Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aİİ kollektivini Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, kənd icra nümayəndəsi Atakişi Atakişiyev, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və digərləri qarşılayıb.

Rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə institutun heyəti əvvəlcə Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edib, önünə əklil qoyub. Sonra ali təhsil ocağının kollektivi Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olub. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə tər güllər qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.

İnstitut tərəfindən məktəbə dərs ləvazimatları, kitablarbir sıra zəruri avadanlıqlar hədiyyə edilib. Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən buradakı tədris prosesi haqqında məlumat verib, Aİİ-nin heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib.

Daha sonra Cocuq Mərcanlı kənd klub icma mərkəzində milli-vətənpərvərlik mövzusunda tədbir keçirilib. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavinləri Tapdıq Nəsirov və Fəridə İbayeva Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxilixarici siyasət nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulması, bütün infrastruktura malik abad qəsəbəyə çevrilməsindən, dövlət bayrağımızın müqəddəsliyindən danışıb, üçrəngli bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına əminliklərini ifadə ediblər.

İnstitutun rektoru Ceyhun Məmmədov xalqımızın istiqlal mübarizəsinin və dövlətçiliyimizin rəmzi olan Azərbaycan bayrağına həsr olunan bayram günü ilə bağlı iştirakçıları təbrik edib. Bildirib ki, hər bir ölkənin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olan bayraq onun dövlət atributudur. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncə tərzinin ən bariz ifadəsidir. Məhz bu baxımdan, xalqımızın azadlığı, istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini, ölkənin suverenliyini və yüksəlişini tərənnüm edən üçrəngli dövlət bayrağımız hər bir vətənpərvər azərbaycanlının qürur mənbəyidir. C.Məmmədov diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməlidir.

Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasəti hazırda Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyini vurğulayıb.

Gənclərə xitabən “Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir”, səslənən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib.

Daha sonra C.Məmmədov İnstitut haqqında ümumi məlumat verib. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə vermək olduğunu qeyd edib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, məktəb direktoru Zamin Həziyev və Aİİ-nin tələbələri işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, həmçinin 9 noyabr – Dövlət Bayrağı Günü ilə bağlı çıxışlar ediblər.

Səfər zamanı İnstitut heyəti, həmçinin Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan məscidlə də tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar.

Məscidi ziyarətdən sonra İnstitutun kollektivi ərazini gəzib, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə qayğısı nəticəsində burada aparılan abadlıq, tikinti-quruculuq işlərinin şahidi olub, kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda İlahiyyat İnstitutunun heyəti tərəfindən Cocuq Mərcanlı kəndində “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb.

 

Azərbaycan.- 2019.- 14 noyabr.- S.5.