İçərişəhər memarlıq incisidir

 

Bu gün dünyada 1500-ə yaxın abidə UNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən qorunur. Komitə dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və mədəni irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir.

Azərbaycan tarixinin qədim köklərə bağlılığını, onun yüksək mədəniyyət diyarı olmasını sübut edən xeyli abidələrimiz var ki, onlar qorunaraq nəsillərdən-nəsillərə ötürülmüşdür. Bunlardan biri də tarixi yaddaşımızın canlı şahidi olan İçərişəhərdir.

İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrimizdəndir.

 

Unikal tarix-memarlıq qoruğu

 

Qədim tarixə və zəngin mədəniyyətə malik olan İçərişəhər Azərbaycan xalqının milli sərvətidir. Onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.

İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu statusunu almışdır. Bu unikal məkan 2000-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilmişdir. Azərbaycan memarlığının, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr dünya mədəni irsinə gözəl bir töhfədir.

1988-ci ildən ölkəmizin həyatında baş verən siyasi-ictimai hadisələr bu tarix-memarlıq qoruğunu bir növ unutdurmuşdu. Bundan başqa, bəzi təsərrüfat subyektlərinin İçərişəhərin ərazisində fəaliyyət göstərməyə meyili qoruğun tarixən formalaşmış strukturuna və məhəllələrinin quruluşuna təsirsiz ötüşməmişdir. Müəyyən abidələrin mühafizə rejimi pozularaq tarixiliyinə və planlaşma-məkan quruluşuna zərər yetirən dəyişikliklər edilmiş, bir neçəsi isə ümumiyyətlə, məhv olmuşdur. Qanun pozuntuları qoruğun ümumi mənzərəsinə xələl gətirmiş, uzun əsrlər ərzində formalaşmış arxeoloji materialın itirilməsinə gətirib çıxarmışdır. 2000-ci il noyabrın 25-də baş vermiş zəlzələ İçərişəhərə ciddi ziyan vuraraq onun vəziyyətini daha da ağırlaşdırmışdır.

Belə şəraitdə Ümummilli Lider Heydər Əliyevin 2003-cü il fevralın 17-də imzaladığı "Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı qoruqla əlaqədar olan dövlət qurumlarının işində köklü dönüş yaratmış, simasını itirməyə başlamış İçərişəhəri, sözün əsl mənasında, xilas etmişdir. Sərəncamdan sonra ictimaiyyətin, mütəxəssislərin və kütləvi informasiya vasitələrinin diqqəti İçərişəhərin problemlərinə yönəlmişdir. Ulu Öndərin müdrikliyi sayəsində qoruğun uzunmüddətli qorunması və bərpası ilə bağlı konsepsiyanın hazırlanması, həmçinin onun idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğun qurulması kimi vacib məsələlər də həmin sərəncamda öz əksini tapmışdır.

2000-ci ildən UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan İçərişəhər 2003-cü ildə komitənin qərarı ilə "qara siyahı”ya, yəni məhv olmaq təhlükəsi olan abidələrin siyahısına daxil edilmişdır. O vaxt bu qərarın qəbuluna 2000-ci il noyabrın 25-də Bakı şəhərində baş vermiş güclü zəlzələnin törətdiyi nəticələr, memarlıq abidələri üçün təhlükə yaradan qeyri-qanuni tikinti işləri, həmçinin İçərişəhərin qorunması və inkişaf planının yoxluğu səbəb olmuşdur. Bununla bağlı komitə Azərbaycan hökumətinə görülməli olan tədbirlərə dair öz tövsiyələrini təqdim etmişdir.

2005-ci il fevralın 10-da "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında” Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı. Sərəncama əsasən qoruğun ikili tabeçiliyi ləğv edildi, vahid idarəetmə sistemi yaradıldı.

 

 

Sirlərlə dolu abidələrə ikinci həyat bəxş edildi

 

Ölkə rəhbərinin tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir-bərpa və abadlıq işləri təbii və insan faktorlarının təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş etmiş, tarixi mənzərəsinin bərpasına öz töhfəsini vermişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi sayəsində İçərişəhərin bərpası və konservasiyası üzrə Master Plan hazırlanmış, Qız qalası və Məhəmməd məscidi kimi dünya əhəmiyyətli abidələrdə xarici mütəxəssislərin iştirakı ilə muzey konservasiyası işlərinə başlanmış, beynəlxalq standartlara cavab verən turizm infrastrukturu şəbəkəsi yaradılmışdır.

