Erməni təxribatının “Sumqayıt ssenarisi

 

Tarixin müxtəlif dönəmlərində ermənilər Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

 

Prezident İlham Əliyevin göstərişi ilə hadisələr yenidən araşdırıldı

 

Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş vermiş iğtişaşlarla bağlı cinayət işi başlatsa da, dörd gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işi öz icraatına götürmüş, Sumqayıtın və ümumiyyətlə Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarını isə istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırmışdı.

Belə bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş tərəf kimi tanınması asanlaşmış, tutulan ermənilərin hamısı "səhvən yaxalanmışlar” kimi azadlığa buraxılmışdı. Hərbçilər tərəfindən tutulmuş Eduard Qriqoryanın ifşa edilməsi isə istintaqın yox, zərərçəkmiş Mejlumyan bacılarının onu özlərinə qarşı zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində mümkün olmuşdu. Moskvadan gələn müstəntiqlər Sumqayıtda özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbaycanlılarla amansız rəftar edirdilər. SSRİ DTK-nın baş müstəntiqi, polkovnik Zubtsev Sumqayıt milisinin əməkdaşlarını sorğu-suala tutarkən bu söhbətin məntiqində başa düşülmüşdü ki, sovet rəhbərliyini bu qanlı təxribatı təşkil edənlər yox, yerli partiyasovet orqanlarının, təsərrüfat və istehsalat sahələri rəhbərlərinin şəxsi həyatları barədə kompromat xarakterli məlumatlar daha çox maraqlandırır. Bütün bunlar isə, çox güman ki, bu şəxslər barəsində hansısa tədbirlər görmək, azərbaycanlı rəhbər işçiləri ləkələmək və həbs etmək üçün lazım olmuşdu. Bu isə, öz növbəsində, azərbaycanlıların əleyhinə daha bir çığır-bağır kampaniyası qaldırmağa imkan verə bilərdi.

Ona görə də hadisələrin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirilmiş və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər və təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilmişdi.

Cinayət işlərinin öyrənilməsi göstərmişdir ki, 1988-ci ildə işin istintaqı tam, hərtərəfli və obyektiv araşdırılmamış, hadisələrin əsl mahiyyəti gizlədilmiş, cinayətlərın bütün iştirakçıları, əsasən də təşkilatçıları müəyyən edilməmiş, hadisələrin başvermə səbəbləri və şəraiti aydınlaşdırılmamışdır. Respublikamızın istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olmuşdur. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışlar.

 

Sovet rəhbərliyi hadisələrin baş verməsində maraqlı idi

Ermənilərin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi ilə bağlı iddialarına baxmayaraq, cinayət işləri öyrənilərkən müəyyən olunmuşdur ki, şəhərə qoşun yeridilərkən 5 azərbaycanlının ölməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda başlanan istintaq işinə əsassız olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakıdakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Valeri Markaryan içərisində hərbçilər olan avtobusu Sumqayıtda dinc əhalinin üstünə sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Sumqayıt hadisələrindən sonra erməni tərəfi dərhal anti-Azərbaycan informasiya kampaniyasına başlamışdı. Onlar hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmaması haqqında fikir formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmirdilər. Ermənilər indibu hadisələrin azərbaycanlılar tərəfindən onlara qarşı soyqırımı törədildiyi fikrini formalaşdırmağa çalışır, hadisələrə siyasi qiymət verilməsinin vacibliyini vurğulayırlar. Kremlin göstərişi ilə hərəkət edən ovaxtkı rəsmi Bakı da Sumqayıt hadisələrinin guya bir qrup xuliqan tərəfindən törədilməsi versiyasını qəbul etmiş və hadisələrin səbəblərini araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə günahkarları öz içərimizdə - Sumqayıtda, şəhərin ovaxtkı rəhbərliyi arasında axtarmağı, tez-tələsik onları cəzalandırmağı, vəzifələrindən azad, partiya sıralarından xaric etməyi və bununla da öz funksiyalarının bitdiyini göstərməyi üstün tutmuşdu.

