvvəlinə "xanəndə” sözü artırılmasını qəbul edə bilmir. Vaxtilə yazdırdığı səs yazılarını təcili olaraq ayrı-ayrı şəxslərdən alıb məhv etməyi qərara alır...

S.Mirbabayevin Zaqafqaziya Müəllimlər Seminariyasına himayəçi olmaq barədə müraciətinə cavab olaraq Xalq Təhsil Nazirliyinin əmri seminariyanın direktoru Fyodor Antonoviç Smirnovun məktubunda göstərilir: "22 May 1915-ci il tarixdən etibarən Mir Tağı Mirbabayev Fəxri Himayəçi olaraq təsdiq edilmişdir”.

S.Mirbabayev nəinki müsəlman uşaqlarına, hətta başqa millətdən olan tələbələrə də xüsusi qayğı ilə yanaşır, bayramlarda onların hər birinə maddi kömək göstərirdi.

Bundan sonra Seyid Mirbabayev üçün daha geniş imkanlar açılır. Artıq o, hökumət nümayəndələri ilə sıx əlaqələr yaradır. Tez bir zamanda neft ticarəti sahəsində məşhurlaşmağa başlayır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və onun hasilatına başlayır. Artıq Seyidin kontoru 18 buruqdan ildə 150000 barel neft hasil edirdi.

 

***

 

Keçən əsrdə hökumət devriləndən sonra başqa neft sahibləri kimi, Seyid Mirbabayev də vəzində yüngül, qiymətdə ağır nəyi vardısa götürüb, Bakını tərk edir. O, bir müddət Parisdə yaşayır. Ləl-cavahirat həvəskarı olan Seyid özü ilə gətirdiyi qiymətli qaş-daşlarla güzəranını keçirirdi. Bir müddət sonra gətirdiyi sərvəti əlindən çıxan Seyid bir daşın üstündə oturub keçmiş günlərini şirin bir xatirə kimi yadına salır. Bu xatirələr işığında onu ən çox düşündürən və peşmançılığını bildirən, vaxtilə el ağsaqqalı, müdrik insan olan Hacının ona etdiyi vəsiyyətə xilaf çıxması idi: "Bala, səsindən muğayat ol! Bu səs hər bir insana müyəssər olmayan Allah vergisidir. Sənə Ulu Tanrı tərəfindən bəxş edilən peyğəmbərimiz Davudun səsidir. Bu səsi heç bir var-dövlətlə ala bilmədiyin kimi, heç bir var-dövlətə də uyub onu əldən vermə! Onu qorumağa çalış!”

Seyid Hacının peyğəmbərcəsinə dediyi sözləri xatırladıqca vicdan əzabı çəkirdi. Tutduğu işə peşman olsa da keçmişi heç cür geriyə qaytara bilməyəcəyi ona aydın idi. Lakin hansı səbəbdən bu cür addım atdığı ona aydın deyildi. Ümid yeri hər yerdən üzülmüş Seyid Parisdə Teymur bəy Aşurbəyova rast gəlir. Mirbabayevin ağır vəziyyətini görən Teymur bəy onu Tehrana aparır. Seyid Mirbabayev burada bakılıların çayxanasında xanəndəlik edir və 1953-cü ildə 86 yaşında dünyasını dəyişir.

 

***

 

HAŞİYƏ: Uzun zaman Seyid Mirbabayev haqqında həqiqətdən uzaq olan bir əhvalat xanəndə haqqında yazılarda eyniliklə təkrarlanır. Bu əhvalat Kərim Kərimovun Seyidin həyatına həsr etdiyi "Xanəndənin taleyi” librettosu əsasında bəstəkar Cahangir Cahangirov tərəfindən yazılmış opera olmuşdur.

"Xanəndənin taleyi” operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Var-dövlət içində həyat sürmək xatirinə qürbət ölkəyə gətirdiyi ləl-cavahiratını göyə sovurub yoxsullaşan xanəndənin yalnız səsi yazılmış yeganə sınıq qrammofon valı qalmışdı. Operada xanəndənin bu yadigarı onun məhv olmuş həyatının rəmzi kimi anılır. Lakin ondan sonra Seyid Mirbabayev haqqında yazılan məqalə müəllifləri fikri başqa səmtə yönəldir və həmin hadisəni reallıq kimi təqdim edirlər.

Qeyd edilir ki, Parisdə yaşayarkən var-dövləti əlindən çıxan Seyid səfil vəziyyətdə küçələri gəzirmiş. Bu zaman gözü "Pate” firmasının bir elanına sataşır. Şirkət Azərbaycan musiqiçilərinin inqilaba qədər olan səs yazılarını yüksək qiymətə aldığını bildirir. Seyid bir anlıq özünü itirir. Düşünmədən evə gəlir. Göz bəbəyi kimi qoruduğu yeganə valı götürüb şirkətə qaçır. Şirkətin sahibi ilə razılığa gələndən sonra gələcəkdə yenidən varlanacağı ümidi ilə sinəsində qoruyub saxladığı valı şirkətin işçisinə vermək istəyəndə həyəcandan əli titrəyir və valı salıb sındırır. Bu zaman elə bil Seyidin gözləri hədəqəsindən çıxır. Qəlbində dəhşətli inilti qopur. Nə edəcəyini bilməyir. Heç bir söz deməyib əlləri ilə başını qucaqlayıb yerə çökür. Bu böyük xanəndənin sınmış son ümidi idi.

Həmin məqalələrdə göstərilir ki, Seyid Mirbabayev milyonçu olarkən səsi yazılmış valları bir neçə qat baha qiymətə alıb məhv edirmiş. Bununla da Seyidin dövrümüzə heç bir səs yazısı gəlib çıxmadığı iddia edilir.

Təxminən belə şəkildə biz Seyid Mirbabayev haqqında müxtəlif şəxslərin mətbuatda yazılarına rast gəlirik.

Lakin qeyd edək ki, həmin yazıların heç birinin reallıqla əlaqəsi yoxdur. Xatırladaq ki, Seyid Mirbabayevin səsi keçən əsrin əvvəllərində bir şirkət tərəfindən yox, dünyanın bir çox şirkətləri tərəfindən vallara köçürülüb. Hal-hazırda Seyidin ifa etdiyi on ədəd qrammofon valından ibarət olan "Mahur” muğamından hissə, "Mahur” təsnifi, "Muxalif” təsnifi, "Leyli və Məcnun” təsnifi, "Mübərriğə”, muğamdan hissə, "Mübərriğə” (fars dilində), "Küçələrə su səpmişəm”, "Şüştər”, "Ay bəri bax, bəri bax” Azərbaycan xalq mahnısı, "Sarənc”, "Aşiran”, "Əraq”, "Hicaz”, "Simayi-şəms” muğamları, keçən əsirdən bugünümüzə gəlmiş səs yazıları Respublika Dövlət Səs Yazıları Arxivində qiymətli bir abidə kimi saxlanılır.

 

Aslan KƏNAN

 

Azərbaycan.- 2019.-3 noyabr.- S.4.