Məğlubiyyəti əsgər adına yaraşdırmırdı

 

Vətən uğrunda döyüşənlər həmişə ehtiramla xatırlanırlar. İgidlərin şərəflərinə abidələr ucaldılır, heykəllər qoyulur. Adı əbədiləşən cəsur oğullardan biriQarabağ müharibəsində hünər göstərmiş Azərbaycanın Milli Qəhrəmanı İsmayılov Etibar Bəylər oğludur. Onun döyüşlərdə göstərdiyi şücaət heç vaxt unudulmayacaq qəhrəmanlıqdır. Etibarın erməni işğalçıları ilə son döyüşü 4 yanvar 1994-cü il Xocavənd rayonunun Nərgiztəpə yüksəkliyində oldu. Ertəsi gün isə bu igid əsgərə "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədə dövlət başçısının fərmanı elan olundu.

Etibarın həyat və döyüş yolu ilə yaxından tanış olmaq üçün doğulub boya-başa çatdığı Ağcabədi rayonunun Hindarx kəndinə getdim, xidmət etdiyi hərbi hissədə oldum. Döyüşçü yoldaşları, doğmaları ilə görüşüb söhbətləşdim. Öyrəndim ki, atası Bəylər İsmayılov da Böyük Vətən müharibəsində iştirak edib.

Söhbət zamanı Etibarlı günlərini xatırlayan Bəylər kişi həm oğlundan, həm də iştirakçısı olduğu müharibənin odlu-alovlu günlərindən söz açdı:

- Etibar hələ məktəbli olanda məndən müharibədən, döyüşlərdən danışmağı istəyərdi. Sözünü yerə salmazdım. Düşünürdüm ki, qoy hər şey onun istədiyi kimi olsun. Sözlərindən balaca sinəsində cəsurluq göstərməyə qadir olan bir ürək döyüntüsü hiss olunurdu. Erməni işğalçıları torpaqlarımıza hücum çəkəndə o da kənddəki tay-tuşlarına qoşulub Kərkicahanın müdafiəsinə yollandı.

Etibarın komandiri olmuş mayor Fazil Həsənov qəhrəmanı xatırlayaraq dedi ki, 1991-ci ilin noyabrında Kərkicahanın müdafiəsində dayanmışdıq. Ağcabədi rayonunun Hindarx kəndindən döyüşə 23 nəfər gəlmişdi. Onların arasında Etibar adlı oğlan elə ilk gündən cəsarəti ilə diqqət çəkdi. Tapşırıqları cəsarətlə yerinə yetirərdi. Üstündə tank əleyhinə qumbara gəzdirən Etibar bir gün onu mənə göstərib: "Komandir, ömrümün son anında da olsa, elə bir igidlik göstərəcəm ki, hamını heyrətə salsın” dedi.

Etibar 1993-cü ilin əvvəllərində Ağcabədiyə dönür. Çünki həmin günlərdə rayonda könüllülər taboru yaradılırdı. Çox keçmir ki, Etibargil döyüşlərə atılırlar. Erməni işğalçıları Nərgiztəpə istiqamətindən Ağcabədiyə yaxınlaşırdı. İgid döyüşçülərimiz düşmənin həmlələrini dəf edirdilər. Etibar İsmayılov əsgər yoldaşları ilə düşmən arxasına keçər, tapşırıqları yerinə yetirib geri dönərdi.

