Gələn ilin dövlət büdcəsi layihəsində dəyişiklik ediləcək

 

Milli Məclis 2020-ci ilin büdcə zərfinə daxil olan sənədləri ikinci oxunuşda təsdiqlədi

 

Noyabrın 14-də Milli Məclisdə birinci oxunuşda təsdiq edilən "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər dünən parlamentin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarıldı. Deputatlar bir daha fikir və təkliflərini səsləndirdilər və müzakirələrin sonunda sənəd ikinci oxunuşda təsdiqləndi.

Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, gündəliyə daxil edilən 19 məsələdən 9-u büdcə zərfinə aid sənədlərdir. Bu sənədlər ilk oxunuşda müzakirəyə çıxarılıb və 79 deputat çıxış edərək təklif irəli sürüb.

 

Ən böyük büdcə

 

İkinci oxunuşda müzakirəyə çıxarılan sənədlərlə bağlı öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsindədir. İllər keçdikcə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür. Büdcə layihəsi Milli Məclisdə geniş şəkildə müzakirə edilib və deputatlar tərəfindən maraqlı təkliflər irəli sürülüb. Maliyyə və İqtisadiyyat nazirlikləri bu təkliflərə bugünkü iclasda cavab verəcəklər.

Sonra iclasda müzakirələr başlanıldı. Deputatlardan Elmira Axundova, Sahib Alıyev, Elman Məmmədov, İlham Məmmədov, Əflatun Amaşov, Azay Quliyev, Sevinc Hüseynova, Məlahət İbrahimqızı çıxış edərək qeyd etdilər ki, büdcə mükəmməl hazırlanıb. Bildirilidi ki, 2020-ci ilin dövlət büdcəsi ən böyük büdcə olduğu üçün ənənəvi olaraq onun sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet istiqamətlərdən olacaq.

 

"Çap məhsulları üzərindən ƏDV-ləri götürmək lazımdır”

 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov dedi ki, Azərbaycanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsi gündəmə gətirilməlidir. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-lər götürülməlidir: "Azərbaycanda hər sahədə islahatlar gedir. Həmkarlarımız da çıxışlarında media sahəsində də islahatların aparılmasının vacibliyini səsləndirirlər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədədir. Əsla belə deyil. Medianı daha da güclü görmək üçün ilk növbədə onun iqtisadi müstəqilliyini artırmalıyıq. Media imkanlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yox dərəcəsindədir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq”.

 

"Məcburi köçkünlərlə bağlı bəzi qərarlar ləğv edilməlidir”

 

Deputat Elman Məmmdovun təklifi diqqət çəkdi. Deputat bildirdi ki, Prezident İlham Əliyev bütün çıxışlarında məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmağı tapşırır. Hökumət isə bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır. Ancaq bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkün statusuna malik olan bir qrup insanın yolunun bağlanmasına gətirib çıxarır. Bunlardan biri də Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarıdır: "Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Bu, ziddiyyət təşkil edir axı...

Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə, onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”

Milli Məclis Sədrinin müavini Bahar Muradova da deputat həmkarına dəstək oldu. Parlamentin İnsan hüquqları komitəsinin sədri dedi ki, məcburi köçkün statusu ilə bağlı məsələlərdə bir sıra problemlər yaranır: "Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və "Qaçqınkom”a müraciət edirik. Müraciət edirik ki, problemlər həll olunsun. Problem də həll olunmadıqca üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur. Son vaxtlar belə müraciətlərin sayı artıb. Bu problem təkcə Fizuli rayonunda 12 min nəfəri əhatə edir. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza dövlət tərəfindən verilən müavinətlər dayandırılır. Həmçinin bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər. Hesab edirəm ki, getdikcə ölkə rəhbəri tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kənddə olan eyni statuslu şəxslərin bir qismi bundan istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir”.

Milli Məclis Sədrinin müavini onu da qeyd etdi ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində də problemlər yaranır. Bahar Muradova hökumətdən məsələni diqqətdə saxlamağı xahiş etdi.

