Cümhuriyyətin igid əsgəri

 

Ötən əsrin 20-30-cu illərində sovet quruluşuna və erməni-bolşevik silahlı birləşmələrinə qarşı Gədəbəyin Şahtalası ərazisində Mustafa ağanın rəhbərliyi altında yaradılan "Həqiqi Sinfi Mübarizə Təşkilatı”nın üzvlərindən biriAlnabat kənd özünümüdafiə dəstəsinin başçısı Qaçaq Məlik, Qaçaq Əhməd, Qaçaq Salmanla birlikdə Qaçaq Hasan (Hasan İman oğlu) da olub.

Qaçaq Məcidi, Məşədi Mehralını və onların dəstə üzvlərini həbs etmək və yaxud məhv etmək üçün Xalq Daxili İşlər Komissarlığının (XDİK) və Dövlət Siyasi İdarəsinin (DSİ) əməkdaşları, ordu bölmələri dəfələrlə Şahtalasına gəlsələr də, itki verərək istədiklərinə nail ola bilməyiblər. Gəncə, Şəmkir və Gədəbəyin özündən gəlmiş milis və əsgərlər gecə-gündüz dağlarda, dərələrdə çuğul-bələdçilərlə Qaçaq Məcidin və Məşədi Mehralının izi ilə onları və onların dəstəsindəki əksinqilabçıları axtarıblar.

Hasan İman oğlu 1918-ci ilin əvvəllərində Gəncədə Milli Müsəlman Komitəsinin təşəbbüsü ilə erməni qırğınlarının qarşısını almaq məqsədilə özünümüdafiə bölükləri yaradılanda Mustafa ağanın təklifi ilə həmin bölməyə yazılmışdı. On nəfər həmyerlisi ilə türkiyəli hərbçi Hüsaməddin Tuğacın Zazallı dəmir yolu yaxınlığında təşkil etdiyi hərbi hazırlıq təlimlərinin iştirakçısı olmuşdu. Milli Ordunun təcrübəli əsgərlərindən biri idi. Nuru Paşa Azərbaycanı daşnaklardan azad edəndə Hasan da İslam Azadlıq Ordusunun tərkibində döyüşlərin iştirakçısı olmuş, Bakının işğaldan azad edilməsində fəallıq göstərmişdi.

Hasan İman oğlu Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə XI ordu tərəfindən süquta uğradılan günə kimi Milli Orduda xidmət etmişdir. Bolşeviklər cümhuriyyətçiləri, Milli Ordu əsgərlərini kütləvi şəkildə həbs edəndə, güllələyəndə Hasan məcbur olub Gədəbəyə, ata yurdu Alnabata qaçmışdı. Gələndən bir neçə ay sonra adını çoxdan ürəyində gəzdirdiyi Şərəbanı ilə ailə qurmuşdu. Pəhləvan cüssəli Hasan təsərrüfat işlərində çalışmaqdan yorulmazdı. Alnabatda iki nəfər qaçaq yoldaşı ilə Atdıx çayının yaxınlığındakı Binə talasından iri gövdəli fıstıq ağaclarını adam boyuya şübhə doğurmasın deyə bir az da uzun kəsir, içini oyub çıxardır, meşədə daldey bir yerə yığıb quruyana kimi gözləyirdilər. Elə ki, kəsilən ağaclar yaxşıca qurudu, ora-burasını səliqəyə salıb sandıq kimi düzəldirdilər. Sonra da gətirirdilər Hasan İman oğlunun həyətinə, Qara Musanın əli ilə Türkiyədən və s. yerlərdən alınan silahların müəyyən bir hissəsini ot arabasının altında gətirib, keçəyə büküb yığırdılar həmin kötük-sandıqların içinə. Erməni silahlıları kəndlərə basqın edəndə, yaxud erməni xislətli bolşeviklər özünümüdafiə dəstələrinin üstünə yeriyəndə, o silahlardan istifadə edirdilər. Hasan belə fıstıq "sandıq”lardan bir neçəsini də həyətinin gündöyən səmtinə yığmışdı, guya qışda lazım olduqca doğrayıb evdə sobada, çöldə təndirdə yandıracaqdılar.

