Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə LondondaStrasburqda tədbir keçirilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan Evinin təşkilatçılığı ilə Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Evində keçirilən tədbirdə əvvəlcə ölkəmizin Dövlət himni səsləndirilib. Sonra Dövlət Müstəqilliyi Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə qonaqlara Dövlət Müstəqilliyi Gününün tarixi barədə məlumat verib. Müasir Azərbaycanın 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu söyləyən səfir müstəqilliyin qorunub saxlanılmasının gənc nəslin əlində olduğunu bildirib. Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin yaradıcısı və rəhbəri Əli Təkin Atalar Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin müasir tariximizin parlaq səhifəsi olduğunu qeyd edib.

Daha sonra gürcü əsilli antropoloqetnoqraf, İngiltərənin ən məşhur universitetlərində dərs demiş Tamara Draqadze çıxış edib. O, müstəqilliyin əldə edilməsi ərəfəsində Azərbaycanın üzləşdiyi çətinliklərdən danışıb və qonaqların suallarını cavablandırıb.

Tədbirdə Böyük Britaniyada təhsil alan tələbələr də Dövlət Müstəqilliyi Günü ilə bağlı fikirlərini bölüşüblər.

* * *

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra daimi nümayəndəliyimizin rəhbəri, səfir Fəxrəddin İsmayılov çıxış edərək 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsinin müasir tariximizin parlaq səhifəsi olduğunu söyləyib. O, 28 il ərzində ölkəmizdə keçilən yola nəzər salaraq Azərbaycanın üzləşdiyi çətinliklər, xüsusən Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin işğal edilməsi, bir milyondan artıq insanın məcburi köçkün və qaçqına çevrilməsi barədə danışıb. Səfir çətinliklərə baxmayaraq, ölkəmizin böyük tərəqqi yolu keçdiyini deyib.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı Fransada Azərbaycan diasporunun üzvü, ölkəmizlə bağlı çoxsaylı yazıların müəllifi Şirin Melikoffa təqdim edilib. Diasporla İş üzrə Dövlət Komitəsi həmin medalı təqdim etməyi daimi nümayəndəliyimizə həvalə edib. Təltifə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edən Ş.Melikoff ilk dəfə Azərbaycana 1970-ci illərdə getdiyini və həmin vaxtdan davamlı olaraq ölkəmizlə təmasda olduğunu bildirib. O, hətta bir çox tarixi hadisələrin, o cümlədən

20 Yanvar faciəsinin baş verdiyi vaxtlarda və 1991-ci ilin 18 oktyabrında Azərbaycanda olduğunu bildirərək xatirələrini bölüşüb.

Qeyd edək ki, XX əsrin əvvəllərində Fransaya gələn Azərbaycan mühacir nəslinin nümayəndəsi Ş.Melikoffun anası İren Melikoff da uzun illər Azərbaycan daxil olmaqla, türk dünyası ilə bağlı apardığı araşdırmalarla tanınıb.

Azərbaycan.-2019.- 20 oktyabr.- S.4.