Naxçıvanda “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirə təşkil olunub

 

Naxçıvan şəhər 4 saylı Seçki Dairəsində keçirilən seminar-müşavirədə muxtar respublikanın dairə seçki komissiyalarının sədrləri, katibləri və müraciətlərə baxılması üzrə ekspert qrupunun üzvləri iştirak ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminar-müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müaviniQanunçuluq və hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Cəlil Rüstəmov 2019-cu il dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkilərinin şəffaf və azad keçirilməsi üçün zəruri tədbirlər görüldüyünü, mükəmməl qanunvericilik bazası yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, seçki hüquqlarının təmin olunması sahəsində görülən işlər, bu mənada əhəmiyyət kəsb edir. Seçki qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə düzgün əməl olunmalı, müvafiq orqanlar vəzifə və funksiyalarını vaxtında icra etməli, seçicilər maarifləndirilməlidirlər.

Qeyd olunub ki, insan hüquqlarının təmin olunması üsullarından biri olan şikayətlərin məhkəmə qaydasında həlli Seçki Məcəlləsində də geniş şəkildə öz əksini tapıb. Seçki prosesinin bütün mərhələlərində istənilən hüquq pozuntusunun həlli üçün məhkəməyə müraciət etmək hüququ təsbit olunub. Həm aktiv seçki hüququ, həm passiv seçki hüququ mənsublarının, həm də seçki komissiyaları və aidiyyəti dövlət orqanlarının məhkəməyə müraciətetmə və ya məhkəmə qərarlarını əsastutma formasında təsbit olunan 100-ə yaxın müraciət qaydası Seçki Məcəlləsində öz əksini tapıb. Bu da məhkəmə orqanlarının seçki prosesində mühüm rol oynadığını təsdiq edir.

"Builki bələdiyyə seçkilərində muxtar respublika üzrə 170 bələdiyyəyə 1452 üzv seçiləcəkdir. Muxtar respublika üzrə 7 seçki dairəsi və 292 seçki məntəqəsi, səsverməyə 5 gün qalmış yaradılanlar istisna olmaqla, fəaliyyət göstərir”, – deyən Cəlil Rüstəmov vurğulayıb ki, seçki dairələrinin hər biri müasir şəraitlə təmin olunmuş binalarda yerləşir. Eyni zamanda, seçki məntəqələri də yeni tikilmiş binalarda yerləşir. Muxtar respublikanın müvafiq orqanları bələdiyyə seçkilərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəffaf keçirilməsi üçün səylərini əsirgəməyəcəklər.

Diqqətə çatdırılıb ki, seçki prosesində seçki komissiyalarının üzvlərinin üzərlərinə böyük məsuliyyət düşür. Buna görə də komissiya üzvlərinin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu mənada, seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həll olunmasına həsr edilmiş bugünkü seminar-müşavirənin əhəmiyyəti böyükdür. Seçki komissiyaları və məhkəmə orqanları seçki qanunvericiliyinin pozulması və ya seçki hüquqlarının təmin olunması ilə bağlı şikayətlərə hərtərəfli araşdırma aparmaqla vaxtında baxmalı, ədalətli qərarlar qəbul etməlidirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müaviniQanunçuluq və hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri deyib ki, bu günədək keçirilmiş seçkilərdə Naxçıvan Muxtar Respublikasının məhkəmələrinə seçki hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olmayıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər bir imkan mövcuddur.

Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova və komissiyanın üzvü Ramiz İbrahimov "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əsgər Novruzov "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” mövzularında çıxış ediblər. Çıxışlarda Seçki Məcəlləsinin 115-ci maddəsində hansı şəxslər tərəfindən seçki hüququnun pozulmasına görə Azərbaycan Respublikasının Cinayət, Mülkiİnzibati Xətalar məcəllələrinə uyğun olaraq cinayət, mülkiya inzibati məsuliyyət daşımaları göstərilib və seçki hüququnun pozulması və ya məhdudlaşdırılması kimi hesab edilən qanunazidd hərəkətlər sadalanıb. Qanunvericiliyin tələbinə əsasən sadalanan əməllərin xarakteriictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq cinayət xarakterli əməllərin törədilməsinə görə məsuliyyət Cinayət Məcəlləsində, inzibati xətalara görə isə məsuliyyət İnzibati Xətalar Məcəlləsində göstərilib.

Vurğulanıb ki, 2008-ci il iyunun 2-də Seçki Məcəlləsinə vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması qaydalarını təsbit edən 112.1-ci maddənin əlavə edilməsi, eləcə də şikayətlərə dair tələbləri özündə əks etdirən 112.5-ci maddənin yeni redaksiyada verilməsi seçki qanunvericiliyinin pozulması hallarının vaxtında və səmərəli prosedur daxilində araşdırılmasını təmin etməklə məcəllənin daha təkmil hüquqi akt halına gətirilməsini təmin edib.

Çıxışlardan sonra müvafiq mövzularla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seminar-müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müaviniQanunçuluq və hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Cəlil Rüstəmov bildirib ki, qazanılmış təcrübə və formalaşmış qanunvericilik bazası Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında növbəti bələdiyyə seçkilərinin də demokratik və şəffaf keçiriləcəyini deməyə əsas verir.

 

Azərbaycan.- 2019.- 20 noyabr.- S. 8.