Nazirlər Kabinetinin 2009-cu il 25 may tarixli qərarı ilə İçərişəhəri əhatə edən mühafizə (bufer) zonası yaradılmışdır. Zonanın müəyyən edilməsində əsas məqsəd İçərişəhərin tarixi-mədəni irsinin mühafizəsini, qoruq ərazisində yerləşən abidələrin bədii-estetik görkəmini, onların təhlükəsizliyini, funksional təyinatını və uzunömürlülüyünü təmin etməkdir.

Həyata keçirilən tədbirlərə yüksək qiymət verən UNESKO-nun Ümumdünya İrs Komitəsi 2009-cu il iyunun 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirdiyi sessiyada yekdilliklə İçərişəhərin "qara siyahı”dan çıxarılması barədə qərar qəbul etmişdir. Beləliklə, İçərişəhərin qorunmasına və dəyərinin saxlanılmasına hər hansı bir təhlükənin mövcud olmaması artıq beynəlxalq səviyyədə öz təsdiqini tapdı. İçərişəhərə vaxtaşırı səfər edən beynəlxalq ekspertlər müşahidələrinin nəticəsi kimi tövsiyə edirlər ki, Azərbaycan hökumətinin İçərişəhərin qorunması və bərpası ilə bağlı atdığı addımlar, tətbiq olunan idarəetmə modelinin və aparılan bərpa işlərinin metodologiyası, təcrübəsi, qazanılan uğurlar digər dövlətlər, xüsusən tarixi şəhərlər tərəfindən də öyrənilməli və nümunə kimi qəbul olunmalıdır. Krakov, Amsterdam, Sofiya, Tiflis, Kazan, Korfu kimi şəhərlərin tarixi mərkəzlərinin müvafiq inkişaf planlaşdırılmasında və qorunmasında İçərişəhərin təcrübəsi araşdırılmış, ikitərəfli əlaqələr qurulmuşdur. UNESKO İçərişəhərdə aparılan bərpa-konservasiya işlərinin digər tarix-memarlıq qoruqlarında bilavasitə pilot layihə kimi tətbiq edilməsini tövsiyə etmişdir.

İçərişəhər dünyanın Tarixi Şəhər Landşaftı yanaşmasının tətbiqinin sınağı üçün seçilmiş şəhərlərdən biridir. Elə bunun nəticəsidir ki, 2010-cu ildə Bakıda "Bakının şəhər irsinin konservasiyası və inkişafında "Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq ekspertlərin iştirakı ilə beynəlxalq seminar keçirilmişdir.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2010-cu ildə İçərişəhərə Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı UNESKO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinə müraciət etmiş və hazırda bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

2011-ci ildən etibarən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi daha iki beynəlxalq layihədə iştirak edir. Bu layihələrdən biri BMT-nin Ətraf Mühit Proqramı ilə birgə Avropa Komissiyasının Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya şəhərlərinin yerlərinin Razılaşması Proqramı çərçivəsində İcra olunan Davamlı Enerji Planlaşdırılması, digəri isə Qara Dəniz Hövzəsi transsərhəd əməkdaşlıq proqramı çərçivəsində Avropa Qonşuluq və Əməkdaşlıq Aləti tərəfindən maliyyələşdirilən "OLKAS: Egey dənizindən Qara dənizə qədər. Şərq dəniz marşrutlarında orta əsr limanları” adlı layihədir.

 

Əsas vəzifə İçərişəhəri dünya şöhrətli məkana çevirməkdir

 

Bu gün qarşımızda duran başlıca vəzifə İçərişəhərin memarlığının milli xüsusiyyətləri saxlanılmaqla bərpa edilməsi, dünya şöhrətli bir məkana çevrilməsi və Azərbaycan xalqının zəngin tarixinin ən gözəl və canlı bir sübutu kimi həm regionda, həm də dünyada tanıdılmasıdır. Bu istiqamətdə atılan ilk addımlardan biri - 2009-cu ildən başlayaraq İçərişəhərin Qoşa Qala Qapısı meydanında "Meydan bazarı” adlı mədəni-kütləvi tədbirlərin keçirilməsidir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrinin təbliği ilə yanaşı, Bakı sakinlərinin və paytaxt qonaqlarının öz istirahət günlərini İçərişəhərdə keçirmələrinin stimullaşdırılmasıdır.