 

Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsait 1 milyon manat artırıla bilər

 

Çıxışlardan sonra gələn ilin dövlət büdcəsinin əsas parametrləri barədə Maliyyə naziri Samir Şərifov məlumat verdi. Qeyd edildi ki, müzakirələr zamanı deputatların səsləndirdikləri bəzi təkliflər nəzərə alınıb.

 

Əksər deputatlar çıxışlarında təmsil olunduqları rayonlarda bəzi sosial infrastrukturların tikilməsi, yolların bərpası ilə bağlı təkliflər irəli sürüblər. Nazir dedi ki, ötən ilin dövlət büdcəsindən investisiya layihələrinin həyata keçirilməsi üçün 5 milyard 982 milyon manat ayrılıb. Bu il isə 4 milyard 909 milyon manat ayrılıb. Bu vəsaitlər əsasən regionlarda sosial infrastrukturların tikilməsi, yenilənməsi prosesinə sərf olunacaq.

Nazirin sözlərinə görə, deputatlar tərəfindən siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata, ictimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin isə 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması təklif olunub: "Bununla yanaşı, ölkə Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir Şəhər Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Ağsu rayonu ərazisinlə Qədim Ağsu Şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğunun yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif edilib”.

Nazir qeyd etdi ki, maliyyə təminatının daha da yaxşılaşdırılması ilə 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir: "Eyni zamanda Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən, Naxçıvan muxtar respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması hesabına muxtar respublikanın öz gəlirlərinin 19 milyon manat artırılmasına və dövlət büdcəsində müvafiq olaraq muxtar respublikaya ayrılan dotasiya məbləğinin 19 milyon manat azalmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manat vəsaitin dövlət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur. Bu zaman muxtar respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən muxtar respublikanın büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq”.

Samir Şərifovun fikrincə, aparılacaq dəyişiklik nəticəsində 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layihədəki kimi, müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 milyard 488 milyon manat səviyyəsində nəzərdə tutulur. İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin gəlirləri təqdim olunmuş səviyyədə, yəni 24 milyard 134,5 milyon manat, xərcləri isə 19 milyon manat azaldılaraq 26 milyard 894,7 milyon manat təşkil edəcək: "Bunları nəzərə alaraq, təqdim olunmuş 2020-ci il dövlət büdcəsi layihəsində düzəlişlərin edilməsinə ehtiyac yaranır. Təklif edirik ki, bu təkliflər qəbul edildiyi təqdirdə qanun layihəsinin 7.1, 7.3, 7.7 və 7.12 maddələrində müvafiq dəyişikliklər əksini tapsın”.

Müzakirələrdən sonra "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

 

Yaşayış minimumu və ehtiyac meyarının məbləği təsdiqləndi

 

Sonra iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”,”Əmək pensiyaları haqqında”, "Məşğulluq haqqında”, "Sosial müavinətlər haqqında” və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Sənədlərlə bağlı məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, birinci oxunuşda müzakirələr zamanı deputatlar fikir və təkliflərini səsləndiriblər.

Sonra sənədlər bir-bir səsverməyə çıxarılaraq qəbul edildi. Beləliklə, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri isə 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub.

 

İcbari tibbi sığortaya keçid mərhələli şəkildə aparılacaq

 

Günün ikinci yarısında Milli Məclisdə "Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənədlə bağlı məlumat verərək bildirdi ki, gələn ildən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Bir il öncə "Tibbi sığorta haqqında” qanuna 100-dən artıq dəyişilik edilib. Bu dəfə isə qanunun 8 maddəsinə 126 əlavə və dəyişiklik nəzərdə tutulur: "Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı sənəd imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb. Bu sərəncamdan irəli gələrək "Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Bu dəyişikliklər əsasən icbari tibbi sığorta ilə bağlıdır”. Dəyişikliklər 3 qrupa bölünür. Bunlar anlayışlar, stilistik və sığortaolunanlarla bağlı dəyişikliklərdir.