Əlli nəfərdən ibarət qrup mühüm tapşırığı yerinə yetirmək üçün gecə yarıdan keçmiş Nərgiztəpə yüksəkliyinə doğru hərəkət edirdi. Əməliyyata gedən əsgərlər yüksəkliyin zirvəsinə qalxanda işğalçılarla üz-üzə gəldilər. Qüvvələr qeyri-bərabər olsa da, geri çəkilmədən vuruşmağa başladılar. Etibar təkbaşına düşmən səngərinə hücum çəkərək döyüşçü yoldaşlarının irəliləməsinə şərait yaratdı. İşğalçılar hücum qarşısında dayana bilməyib geri çəkildilər. Od püskürən silahlar susdu. Amma sakitlik uzun sürmədi. Düşmən birazdan döyüşə əlavə qüvvələr cəlb edərək hücuma keçdi. Əsgərlərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşdilər. Üç döyüşçü şəhid oldu, dörd nəfərsə ağır yaralandı. Əlverişli mövqe tutmaq istəyən Etibar yaralandı. Əsgər dostları onu geri çıxarmaq istəsələr də, o, razılaşmadı, taqım komandiri kimi əsgərlərinə əmr etdi: "Siz arxaya çəkilin, mən ermənilərin tankını partladacağam!” Etibar yaralı vəziyyətdə yüksəklikdə ermənilərin zirehli texnikası ilə təkbətək qaldı. Tank dayanmadan nərilti-gurultu qopararaq ona tərəf irəliləyirdi. Etibar tank əleyhinə qumbaranı əlində tutaraq son döyüşünə hazır dayanmışdı. Çoxdan bəri gözlədiyi qəhrəmanlıq anı yaxınlaşırdı. Həlak olsa da, zirehli texnika ilə döyüşdən qalib ayrılmalıydı, məğlubiyyət onun əsgər adına yaraşmazdı. Yaxınlaşan kimi özünü zirehli texnikanın tırtılları altına atdı. Həmin an ətrafı güclü partlayış dalğası silkələdi. Döyüşçülərimizə tərəf irəliləyən düşmən tankı bir göz qırpımında alova büründü. Ermənilər bundan qorxub hücumlarını dayandırdılar. Ömrünün ən gözəl çağlarını yaşayan Etibar son nəfəsində böyük qəhrəmanlıq göstərdi.

- Ölümündən bir gün əvvəl evə gəlmişdi, - deyə Bəylər kişi söhbətinə davam etdi. - Ata-bala ordan-burdan söhbət etdik. Arxasınca maşın gələndə hamı ilə sağollaşıb yola çıxdı. Ertəsi gün isə eşitdiyim dəhşətli xəbərdən sarsıldım, balam şəhid olmuşdu. O anlarda hansı addım atacağımı bilmirdim. Hərbi hissəyə getdim ki, uşağın meyitini gətirib dəfn edək. Yüksəklik düşmənlərin əlində olduğundan ora yaxınlaşmaq mümkün deyildi. Komandanlıq ermənilərlə danışığa çox cəhd etsə də, heç nə alınmadı. Axşama qədər gözlədikdən sonra kor-peşiman geri qayıtdıq. Ertəsi gün axşama yaxın qohumum Rövşən zəng vurub dedi ki, ölkə rəhbərinin fərmanı ilə Etibara "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Övlad itirmiş ata kimi, ağır dəqiqələrimdə bu mənə təsəlli oldu.

Bəylər kişi otaqlardan birini övladı üçün muzey düzəldib. Oraya ayaq basan kimi Etibarın böyüdülmüş şəkli ilə qarşılaşdıq. Sol tərəfdə qəhrəmanın bir vaxtlar əyninə geyindiyi səhra geyimi asılıb. Yataq yeri səliqə ilə yığışdırılmışdı. Otağın qapısı heç vaxt bağlanmır.

Etibar İsmayılovun meyiti döyüş meydanında qaldığından məzarı yoxdur. Amma uğrunda son nəfəsinədək vuruşaraq şəhid olduğu Nərgiztəpə yüksəkliyi əbədi olaraq onu isti qoynuna alıb əzizləyir. Məğlubiyyəti əsgər adına yaraşdırmayan Etibar kimi oğulların məzarı ürəklərimizdədir.

 

Vahid MƏHƏRRƏMOV

 

Azərbaycan.- 2019.- 10 oktyabr.-  S. 11.