Erməni yalanları beynəlxalq miqyasda ifşa olunur

 

Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının plenar sessiyası ilə bağlı televiziyada verilən süjeti mən də izlədim. Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidəki sərsəm çıxışı hamı kimi, məndə də ikrah hissi oyatmışdı.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə mötəbər bir tədbirdə həmin çıxışa münasibət bildirərək vacib bir tribunadan "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri bütün soydaşlarımız kimi, məni də qürurlandırdı. Bununla bir daha ölkəmizin sözügedən münaqişə ilə bağlı sərt mövqeyi ortaya qoyuldu. Bu çıxış Ermənistana vurulan növbəti siyasi-diplomatik zərbə kimi tarixə düşdü.

Ümumiyyətlə, ölkə rəhbərinin mötəbər məclislərdə Qarabağla bağlı söylədiyi qətiyyətli fikirlər hamımıza yaxşı məlumdur. Lakin bu çıxışında Qarabağla bağlı birmənalı mövqeyi nəinki Ermənistanın baş naziri Nikol Paşinyana, erməni ictimaiyyətinə, həmçinin Ermənistanın havadarlarına da olduqca layiqli cavab oldu.

İndi dünya politoloqları həmin iclasda Prezident İlham Əliyevin çıxışını müzakirə edir, onun nə qədər dəyərli fikirlər söylədiyini diqqətə çatdırırlar. Bütün Azərbaycan xalqının ürəyindən xəbər verən bu çıxışda bir çox məsələlərə aydınlıq gətirilməklə yanaşı, Dağlıq Qarabağın Azərbaycana məxsus olması bir daha sübuta yetirildi. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin məlum bəyanatının yalan olduğunu vurğulayaraq demişdir: "Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday” forumu çərçivəsində müvafiq cavab verilib.

Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Digər maraqlı məqam da odur ki, əgər Ermənistanın baş naziri yalan bəyanatı Xankəndidə bir qrup tərəfdarı qarşısında səsləndirmişdisə, Azərbaycan Prezidenti əsl həqiqəti beynəlxalq tədbirdə - "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında səsləndirdi, dünyanın maraqla izlədiyi bu forumda bir daha Qarabağın Azərbaycan torpağı olduğunu diqqətə çatdırdı. Bununla da Azərbaycan Prezidenti Ermənistanın işğalçı-terrorçu dövlət olduğunu bir daha bəyan etdi. Eyni zamanda Paşinyanın bəyanatına əsaslı şəkildə zərbə vurmaqla Vladimir Putinin timsalında Rusiyanın tam siyasi dəstəyini qazandı. Ölkəmizin rəhbəri xalqımızın mövqeyini yüksək tribunadan diqqətə çatdıraraq Ermənistana mesaj ünvanladı ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq.

Ermənistanın baş nazirinin bu sərsəm bəyanatı onların ənənəvi tərəfdaşları tərəfindən də ciddi qəbul edilmir. Hətta nəinki qəbul edilmir, eləcə də bu bəyanat siyasi prosesin tənzimlənməsinə zərbə kimi xarakterizə edilir. Paşinyan ucuz siyasətlə özünə xal toplamağa çalışdı. Lakin o anlamır ki, Ermənistana onun kimi baş nazirlər hələ çox gəlib-gedəcəklər. Bu ölkədə siyasət kökündən dəyişməsə, yaxşılığa doğru heç nə dəyişməyəcək. Növbəti insanlar hakimiyyətə gələ və belə bəyanatları çox verə bilərlər. İş burasındadır ki, nə qədər ki onlar qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yeritmək istəmirlər, problemləri davamlı olacaq, hətta artacaq. Təsadüfi deyil ki, Ermənistanda demoqrafik vəziyyət gündən-günə pisləşir. Əhali durmadan xarici ölkələrə köçür. İşsizlik artır. Başlıcası da odur ki, Ermənistan vətəndaşlarının gələcəyə inamı yoxdur. Bu gün erməni ailələri öz övladlarını Ermənistanın millətçi, avantürist rəhbərlərinin siyasətinə qurban vermək istəmirlər. Xüsusilə 2016-cı il Aprel döyüşlərindən sonra hər zaman Azərbaycanın yenidən hərbi əməliyyatlara başlaması qorxusu onları narahat edir.

Nikol Paşinyanın bu bəyanatı Rusiyada da birmənalı qarşılanmayıb. Məsələn, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində onun iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirlər. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir.

Söz yox ki, Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik sessiyasında yüksək siyasi-diplomatik peşəkarlıqla etdiyi çıxış bütün Azərbaycan xalqının ürəyindən xəbər verdi. Ölkə rəhbəri bu çıxışı ilə həm ölkəmizin, həm də xalqımızın maraqlarını qətiyyətlə müdafiə etdi.

 

İbrahim CƏFƏROV,

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,

AMEA-nın müxbir üzvü

Azərbaycan.-2019.- 19 oktyabr.- S.11.