Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Oktyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 2019-cu il sentyabrın 13-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb. Bildirilib ki, Rafael Cəbrayılovun Milli Məclisin nüfuzuna xələl gətirən hərəkətlərlə məşğul olması səbəbindən deputat mandatından istefasının qəbul edilməsi barədə Milli Məclisin sədrinə ünvanladığı yazılı müraciət müvafiq olaraq baxılması üçün MSK-ya göndərilib. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Milli Məclisin deputatı imtina ilə bağlı müraciət etdikdə, aidiyyəti orqan tərəfindən deputat mandatından məhrum olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada yaranan əsas nəzərə alınaraq, beşinci çağırış Milli Məclisin deputatı Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsinə qərar verilib.

İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

Komissiyanın qərarı ilə 37 saylı Nizami birinci (Gəncə), 39 saylı Kəpəz birinci (Gəncə), 108 saylı Ağstafa və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edilib.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

 

Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 6.