Ermənistanda əhali 17 faiz azalıb

 

Ağır sosial-iqtisadi vəziyyət fonunda işğalçı Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi müşahidə olunur. Hadisələrin real inkişaf axarı göstərir ki, bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq. Hakimiyyətin bu məsələnin həlli istiqamətində atdığı addımlar isə faktiki olaraq iflasa uğrayıb.

Yerli mediada bildirilir ki, ölkə rəhbərliyi indiyədək miqrasiya prosesini dayandıra, qarşısını ala bilməyib. Qeyd olunur ki, bu gedişlə Ermənistanda əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axınının qarşısını almaq qətiyyən mümkün olmayacaq. Reallıq isə budur ki, 1991-ci ildən 2019-cu ilə qədər Ermənistanda yaşayan ermənilər arasında 17 faiz azalma müşahidə edilib. Ermənistan Milli Statistika Xidmətinin DemoqrafiyaStatistika şöbəsinin müdiri Karina Kyumcyan deyib ki, 1991-ci ildə 3,5 milyon nəfər əhalisi olan Ermənistanda bu ilin əvvəlində aparılan siyahıyaalma nəticəsində 2 milyon 965 min nəfərin qeydiyyatda olduğu məlum olub.

1991-2019-cu illər arasında bu ölkədəki azalma təqribən 17 faiz təşkil edib. Şöbə müdiri ölkə ərazisində ən çox azalmanın əsasən əyalətlərdə, məsələn, Lori (42 faiz), Şirak (30) və Vayot (20 faiz) əyalətlərində baş verdiyini bildirib. Maraqlıdır ki, 1991-2011-ci illərdə Ermənistanda təxmini doğuş artımının 400 min müşahidə edildiyini bildirən Kyumcyan bu nəticənin ölkədən gedən 950 min insanın mühacirətini bir qədər yumşaltdığı ilə təsəlli tapdıqlarını bildirir. Lakin o, eyni zamanda 2012-2018-ci illərdəki 92 min təbii artıma qarşı 150 min nəfərdən artıq erməni vətəndaşının ölkəni birdəfəlik tərk etdiyinietiraf edib.

Vurğulayaq ki, bu gün Ermənistanda kişi qıtlığı səbəbindən başsız qalan erməni qadınları daha çox süni mayalanmaya üstünlük verirlər. Belə ki, 2017-ci ildə Yerevanda fəaliyyətə başlayan "Fertility center” mərkəzinin direktoru, ginekoloq-reproduktoloq Eduard Ambarsumyan son illər ərzində bu mərkəzə müraciət edən erməni qadınlarının çoxaldığını etiraf edib.

Yerli mətbuat yazır ki, hələ 12 il bundan əvvəl hökumət miqrasiyanın azaldılmasını nəzərdə tutan strateji proqram işləyib hazırlayıb. Ancaq indiki mənzərəyə əsasən görürük ki, bu proqram heç bir nəticə verməyib. İnsanlar ağır vəziyyətdən bezib ölkəni tərk edirlər. Digər tərəfdən, qanunun selektiv tətbiqi səbəbindən də onlar ölkədən çıxıb gedirlər. Yəni Ermənistan vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi hamiləri olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına da yer verməklə bağlı nə iradəsi, nə istəyi, nə də planı var. Bu da ölkəni tərk edənlərin sayını daha da artırır.

Bundan başqa, ekspertlər ona da diqqət yönəldir ki, görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır. İndi Ermənistan əhalisi bu durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Əhalinin bir hissəsi köçsə də, yerdə qalanlar üçün yeri tapılmır. Bu isə sosial gərginliyi daha da artırır.

Digər tərəfdən, erməni demoqrafların fikrincə, müstəqillik illərində Ermənistan qocalan millət ölkəsinə çevrilib, çünki yaşı 63-dən çox olan ölkə sakinlərinin sayı əhalinin ümumi sayının 12,6 faizi qədərdir. Demoqrafların hesablamalarına görə, yaxın tezlikdə Ermənistanda yaşı 65-ə çatmış sakinlərin sayı əhalinin ümumi sayının 25-27 faizi qədər olacaq. Bu, dövlət üçün sosial təminat baxımından ciddi siqnal olacaq. İndilikdə isə əmək qabiliyyətli insanlar ölkəni sürətlə tərk edirlər.

Təbii ki, belə vəziyyət daha çox sayda insanların Ermənistanı tərk etməsinə rəvac verir. Ümumiyyətlə, qarşıdakı dövr ərzində ölkəni böyük demoqrafik problemlər gözləyir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 6 oktyabr.-  S. 1; 6.