İlham Əliyevin növbəti qlobalmiqyaslı layihəsi reallığa çevrilir

 

45 milyard dollarlıq "Cənub qaz dəhlizi”nin bel sütunu olan TANAP istifadəyə tam hazırdır

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan növbəti böyük uğurun astanasındadır. Dəyəri 40 milyard dollara yaxın, uzunluğu 3 min 500 kilometr olan və 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən kəmər sistemi - "Cənub qaz dəhlizi” layihəsinin daha bir seqmenti - Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin - TANAP-ın ikinci fazası istifadəyə tam hazır vəziyyətə gətirilib.

"Cənub qaz dəhlizi”nin bel sütunu olan layihənin açılış mərasimi noyabr ayının 30-na planlaşdırılır. Bununla da Xəzərin qazı TANAP ilə ilk dəfə Avropaya çatdırılacaq.

 

"Cənub qaz dəhlizi”- XXI əsrin layihəsi

 

Prezident İlham Əliyevin XXI əsrin layihəsi adlandırdığı bu kəmər sistemi Avropanın enerji xəritəsini dəyişərək köhnə qitədə ən böyük infrastruktur layihəsi hesab olunur.

2014-cü ilin sentyabrın 20-də, tarixi bir gündə kəmərin Səngəçal terminalının ərazisində təməli qoyulub. Əlamətdar haldır ki, məhz sentyabrın 20-də "Əsrin müqaviləsi”nin ("Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi) imzalanmasının 20 illiyində Bakıda Xəzər qazının Avropaya tədarükü üzrə layihənin əsası qoyuldu. 4 il sonra, 2018-ci ilin may ayının 29-da Bakıda rəsmi açılış mərasimi keçirildi.

4 seqmentdən - "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri (692 km), TANAP (1850 km), TAP-dan ibarət (878 km) olan bu layihə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq. Nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.

Bakıda keçirilən rəsmi açılış mərasimində cənab İlham Əliyev layihəni dəyərləndirərkən bildirmişdir ki, bu gün Azərbaycan müstəqil dövlət kimi ayaqda möhkəm dayanıb, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra olunur. Azərbaycan belə nəhəng layihələrlə Avropanın enerji xəritəsini yenidən tərtib edir.

Azərbaycan ilə 11 Avropa şirkəti arasında "Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən artıq olan həcminin satışı üzrə 25 illik sazişlər imzalanıb. Bu şirkətlər hərəsi təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürəcək.

Ümumiyyətlə, "Cənub qaz dəhlizi”ni bu günə qədər energetika sahəsində Azərbaycanın həyata keçirdiyi böyük strategiyanın davamı kimi dəyərləndirmək lazımdır. Bu layihədən öncə Bakı-Tbilisi-Ceyhan strateji xətti irəli sürülüb və məhz bu boru vasitəsilə Xəzər dənizinin karbohidrogen ehtiyatları dünyaya açılıb. "Bu nöqteyi-nəzərdən "Cənub qaz dəhlizi” Bakı-Tbilisi-Ceyhan layihəsinin davamı kimi qiymətləndirilir.

Burada daha vacib məqam layihənin beynəlxalq əhəmiyyətidir. İndiki reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinin vacib şərti olan mənbələrin şaxələndirilməsi istiqamətində "Cənub qaz dəhlizi” hələlik yeganə etibarlı layihədir. Məhz bu layihə vasitəsilə şaxələndirmə istiqamətində Avropa ciddi addımlar atır.

Ən nəhayət, sözügedən məsələyə kommersiya baxımından yanaşsaq, bir neçə ildən sonra Azərbaycan "Cənub qaz dəhlizi” layihəsindən böyük iqtisadi dividentlər əldə edəcək.

 

TANAP - "enerjinin İpək yolu”

 

Trans-Anadolu Təbii Qaz Boru Kəməri - TANAP Türkiyənin Gürcüstan sərhədində yerləşən Ərdahan şəhərinin Posof qəsəbəsi Türkgözu kəndindən başlayaraq Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnədaxil olmaqla 20 vilayətdən keçir.

Boru xətti Yunanıstan sərhəddində, Ədirnənin İpsala qəsəbəsində Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP-a birləşir. Layihə çərçivəsində Türkiyə sərhədləri daxilində biri Əskişəhirdə, digəri Trakyada olmaqla yerli təbii qaz nəqli şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

TANAP üzrə anlaşma 2012-ci ildə İstanbul şəhərində imzalanıb. "Şahdəniz-2” yatağından hasil olunan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya daşıyacaq "Cənub qaz dəhlizinin” ən mühüm həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan birinci hissəsinin açılışı 2018-ci il iyunun 12-də keçirilib və 2018-ci il iyunun 30-dan etibarən Türkiyəyə kommersiya məqsədli qaz axını başlayıb.