2010-cu ildən bəri İçərişəhərdə "Qız qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir. Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən bu festival Azərbaycanın ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoymuşdur. Müxtəlif ölkələrdən gəlmiş rəssamlar Qız qalasının maketləri üzərində öz dünyagörüşlərinə uyğun fərqli mədəniyyətlərin sintezini əks etdirən əsərlər yaradırlar.

İçərişəhərin unikallığı, dünyadakı digər belə abidələrdən fərqi ondadır ki, bura səhər açılıb axşam bağlanan muzey deyil, canlı bir şəhərdir. 4 minə (1300 ailə) yaxın əhalisi olan İçərişəhərdə 18 hotel, bir neçə muzey, 100-dən artıq ictimai-iaşə və ticarət obyekti fəaliyyət göstərir. Aydındır ki, hər bir canlı şəhər hər zaman inkişaf edir, dəyişir. Buranın sakinləri hər zaman yeni arzularla yaşayırlar. Hətta bəzən bu insanlar unudurlar ki, tarixi məkanda yaşayır və hər gün də XII, XV, XVIII əsrin abidələri ilə ünsiyyətdə olurlar. İctimai rəyi nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun hazırkı və keçmiş sakinlərdən ibarət tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən kollegial və məşvərətçi orqan olan Ağsaqqallar Şurası yaradılmışdır.

Son illər ərzində İçərişəhərdə turizm infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşmiş, hotellərin, restoranların, muzeylərin, qalereyaların, digər mədəni təsisatların fəaliyyəti ən yüksək səviyyədə təşkil olunmuşdur. Tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilir, yeni görkəm alaraq turist marşrutlarına salınır və turizm məqsədləri üçün istifadə edilir. Bu işləri Avstriyanın "Atelyer Erix Pummer” şirkəti zərgər dəqiqliyi ilə həyata keçirir. Bunlardan unikal memarlıq incisi olan Qız qalası, Məhəmməd məscidi, məktəb-məscid, Sıratağlı Dini-Memarlıq Kompleksi, Arxeoloji park, Çin məscidi, İkimərtəbəli karvansara, Kiçik karvansara, Ağa Mikayıl hamamı, Dördbucaqlı qala bürcü (Donjon) bərpadan sonra yenidən şəhərimizin sakinlərini və qonaqlarını sevindirir.

Hər il yenilənən təmir və bərpa proqramına əsasən qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Onların sırasında müstəsna dərəcədə əhəmiyyətli işlərə nümunə olaraq 2016-cı ildə Böyük Qala küçəsi 50 ünvanında aşkar edilmiş XVII əsrə məxsus yeraltı hamamın konservasiyasını göstərmək olar.

1806-cı ildə Bakının ruslar tərəfindən işğalından sonra hamamın fəaliyyəti dayandırılmış, günbəzləri sökülərək, otaqları təsərrüfat tullantıları ilə doldurulmuş və üzəri torpaqla örtülmüşdür. Belə ki, həmin ərazidə hərbi komendatura yerləşdirilmişdir. Analoji vəziyyət sovet dövründə də davam etmişdir. Təəssüf ki, bu illər ərzində arxeoloji qazıntı ərazisindəki bəzi divar və hörgü qalıqlarında çatlar əmələ gəlmiş və uçmaq qorxusu yaranmışdır. 2016-cı və 2017-ci illərdə arxeoloji qazıntı işləri nəticəsində hamamın əsas hissəsi torpaqdan və təsərrüfat tullantılarından təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. 2018-ci ildən isə abidədə bərpa və konservasiya işləri aparılır. Gələcəkdə burada açıq səma altında arxeoloji muzey ekspozisiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bununla bərabər Sıratağlı Dini-Memarlıq Kompleksində açıq səma altında "Bədii daşyonma sənəti nümunələri”, Çin məscidində numizmatika muzey ekspozisiyaları, Kiçik karvansaranın içində "Sənətkarlar bağı” (Art Garden) fəaliyyət göstərir. Burada turist marşrutları üzrə canlı bələdçilərlə yanaşı, beş dildə audiobələdçi xidmətindən də istifadə olunur.