Araşdırmalar isə göstərir ki, Sumqayıt hadisələrinin ən azı üç tərəfi olmuşdur: birincisi, "yenidənqurma”, "yeni siyasi düşüncə” şüarları ilə pərdələnən Mixail Qorbaçovun rəhbərliyi ilə dünya sosializm sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr, ikincisi, yaranmış fürsətdən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək istəyən erməni və ermənipərəst millətçi və separatçı qüvvələr, üçüncü tərəf isə hadisələri icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən təhrik olunmuş yeniyetmələr, müxtəlif cinayətkar ünsürlər və yetkinləşməmiş gənclər.

SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin müəllifləri və bu ssenarini həyata keçirməyə çalışan qüvvələr, erməni millətçi və separatçılarının havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı bir siyasi bəhanə əldə etmək üçün Azərbaycan ərazisində antierməni iğtişaşlar törətmək qərarına gəlmiş və bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçmişdilər. SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ problemi nə qədər sərfəli idisə, Sumqayıt bəhanəsi də erməni hərəkatına təkan vermək üçün bir o qədər yararlı idi.

Sumqayıt şəhərinin keçmiş güc strukturları əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsa da, müəyyən etmişlər ki, şəhərdə özlərini "Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət göstərib. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır.

DTK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olan "Paşa” ləqəbli Eduard Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılsa da, o buna şübhə ilə yanaşmış, milliyyətcə erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını demişdir. Martın əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev onu çağıraraq Eduard Qriqoryan barədə məlumatın doğru çıxdığını və artıq həbs olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açılmış, əməliyyatın gedişində Qriqoryanın əslən qarabağlı, milliyyətcə erməni olan Osipovya Osipyan soyadlı bir "həmkarı” ilə söhbətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat alınıb və bu ölkənin müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamaqdan və göndərməkdən imtina etmişlər.

Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin hansı dərəcədə maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr müavini Filip Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdir ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti var. SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə yalnız iğtişaşların icraçıları ilə maraqlanmış, cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri, demək olar ki, kölgədə qalmışdır.

 

Ermənilərə külli miqdarda silah və canlı qüvvə verilirdi

 

Ermənistanın rəhbərləri, hərbçiləri, qatı millətçiləri Dağlıq Qarabağın və Azərbaycanın 20 faiz torpaqlarının işğalında, görəsən, təkcə öz imkanlarındanmı istifadə etmişdilər? Xeyr! Əgər kənardan kömək olmasaydı, ermənilər cürət edib Azərbaycan torpaqlarını zəbt edə bilməzdilər. Buna onların cəsarəti çatmazdı! Sovet hərbçiləri bu işdə onlara dəstək idilər. Ermənilərə külli miqdarda silah və canlı qüvvə verilirdi. Sonralar Rusiyanın Ermənistana təmənnasız bir milyard ABŞ dolları həcmində silah verməsi bütün dünya ictimaiyyətinə bəllidir.

1990-cı il yanvar ayının 24-də Parisdə nəşr olunan "Jurnal dyu dimanş” qəzeti yazırdı: "Axır günlər Livandan Yerevana minomyotavtomatlar daşıyan təyyarələr gəlməkdə davam edir. Onların boşaldılması erməni gömrük işçilərinin nəzarəti altında gecələr həyata keçirilir. Artıq neçə gündür ki, aeroportun gömrüyündə bir nəfər də olsun rus xidmət etmir. Bu silahların daşınması, ola bilsin ki, sentyabrdan başlanıb. Dağlıq Qarabağda vətəndaş müharibəsi qızışan andan Yerevanda və kəndlərdə, Azərbaycanla sərhəd ərazidə daha çox silahlı adamlara, həmçinin hər şeyə hazır olan qızışmış gənclərə rast gəlinir. Bu dəstələrin başında çox vaxt Beyrutdan və Dəməşqdən gəlmiş erməniləri görmək olar. Onların bəziləri Livan terrorçularına və silahlanmış xristian qruplarına yaxındırlar. Küçə döyüşləri taktikasını yaxşı bilən yüzlərlə Livan ermənisi bura vizasız gəlib. Onların bir hissəsi Yerevanda yerləşir, əksəriyyəti isə sərhəd rayonları olan GorusXanlar ətrafına yola düşüb. Qonşu respublikalarda olduğu kimi, "Qarabağ komitəsi” bu təşkilatları Azərbaycana qarşı öz əlində saxlayır”.

 

(Ardı var)

 

Azərbaycan.- 2012.- 28 noyabr.- S. 6.