Yeni hökumətə qarşı Gəncə üsyanındakı əksinqilabçılarla Gədəbəydən gələnlər arasında alnabatlı qaçaq Hasan İman oğlunun da olduğunu müəyyənləşdirmişdilər. Amma nədənsə Hasan İman oğluna neçə vaxt idi ki, dəyib-dolaşmırdılar. İnqilabi hökumətin məmurları tanınmış bolşevik Rüstəm Əliyevin vasitəsilə onu da öyrənmişdilər ki, Hasan İman oğlu gecə-gündüz Gədəbəy qaçaqları ilə çiyin-çiyinədir.

1924-cü il yayın son ayı idi, havalar o qədər də soyumamışdı. NKVD-nin tapşırığına əsasən bir neçə gün idi çuğul qonşu gecələr çöldə yatıb Hasanın evini güdürdü, görsün bu evə kimlər gəlib-gedir...

Həmin çuğul gecənin bir aləmi görür ki, Hasan çölə çıxıb birbaşa tövləyə getdi, oradan atını çıxarıb həyətin o başındakı kötüklərin yanına apardı, əlindəki yüyəni çəkil ağacının budağına ilişdirdi. Sonra bir az aralıda odun doğranan yerdən götürdüyü baltanın baş ucunu kötüyə dirəyib qanırdı, kötüyün üstünü qapaq kimi açdı. Hasan çönüb arxayın-arxayın sağına-soluna baxıb əlini uzatdı kötüyün içinə, tüfəngləri bir-bir sol qolunun üstünə yığdı, aparıb atın belindəki xurcunun gözünə qoydu. Bir vedrəyə yaxın patronu da xurcunun o biri gözünə tökdü. Təzədən fıstıq kötüyünün üstündən götürdüyü hissəni yerinə qoydu, üstünə də böyür-başdakı kol-kos qırığından atdı, guya bura heç əl vuran olmayıb. Yəhərin qaşına keçirdiyi qamçını əlinə aldı, ayağını üzəngiyə qoyub mindi atın belinə, sürdü Çığlı talasına tərəf.

Çuğul qalır mat-məəttəl ki, necə olub bunu indiyə kimi bilməyib, bilsəydi təzə hökumətdə bir vəzifə almışdı. Çuğul sübh tezdən bir stəkan çay da içməmiş özünü çatdırır Gədəbəy Rayon Milis Şöbəsinə. 20 gün bundan əvvəl tapşırıq aldığı rəisin yanına. Gecəyarısı qonşusunun həyətində nə görmüşdüsə, bir az da üstünə qoyub danışır.

Kənd camaatı duyuq düşməsin deyə əsgərlər günortadan sonra Alnabatı dörd bir yandan mühasirəyə alırlar. Axşamçağı Hasan İman oğlu atı tövləyə salıb qabağına yem atmaq istəyəndə hücum edirlər həyətə, Hasanı heç pəyədən çıxmağa qoymurlar. Əlini-qolunu bağlayıb yıxırlar pəyənin bir küncünə, başlayırlar evi axtarmağa, heçtapa bilmədiklərindən həyəti, tövləni, samanlığı ələk-vələk edirlər. Axırda gəlib həyətin o başında, çuğulun durduğu kötüyün böyür-başını axtarmağa başlayırlar. Komandir kötüyə söykənən çuğulun işarəsini o dəqiqə başa düşür. Rusca əsgərlərə əmr edir ki, o kötüyü dığarlasınlar yaxınlıqdakı odun doğranan yerə. Kötüyü dığarladıqca içindən çaqqaçuq səs gəlir. Balta ilə kötüyü yarırlar, içindən iki tüfəng, xeyli patron çıxır. Həyətdəki digər bir neçə fıstıq kötüyünübölüb içindəki tüfəng və güllələri götürürlər. Hasana qəzəbli-qəzəbli "bunlar hardandır” sualını verəndə "mənim xəbərim yoxdurdeyir.

Hasan İman oğlunu gətirirlər Gədəbəy Milis İdarəsinə, oradan da arabaya qoyub bir neçə nəzarətçi ilə aparıb Dövlət Siyasi İdarəsi Şəmkir qəzası binasının (indiki Nizami adına şəhər orta məktəbinin yerindəki köhnə bina) zirzəmisinə salırlar. Növbəti gün isə gecə Dəllər dəmir yolu vağzalından Gəncəyə yatab edirlər. Bir ilə yaxın NKVD zirzəmisində "Silahları hardan almısan?”, "Qaçaqlardan kimlə yoldaşlıq edirsən?”, "Tanıdığın əksinqilabçıların adlarını de?” deyə döyülən, işgəncələrə məruz qalan Hasan "Mənim silahlardan xəbərim yoxdur, qaçaqlardan heç kimi tanımıram, adlarını eşitmişəm, onlarla yoldaşlığım olmayıb” deyib durur. Hasanı döyürlər, işgəncələr verirlər.