Şəhərimizin unikal memarlıq incisi olan Qız qalasında muzey konservasiyası işləri başa çatmışdır. Qalanın daxilində çox maraqlı elmi-tarixi ekspozisiya yaradılmışdır.

 

Açıq səma altında muzey

 

İçərişəhər bu gün tarixi simasını özünə qaytarır. Onun ərazisində tarixi araşdırmalar və mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunan arxeoloji materialların zənginliyi nümayiş etdirir ki, İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin maddi və mənəvi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir.

İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESKO-nun Ümumdünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir.

Qoşa Qala Qapısı meydanında mövsümi olaraq hər bazar günləri "Meydan Bazarı” adlı mədəni-kütləvi tədbir keçirilir.

İçərişəhər açıq səma altında bir muzey olması ilə yanaşı, eyni zamanda dünya sivilizasiya ocaqlarından biridir. Bura qala divarları ilə əhatə olunmuş unikal bir şəhərdir və özünün infrastrukturu, yaşayış massivləri canlı orqanizm təşkil edir.

Son zamanlar İçərişəhərdə gedən torpaq-təmizlik işləri zamanı çoxlu sayda su kəhriz quyuları aşkar olunmuşdur.

İçərişəhər kompleksinə daxil olan dünya əhəmiyyətli 3, ölkə əhəmiyyətli 28 memarlıq, konservasiya olmuş 8 arxeoloji və 600-dən çox yerli əhəmiyyətli abidələr xalqımızın zəngin mədəniyyətindən xəbər verir. Qoruq ərazisindəki XVIII-XIX əsr memarlığına aid elmi, tarixi və mədəni cəhətdən yüksək dəyərə malik onlarla bənzərsiz yaşayış binaları və orta əsrlərdə tikilmiş memarlıq abidələri dövlət tərəfindən qorunur.

 

Burada üç mədəni təbəqə aşkar olunmuşdur

 

İçərişəhərdə keçən əsrin əvvəllərindən 60-cı illərə kimi qısamüddətli, 1961-cı ildən etibarən isə stasionar arxeoloji qazıntılar aparılaraq 3 mədəni təbəqənin olduğu müəyyən edilmişdir. Birinci mədəni təbəqə antik dövrdən IX əsrədək olan dövrü, ikinci mədəni təbəqə IX-XIII əsrləri, üçüncü mədəni təbəqə XIII-XVII əsrləri əhatə edir. Arxeoloji kəşfiyyat və nəzarət işləri nəticəsində aşkar olunan qədim Bakının tarixini əks etdirən arxeoloji artefaktlar və son 30 il ərzində arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş antik dövr maddi-mədəniyyət nümunələri, habelə İçərişəhərin sahilə yaxın hissəsinin təhlili, analizi və təsnifatı belə bir fikir söyləməyə əsas verir ki, şəhərin qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz ən qədim yazılı memarlıq abidəsi olan Məhəmməd məscidi, Qız qalası yerləşən ərazi və Bakı buxtası olmuşdur. Xəzər dənizi suyunun səviyyəsinin tarixən artıb-azalmasıyla bağlı elmi araşdırmalar və İçərişəhərdən yeni aşkar olunmuş qədim şəhərimizin tarixini əks etdirən maddi-mədəniyyət nümunələrinin təsnifatı Bakının yaşının təyin olunmasında əvəzsiz rol oynayır.

İçərişəhərdə həyat öz axarı ilə davam edir. Məhz bu füsunkar məkanın dünyanın bir çox tarixi şəhərlərindən başlıca fərqi də odur ki, o, ətraf mühitdən təcrid olunmamışdır, əksinə, özünün coşqun həyatı ilə milyonlarla insanı özünə cəlb edir.

 

Kamil İBRAHİMOV,

 

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin baş məsləhətçisi, professor

 

Azərbaycan.- 2019.- 5 oktyabr.-  S. 9.