Azərbaycan 90-dan çox ölkəyə humanitartexniki yardımlar göstərib

 

Dövlət başçısı Qoşulmama Hərəkatının Zirvə Görüşündə də buna diqqət çəkdi

 

Azərbaycanın BMT Baş Assambleyasından sonra 120 əsas, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə evsahibliyi etməsi respublikamızın nüfuzunun yüksəlməsini bir daha təsdiqlədi.

Yarım əsrdən çox bir müddətdə bəşəri dəyərlərin təbliği ilə məşğul olan və dünyanın ən böyük təşkilatlarından sayılan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi böyük uğurdur. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bir çox məsələlərlə yanaşı, illərdən bəri Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində ərazilərinin 20 faizdən artıq ilhaq edilməsinə, bunun da müqabilində əhalisinin bir milyondan çoxunun məcburi köçkünə çevrilməsinə baxmayaraq, ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərdən söz açdı, onlara humanitartexniki yardımlar göstərilməsi ilə bağlı fikirlər səsləndirdi: "Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitartexniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir”.

Dövlət başçısı qətiyyətlə tələb etdi ki, milli, etnik və məhəlli münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində beynəxlaq birliklərin və nüfuzlu təşkilatların ikili standartlar siyasətinə son qoyulmalıdır: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur.

Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm”.

Dövlət başçısı qeyd etdi ki, Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışır. Bütün toponimlər erməniləşdirilir, tarixi abidələr, məscidlər, məzarlıqlar dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir: "Ermənistan həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla, altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmışdır, yüzlərlə ev dağıdılmışdır. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Dünyada baş vermiş təbiət hadisələri, süni problemlər: məhəlli və beynəlxalq münaqişələr, müharibələr, terrors. nəticəsində zərər çəkmiş insanların üzləşdiyi hallar humanitar yardımlara ciddi ehtiyacın yarandığını üzə çıxarıb. Məhz buna görə 19 Avqust BMT Baş Məclisinin qərarı ilə Dünya Humanitar Yardım Günü kimi qeyd olunur.

2018-ci ilin mayında BMT Təhlükəsizlik Şurası silahlı münaqişə zonalarında aclığın aradan qaldırılmasına dair qətnamə də qəbul edib. Şuranın üzvləri aclıq amilindən müharibə silahı kimi istifadə edilməsini pisləyiblər. Onlar bütün silahlı münaqişə tərəflərini beynəlxalq humanitar hüquq prinsiplərinə əməl etməyə, beynəlxalq donor təşkilatların ərzaq yardımlarına mane olmamağa, insanları tibbi xidmətdən məhrum etməməyə çağırıblar.

Ötən əsrin doxsanıncı illərinin əvvəlindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün üzləşdiyi problemləri aradan qaldırmaq üçün ölkəmizdə də humanitar yardımlara ciddi ehtiyac duyulmaya bilməzdi. Bu fəlakət dövlət müstəqilliyinin yenicə bərpa olunduğu illərə təsadüf edirdi. Lakin dövlətimizin hərtərəfli inkişafı nəticəsində Azərbaycan özü bu gün humanitar yardımlar edən donor ölkəyə çevrilib. Son illər Pakistan, Yaponiya, Somalibaşqa ölkələrə birbaşa humanitar yardımlar göstərən Azərbaycanın atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən böyük xeyirxahlıq kimi dəyərləndirilir. Bütövlükdə Azərbaycan 90-dan çox ölkəyə humanitartexniki yardımlar göstərib.

Məcburi köçkünlərin təxirəsalınmaz humanitar yardım ehtiyaclarının ödənilməsində, onların yaşayış şəraitinin yaxşılaşdırılmasında Azərbaycan hökumətinin fəallığı Avropa üçün nümunədir.

Hazırda dünyada 130 milyondan artıq insanın həyatı humanitar yardımlardan asılıdır. Humanitar yardım tələbatları İkinci Dünya müharibəsindən sonra rekord həddə çatıb. Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və qeyri-hökumət təşkilatlarının hesabatlarında humanitar yardım işçilərinə edilən hücumların, onların öldürülməsi və oğurlanması hallarının sayındakı artım göstərir ki, bunun qarşısının alınmaması daha ağır fəlakətlərə gətirib çıxara bilər.

550 milyonluq əhalisi olan Avropa ölkələrinin 800 min nəfər qaçqının problemi qarşısında aciz qaldığı çox da uzaq tarix deyil. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində dövlətimiz neçə onillikdir ki, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin öhdəsindən gəlir. Azərbaycana səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri dövlət başçısının məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin bütün dünyaya nümunə olduğunu bildirirlər.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 5 noyabr.- S.1; 3.