Bildirildi ki, bu dəyişikliklər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Qanuna əlavə ediləcək 16-4-cü maddəyə əsasən icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, mərhələli şəkildə tətbiq olunacaq.

İclasda çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə bildirdi ki, 2018-ci ilin dekabr ayında qanuna dəyişikliklər edilib. 2019-cu il isə icbari tibbi sığortaya hazırlıq ili kimi nəzərdə tutulmuşdu. Bu il bir sıra məsələlər öz həllini tapdı və yenə də hazırlıq işləri görülür: "Prosesin mürəkkəbliyini, tibb müəssisələrinin maliyyələşməsini nəzərə alaraq, biz icbari tibbi sığortaya keçidi mərhələli şəkildə təklif edirik. Bu proses 4 rübə bölünür. I rübdə tibbi sığorta respublikanın şimal bölgəsində 20 rayonu, II rübdə qərb bölgəsində 17 rayonu, III rübdə cənub bölgəsində 14 rayonu, IV rübdə isə Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edəcək. Yəni ilin sonunadək bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqi reallaşacaq”.

Dəyişikliyə əsasən dövlət büdcəsi vəsaiti hesabına bütün əhalinin illik sığorta haqqı adambaşına 90 manat müəyyən edilib. Əvvəl baza 29 manat və əlavə xidmətlər 120 manat idi. İndi bu iki hissə ləğv edilib. Ümumilikdə 90 manat müəyyən edilib.

 

Ciddi maarifləndirməyə və ictimai müzakirələrə ehtiyac var

 

Aydın Mirzəzadə, Vahid Əhmədov, Rafiq Məmmədhəsənov, Əflatun Amaşov, İlham Əliyev, Qənirə Paşayeva, Azay Quliyev çıxış edərək bildirdilər ki, Azərbaycanda dövlət səhiyyə sisteminə yeni yanaşma yaranır və gələn ildən çox mühüm prosesə start veriləcək. Ancaq bunun üçün insanların maarifləndirilməsi çox vacibdir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deputat həmkarlarının fikirlərinə dəstək verərək dedi ki, prosesin ciddi şəkildə ictimai müzakirələrə ehtiyacı var: "Həkimlər, mütəxəssislər bununla bağlı ciddi iş görməlidirlər. Mütəxəssislər ezamiyyətə göndərilməli və insanlar maarifləndirilməlidir. Vətəndaşların çoxu bundan xəbərsizdir. Dünyanın ən aparıcı ölkələrində belə bu məsələlər tam həllini tapmayıb. Bizdə də bunun narazılıqlara səbəb olmaması üçün ciddi müzakirələr aparılmalıdır”.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda səsverməyə qoyularaq təsdiqləndi.

 

Məhkəmə-hüquq islahatları dərinləşdirilir

 

İclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarıldı. Qanunvericilik paketi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirildi ki, dəyişikliklər edilməsi nəzərdə tutulan qanun layihələri "Məhkəmələr və hakimlər haqqında”, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrində, "İnzibati icraat haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik edilməsi barədədir.

Komitə sədri dedi ki, qanunvericilik paketi ilk oxunuşda müzakirəyə çıxarılarkən deputatlar maraqlı təkliflər səsləndiriblər. Onların bəziləri ikinci oxunuşda nəzərə alınıb, layihələrin hazırlanması ilə əlaqədar Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələrindən ibarət işçi qrupları yaradılıb, statistik məlumatlar və mövcud təcrübə təhlil edilib, qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin hüquq ictimaiyyətinin, akademik dairələrin, sahibkarların iştirakı ilə geniş ictimai dinləmələr keçirilib.

Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.

Müzakirələrdə iştirak edən deputat Tahir Kərimli, Vahid Əhmədov çıxış edərək qanun layihələrinə edilən dəyişilikləri müsbət qiymətləndirdilər. Sonra qanun layihələri ayrı-ayrılıqda səsverməyə çıxarılaraq ikinci oxunuşda təsdiq edildi və Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 19 noyabr.- S. 1; 5.