Boru kəmərinin Əskişəhər ilə Türkiyə-Yunanıstan sərhədindəki Avropaya çıxış nöqtəsi arasında qalan hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb və 2019-cu ilin aprelində kəmərə sınaq məqsədilə qaz vurulub. 2019-cu il iyulun 1-dən etibarən Avropaya qaz nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP "Türkiyə, Orta Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru kəməri” kimi adını tarixə qızıl hərflərlə yazdı.

Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər 45 faiz qənaətə nail olunub və layihə 6,5 milyard dollarlıq sərmayəyə başa gəlib. Digər tərəfdən layihə çərçivəsində bu günədək TANAP boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə 1000-ə yaxın layihə həyata keçirilib.

 

Xəyallar gerçəkliyə çevrildi

 

Türkiyə mediasının yazdığına görə, noyabrın 30-da TANAP-ın ikinci fazasının açılışı olacaq. Bu barədə qonşu ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, TANAP "Türk axını” kəmərinin rəqibi sayılır: "TANAP ən vacib layihələrimizdən biridir. Kəməri noyabrın 30-da istifadəyə verməyi planlaşdırırıq ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər”.

Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin reallaşmasını Prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü, iki ölkənin növbəti zəfəri adlandırıb.

Səbəbi isə odur ki, bu layihə ilk dəfə gündəmə gələndə bəzi dairələr buna xəyal deyirdilər. Antiazərbaycançı qüvvələr bunun həyata keçirilməsini qeyri-mümkün sayırdılar. Amma iki qardaş ölkə səbir etdi, dözüm göstərdi. Doğru yolda qətiyyətlə çalışılaraq uğurlu nəticə əldə edildi.

Əskişəhərdə keçirilən təntənəli açılış mərasimində çıxış edən Prezident İlham Əliyev dedi ki, Azərbaycan Türkiyə ilə XXI əsrin enerji tarixini birlikdə yazır. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür:

"TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. "Cənub qaz dəhlizi”nin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir... Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.

Ekspertlər də hesab edirlər ki, TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək.

 

Səhmdarlar illik 1,45 milyard dollar gəlir əldə edəcəklər

 

Boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Bu il boru kəməri ilə 1,8 milyard kubmetrədək qaz nəql olunub. Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycanın təbii qazını alıb. İlin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq.

Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

TANAP-la 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP Türkiyənin təbii qaza olan tələbatının 12 faizini ödəyəcək.

TANAP iki qardaş ölkənin ortaq baxışının ən son bəhrəsidir. Enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə birgə həyata keçiriləcək yeni layihələrin müjdəsidir.

 

Azərbaycanı İtaliyaya birləşdirən - TAP

 

TANAP Yunanıstan sərhədində, Ədirnənin İpsala qəsəbəsində Avropa ölkələrinə təbii qaz nəql edəcək Trans-Adriatik Boru Kəmərinə - TAP-a birləşdikdən sonra Azərbaycan böyük qaz ixracatçısına çevriləcək.

Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 878 kilometr uzunluğunda və 4,5 milyard dollara başa gələcək olan boru kəmərinin ötürücülük gücü ildə 10 milyard kubmetrdir, gələcəkdə 20 milyard kubmetrə qədər genişləndirilmək imkanı var. Bu layihə Bolqarıstanın qaz ehtiyacının 33 faizini, Yunanıstanın 20 faizini, İtaliyanın isə təxminən 10,5 faizini qarşılayacaq. BP, İtaliyanın SNAM və Azərbaycanın SOCAR şirkətləri hər biri 20 faiz hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.

TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. Boru kəmərinin inşası üzrə Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək.

"Cənub qaz dəhlizi”nin digər seqmenti olan "Cənubi Qafqaz Boru Kəməri” 692 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 249 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Kəmər "Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyəyə "Şahdəniz Mərhələ 1” qazını çatdırır. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə kəmər Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib.

 

Qətiyyətli siyasət, prinsipial mövqeyin təntənəsi

 

Bir sözlə, qətiyyətli siyasəti, prinsipial mövqeyi ilə tanınan cənab İlham Əliyevin uğurları sırasına bir möhtəşəm hadisə də əlavə edilir. Bu layihənin hansı formada ərsəyə gəlməsi bəllidir. Yalnız güclü siyasi iradə nəticəsində bu beynəlxalq layihə gerçəkliyə çevrilib. Noyabrın 30-da isə bütün Avropa bir daha Azərbaycan Prezidentinin uğurlu diplomatiyasından danışacaq.

Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində daha bir dünya əhəmiyyətli tarixi layihə həyata vəsiqə almış olacaq. TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə artıq regiona və tərəfdaş ölkələrin həyatına yeni bir nəfəs gələcək.

Ümumiyyətlə, "Cənub qaz dəhlizi” Azərbaycan Prezidentinin söylədiyi kimi, enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Layihənin elə önəmi də bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılır. Bu dəhliz həm yeni yollar, həm də yeni mənbədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-22 noyabr.- S.1; 9.