Generallar yenə Azərbaycanı seçdilər

 

Rusiyanın və NATO-nun ali hərbi komandanlığının görüşü bu dəfə də Bakıda keçirildi

 

Azərbaycan növbəti dəfə NATO və Rusiya arasındakı hərbi müzakirələrə evsahibliyi etdi. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin görüşü bu dəfə də Bakıda baş tutdu. Bu, artıq il ərzində Bakıda keçirilən ikinci Rusiya-NATO danışıqları idi.

 

Ölkəmizə olan böyük etimadın göstəricisi

 

Xatırladaq ki, bundan əvvəl bu ilin iyul ayında Valeri Gerasimovla NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Volter Bakıda görüşmüşdü. Ötən ilin apreldekabr ayında isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı əvvəlki baş komandanı Körtis Skaparrotti ilə görüşmüşdü. Valeri Gerasimovun 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin əvvəlki rəhbəri general Cozef Danford, 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin Ser Stüart Piiçdən əvvəlki rəhbəri, general Petr Pavel ilə də görüşlərinə evsahibliyini Bakı etmişdi.

Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Prezident İlham Əliyev Rusiya və NATO arasındakı hərbi müzakirələrin Bakıda keçirilməsini ölkəmizə göstərilən etimad kimi dəyərləndirib: "Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib. Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, - görüşlərin təməli 2017-ci ildə qoyulub, - bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük”.

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan ötən 16 ildə həm NATO, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirib.

Üstəlik, Azərbaycan Prezidentinin həm NATO üzvü olan dövlətlərin rəhbərləri, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətləri var. İlham Əliyev AmerikadaAvropada etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edilir. Bu mənada generalların görüş yeri üçün Bakının seçilməsi Prezident İlham Əliyevə olan etimadın, eyni zamanda Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının və ona böyük hörmətlə yanaşıldığının təzahürüdür.

Qeyd edək ki, Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadihumanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Respublikamız nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma rəsmi Bakının istər ABŞ, istər Avropa və istərsə də Rusiya ilə çox yaxşı siyasi münasibətləri var. Öz uğurlu siyasəti ilə respublikamız təkcə regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır, sülhyaratma proseslərində fəal iştirak edir, öz fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

 

Hərbi siyasi dairələrdə maraqla izlənən görüş

 

Rusiya ilə NATO və ABŞ arasında aparılan danışıqlar dünyanın siyasi-hərbi gündəmində kifayət qədər ciddi hadisələrdən biridir. Ona görə ki, bu danışıqları aparanlar qarşı qütblərdə dayanan, beynəlxalq münasibətlərdə xüsusi çəkisi və iddiası olan tərəflərdir. Belə görüşlərdə olduqca vacib, Avropanı, həm Amerikanı və bütövlükdə dünyanı narahat edən məsələlər, hərbi-siyasi nüfuz uğrunda mübarizədə yaranan ziddiyyətlər müzakirə olunur. Hər gün kütləvi-informasiya vasitələrində NATO və Rusiya hərbçilərinin üz-üzə gəldiyi, təyyarələrinin bir-birinin hava zonasına, gəmilərinin dəniz sularına yaxın məsafələrdə manevrlər etdiyi barədə xəbərlər oxuyuruq. Gün kimi aydındır ki, hər hansı bir qığılcım, tərəflərdən birinin emosiyalarını cilovlaya bilməməsi müharibənin başlanmasına səbəb ola bilər. Ona görə Rusiya ilə istər NATO, istərsə də ABŞ ali hərbi heyətləri arasında aparılan danışıqlar potensial hərbi toqquşmaların baş verməməsi üçün mühüm əhəmiyyət daşıyır. Bütövlükdə, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir.

NATO və Rusiya arasında aparılan danışıqların ölkəmizə heç bir aidiyyəti yoxdur. O baxımdan ki, bu görüşlərdə Azərbaycanla bağlı məsələlər müzakirə olunmur. Bununla belə bütün dünyanın izlədiyi son görüşün ölkəmizə birbaşa aidiyyəti var. Çünki bu görüş yenə də Bakıda keçirildi. Valeri Gerasimovun 2015-2019-cu illərdə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinə rəhbərlik etmiş general Cozef Danfordla danışıqlarını da nəzərə alsaq, bu, sayca Bakıda keçirilən 7-ci görüşdür.

Bu müzakirələr üçün Azərbaycanın seçilməsi respublikamıza olan hörmət və etimadın, eyni zamanda Bakının regional təhlükəsizlik, inkişafsabitliyin təmin edilməsində oynadığı rolunyürütdüyü müstəqil siyasətin göstəricisidir. Bu mənada Bakı şəhəri humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır. Beləliklə, Azərbaycan beynəlxalq ictimaiyyətin layiqlinüfuzlu üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə evsahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfələrini verir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 28 noyabr.- S.1-2.