Hesablama Palatasının əməkdaşları maliyyə auditi üzrə təlimdə iştirak ediblər

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşkilatçılığı ilə "Şərq Tərəfdaşlıq ölkələrində 2030-cu il gündəliyinin məqsədlərinin həyata keçirilməsinə nəzarət üçün ali audit qurumlarının potensialının artırılması” layihəsi çərçivəsində Hesablama Palatasının əməkdaşları üçün maliyyə auditi üzrə təlim təşkil olunub. Təlim Gürcüstan Dövlət Audit Ofisinin şöbə müdiri Tornike Şermadinin təqdimatı əsasında keçirilib.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd palata əməkdaşlarının bu sahədəki nəzəri və praktiki biliklərini daha da möhkəmləndirmək, bu sahədə Gürcüstan Dövlət Audit Ofisinin təcrübəsini paylaşmaqdır.

Təlim zamanı Avropa Auditorlar Məhkəməsinin tövsiyələri əsasında hazırlanmış maliyyə auditi təlimatına istinad edilib. Təlimin ilk günü Hesablama Palatasının auditoru Firsənd Qurbanovun açılış nitqindən sonra iştirakçılara ali audit qurumlarının beynəlxalq standartlarının təsnifatı barədə ümumi məlumat təqdim edilib, daha sonra maliyyə auditinin mərhələləri və diqqət edilməli əsas məqamlar barədə geniş məlumat verilib. Təlim müddətində praktiki məşğələlər keçirilib və iştirakçıların fəal iştirakı ilə müzakirələr aparılıb. Təlimin növbəti günlərində riskin qiymətləndirilməsi, qurumonun daxili nəzarət mühitinin anlaşılması, fırıldaqçılıq riskinin qiymətləndirilməsi, əhəmiyyətliliyin planlaşdırılması, maliyyə auditinin miqyasının müəyyənləşdirilməsi, ümumi audit strategiyası, maliyyə hesabatlarının təsdiq edilməsi, analitik prosedurlar, audit rəyləri və auditor hesabatlarının məzmunu və bu kimi digər məsələlərə toxunulub, qarşılıqlı müzakirələr aparılıb.

Sonda Hesablama Palatasının əməkdaşlarına sertifikatlar verilib.

 

Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 2.