"Bəs Gəncə üsyanına kimlərlə qatılmışdın?” sualına Hasan "Mən Cümhuriyyət hökumətinin əsgəri olmuşam, özümü indionun əsgəri hiss edirəm, o hökumətin bərpası üçün vuruşmuşam” deyə cavab verərək qaçaq yoldaşlarından heç kimi ələ vermir.

Bir ildən sonra Fövqəladə Komissiyanın qapalı səyyar iclasında yaxınlarının, hətta ailə üzvlərindən heç kimin iştirakı və xəbəri olmadan Hasan İman oğlu, ona məxsus mülkü və taxıl anbarı müsadirə edilməklə, beş illiyə qazamata göndərilir. Həyat yoldaşı ilə azyaşlı qızına sığınacaq verilmir. Ailəsi, qohumları Hasanın məhkəməsinin nə vaxt keçirildiyindən, onun harada qazamatda saxlanıldığından xəbəri olmayıb. Yaxınları da qorxudan heç kimdən heçsoruşa bilməyiblər. "Xalq düşməni”nin qohumları kimi susmağa məcbur olublar.

Hasan İman oğlu 1929-cu ilin yazında xəstə olduğu üçün qazamatdan buraxılır. Gədəbəyə gələndə, Yasamalı qalxanda qonşu Miskinli kəndindən olan nalbənd Əli görür ki, yoxuşu qalxmaqda çətinlik çəkir, xeyli dayanıb gözləyir, xurcununu götürüb ona yol yoldaşı olur. Hasan Alnabata təxminən 5 kilometr qalmış, Miskinli kəndinin yaxınlığında özünü pis hiss edir, yolun kənarına çıxır, Əlinin köməyi ilə xurcununu başının altına qoyur ki, bir az dincəlsin, özünə gəlsin. Amma ömür vəfa eləmir, oradaca dünyasını dəyişir.

Əli arayıb Hasan İman oğlunun Miskinlidə yaşayan qohumlarına xəbər verir. Kənd camaatı Qaçaq Hasanı - el-oba təəssübü çəkən və erməni daşnakları ilə mübarizədə həmişə öndə olan bir insanı böyük ehtiramla Miskinlidə kənd qəbiristanlığında dəfn edirlər.

Dəfndən bir neçə gün sonra Qaçaq Hasanın xurcunu yada düşür. Açıb baxırlar ki, xurcunun içərisində yeganə övladı - iki yaşında qoyub getdiyi qızı Tovuza aldığı metr yarımlıq donluq güllü parçadan başqa heçyoxdur. Yaxınları parçanı xurcuna qoyub çatdırırlar Alnabata - Hasan İman oğlunun həyat yoldaşı Şərəbanıya. Elə Hasanın dəfn məsələsini də Əli burada dost-tanışa bildirir. Bundan sonra Qaçaq Hasanın ailəsi və qohumları Hasanın nəşini Miskinlidən Alnabat qəbiristanlığına köçürmək istəsələr də "o həm də bizim müdafiəçimiz olub”, "o, dəfələrlə üstümüzə basqına gələn erməni quldurlarının qarşısını alıb”, "o, bizim də təəssübkeşimiz olub” deyə miskinlilər buna etiraz edirlər.

Qaçaq Hasanın Alnabat kəndində yaşayan 95 yaşlı qızı Tovuz nənə bütün bunları çox dumanlı xatırlayır. Repressiya illərində çətinliklərlə üzləşmiş "xalq düşməni”nin qızı gəncliyində qapıbir qonşuları Yunis Əliyevlə ailə qurmuş, beş övladı - üç qız, iki oğlan uşağı olmuşdur. Onların hamısı bu gün xalqını və vətənini sevən, ali təhsilli ziyalılardır.

Qırmızı terrordan 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq miskinlilər və alnabatlılar Qaçaq Hasanı ehtiramla xatırlayırlar.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 5 oktyabr.-  S. 10.