Gənclər Prezidentlə həmrəydirlər

 

Ağcabədi Olimpiya İdman Kompleksində festival keçirilmişdir

 

Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "ValdayDiskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına "Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək qətiyyətli cavab verməsinə həmrəylik məqsədilə festival keçirilmişdir.

Festivalda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər olmaqla 3500 nəfərdən artıq ictimaiyyət nümayəndəsi iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır. Festival iştirakçıları Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun "Mən hər bir azərbaycanlını "Qarabağ Azərbaycandır!” hərəkatına səsləyirəm” çağırışına öz dəstəklərini ifadə etmək üçün 50 dəqiqə müddətində kompleksin ərazisində vətənpərvərlik mövzusunda mahnıların sədaları altında əllərində Azərbaycan Respublikasının dövlət bayraqları ilə yürüş edərək "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirmişlər. Yürüşün önündə Azərbaycan əsgərləri uzunluğu 16 m, eni 8 m olan müqəddəs üçrəngli bayrağımızı öz çiyinlərində şərəflə daşımışlar.

Festival zamanı Ağcabədi Olimpiya İdman Kompleksinin voleybolfutbol meydançalarında idmançıların iştirakı ilə minifutbol, voleybol, sürətli şahmat, kəndirdartma idman növləri üzrə oyunlar və Şərq idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunmuşdur. Rayon məktəblərinin "Şahin” hərbi idman oyunlarında iştirak edən komandaları da tədbirdə iştirak etmişlər.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 6.