İlham Əliyevin növbəti zəfəri

 

ya süni nöqtəyə qarşı qüdrətli NİDA

 

"Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş XVI illik iclası maraqlı müzakirələrlə yadda qaldı. Dünyanın müxtəlif siyasi dairələrinin diqqət mərkəzində olan iclasın ən maraqlı məqamı isə Prezident İlham Əliyevin Ermənistanın baş naziri N.Paşinyanın avqustun əvvəllərində dediyi sözlərə verdiyi tutarlı və kəsərli "Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı oldu.

 

Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir

 

Prezident İlham Əliyevin Soçi səfəri Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olmasını növbəti dəfə nümayiş etdirdi. Azərbaycan və Rusiya prezidentlərinin son illərdəki rəsmi və işgüzar səfərləri iki ölkə arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. Beləliklə, bir vaxtlar münasibətlərdə mövcud olmuş soyuqluğa baxmayaraq bu gün əlaqələr artıq strateji səviyyəyə yüksəlib. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir.

Azərbaycan və Rusiya prezidentlərinin səmimi görüşü bunu bir daha təsdiq etdi. Görünən odur ki, prezidentlərin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.

"Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın "Rossiya” və "Birinciteleviziya kanallarına müsahibəsində Prezident İlham Əliyev Rusiya ilə münasibətləri şərh edərkən deyib: "Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik”.

 

Küncə sıxışdırılan Paşinyan

 

Bir sözlə, Cənubi Qafqazın lideri olan Azərbaycanın Rusiya ilə münasibətlərində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir. Bu mənada Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsi geostrateji baxımdan da mühüm əhəmiyyət kəsb edir. Çünki artıq təsdiq olunub ki, Azərbaycan Rusiyanın həm strateji, həm də Cənubi Qafqazdakı əsas siyasi-iqtisadi tərəfdaşıdır. Bu reallıq Avrasiya İqtisadi İttifaqının Yerevanda keçirilmiş sammiti fonunda da özünü göstərdi. Belə ki, yürütdüyü siyasət səbəbindən ənənəvi tərəfdaşları rəsmi Yerevana olan inamlarını tam itiriblər. Paşinyanın özü isə digər dövlət başçıları tərəfindən, ümumiyyətlə, ciddi qəbul olunmur.

Məsələn, Paşinyan ev sahibi olsa da, onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Rəsmi Yerevan bu görüşə çoxdan hazırlaşırdı və onun yüksək səviyyədə keçirilməsi üçün diplomatik kanalları işə salmışdı. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahişlər olunub.

Vladimir Putinlə N.Paşinyan arasında görüş günün sonunda, özüsammit çərçivəsində baş tutub. Bu isə Ermənistana və onun baş nazirinə münasibətin göstəricisidir. Xatırladaq ki, bundan öncə də ABŞ-a səfəri öncəsi Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən söylədiyi fikirlər də Rusiya-Ermənistan münasibətlərində yaranmış soyuqluğun göstəricisidir. Bunun başlıca səbəbləri qeyd etdiyim ki, bir tərəfdən Paşinyanın qeyri-konstruktiv siyasət, digər tərəfdən də Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da yüksəlməsi və dünyada etibarlı, səmimi tərəfdaş imici qazanmasıdır.

 

İlham Əliyevi zal alqışlayırdı

 

Beləliklə, "Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclası bəzi həqiqətlərə növbəti dəfə işıq saldı. İclasın kulminasiyası isə qeyd etdiyim kimi, Prezident İlham Əliyevin Paşinyana verdiyi cavab oldu. Xatırladaq ki, Paşinyanın çıxışı erməni auditoriyası qarşısında olmuşdu. Amma İlham Əliyev onun cavabını Bakıda deyil, ölkədən xaricdə - Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Filippin Prezidenti Rodriqo Roa Duterteninbir çox digər siyasətçilərin iştirak etdikləri mötəbər tədbirdə verdi. Ona görə bu cavab nəinki ermənilərə, eyni zamanda onların himayədarlarına da sərt və tutarlı cavab kimi tarixə düşdü.

Təsadüfi deyil ki, Rusiyanın nüfuzlu yazıçısı, tanınmış ziyalı, siyasiictimai xadim, İzborsk klubunun sədri və həmtəsisçisi, "Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov Azərbaycan Prezidentinin çıxışını şərh edərkən bildirib ki, İlham Əliyevi zal alqışlayırdı.

Ümumiyyətlə, Ermənistanın ifşası ilə bağlı fəaliyyət daimi olmalıdır. Prezident İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı bunu yüksək siyasi-diplomatik peşəkarlıqla etdi. Bu, bütün Azərbaycan xalqının ürəyindən xəbər verən bir çıxış idi. Azərbaycan Prezidentinin Soçidə səsləndirdiyi bütün fikirlər dünya ictimaiyyətinə mühüm mesaj oldu. İlham Əliyev ölkəmizin və xalqımızın maraqlarını qətiyyətlə qorudu. Azərbaycanın üzləşdiyi problemin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı və haqqın bizim tərəfimizdə olduğunu yüksək diplomatik peşəkarlıqla əsaslandırdı. Bu, işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli cavab idi. Beləliklə, "Qarabağ Azərbaycandır və nida” cavabı işğalçı Ermənistana vurulan diplomatik zərbə kimi rəsmi Yerevanın danışıqlar prosesində qeyri-konstruktiv niyyət və planlarını alt-üst etdi.

 

Nəsib MƏHƏMƏLİYEV,

 

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2019.- 8 oktyabr.-  S. 3.