Lerikdə Nəsimi bayramı

 

İki gün ara verməyən qar dayanmışdı. Dağların arxasından boylanan günəş havanın şaxını sındırmışdı. Gediş-gəliş erkən başlamışdı. Asfalt yollardan aşağı enən maşınlar Lerik şəhərindəki mədəniyyət sarayına yan alırdı.

Bayramsayağı geyinmiş tamaşaçılar qarşılanır, zala dəvət olunur, yerlərini tuturlar. Onlar dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ümumrayon tədbirinə gəlmişlər.

Musiqinin sədaları altında pərdə qalxır. Səhnədə böyük şairin portreti asılmışdır. "Cahana sığmayan şair” ədəbi-bədii kompozisiyası başlanır. Jurnalist Hüsaməddin Abbasov Nəsiminin ömür yolu və bənzərsiz yaradıcılığı haqqında məlumat verir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ədəbiyyatımızın klassiklərinin irsinə verdiyi yüksək dəyərdən, Nəsiminin ideyalarının müasir dövrdə də əksini tapdığından, onun əsərlərinin insanlığı mənəvi kamilliyə, ədalətə, humanizmə çağırdığından bəhs etdi.

Tamaşaçılar həvəskar qiraətçilər Sədrəddin Ağaxanlı, Nərmin Abbasova, Aysun Hüseynova, Valid Məmmədov şairin qəzəllərindən parçalar oxudular. Şəhər musiqi məktəbinin müəllimləri Səyyad Əhədov və Fikrət Nuriyev Nəsiminin qəzəllərindən muğam üstə ifa etdilər.

Tədbirdə yerli yazarlardan Hüseynbala Əliyev, Xanlar Həmid, Qəhrəman Əliyevin çıxışları maraqla dinlənildi. Onlar cəmi 48 il ömür sürmüş Nəsiminin 650 ildən sonra da müasir olduğunu vurğuladılar.

Rayon mərkəzi kitabxanasında Nəsiminin müxtəlif illərdə çap olunmuş əsərlərindən ibarət kitab sərgisi açılmışdır.

Bu payız günündə keçirilən musiqili-ədəbi tədbir ürəklərə hərarət gətirdi, əsl bayrama çevrildi.

 

Həmzə VƏLİMƏMMƏDOV,

Əməkdar journalist

 

Azərbaycan.- 2019.- 30 noyabr.- S.7.