Vladimir Vasilyev: Rusiya və Azərbaycan arasında mehriban qonşuluq əlaqələri yaranıb

 

Rusiya və Azərbaycan arasında mehriban qonşuluq, hətta deyərdim ki, doğmalıq əlaqələri yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edən Dağıstanın başçısı Vladimir Vasilyev söyləyib.

O qeyd edib ki, Dağıstan və Azərbaycan iqtisadi sahədə sıx əməkdaşlıq edəcəklər. Dağıstanın başçısı əlavə edib: “Biz resursları birləşdirmək üçün həm sizdə, həm də özümüzdə olan üstünlüklərdən istifadə edəcəyik. Biz rəqib yox, tərəfdaş olmaq istəyirik. Xüsusən, indi bizim kənd təsərrüfatı və ət məhsullarını yüksək gəlirlə realizə etmək barədə danışırıq. Azərbaycan kəndlilər, kənd təsərrüfatı istehsalçıları üçün çox yaxşı şərait yaradıb, vergiləri azaldıb, bizdə bu məsələlər hələ həllini tapmayıb. Danışıqlar aparacağıq, öyrənəcəyik. İndi respublikalar arasında nəqliyyat məsələləri yoluna qoyulur ki, zənnimcə, bu da münasibətlərin inkişafına kömək edəcək. Hökumətlərimiz artıq bu məsələni həll ediblər”.

V.Vasilyev vurğulayıb ki, humanitar əlaqələr də yaxşı qurulub. “Azərbaycanlı turistlər tez-tez Dərbəndin qonağı olurlar, dağıstanlılar isə mütəmadi olaraq Bakıdadır. Növbəti ildə Bakı-Dərbənd-Mahaçqala və əks istiqamətdə sürət qatarı istismara buraxılacaq”, -deyə o əlavə edib.

 

Azərbaycan.- 2019.- 24 noyabr.- S.4.