XXV “BakuBuild 2019” sərgisi açılıb

 

Bakı Sərgi Mərkəzində XXV Azərbaycan Beynəlxalq İnşaat ("BakuBuild 2019”) sərgisi açılıb. Açılış mərasimində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 1995-ci ildə təsis olunan sərginin bu il yubileyini qeyd etdiyini deyib.

Bildirib ki, ötən müddət ərzində bu sərgilərdə 35 ölkədən 5000-dən çox şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını nümayiş etdirib. Bu il də ənənəvi olaraq İqtisadiyyat Nazirliyi, KiçikOrta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sərgilərə öz dəstəyini göstərib.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayesinin inkişafı ilə bağlıdır” strateji xəttinə uyğun olaraq ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, respublikanın rəqabətqabiliyyətli ixrac potensialı genişlənib və sənaye sahələrində məşğulluq təmin olunub. Həmçinin Azərbaycanda sahibkarlığın dəstəklənməsi və təşviq edilməsi, biznesinvestisiya mühitinin daim yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, eyni zamanda qeyri-neft sektorunun inkişafına da öz töhfəsini verir: "2016-cı ildən başlayaraq Azərbaycanda investisiya təşviqinin dəstəklənməsi ilə bağlı mexanizm tətbiq olunub, 17 şirkət tikinti materiallarının istehsalı üzrə investisiya təşviqi sənədi alıb. Bu layihə çərçivəsində 170 milyon manat həcmində investisiyaların yatırılması nəzərdə tutulur, 2 minədək yeni yerlərinin açılması planlaşdırılır”.

KiçikOrta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, təmsil etdiyi qurum iqtisadiyyatın digər sektorlarında olduğu kimi, inşaat sahəsində fəaliyyət göstərən mikrokiçik sahibkarlıq subyektlərinin də məhsul və xidmətlərinin daha geniş auditoriyaya təqdim edilməsi, satış imkanlarının genişləndirilməsi və yeni biznes əlaqələri qurması üçün müxtəlif tədbirlərdə və sərgilərdə iştirakına dəstək göstərir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, Azərbaycanda keçirilən sərgilər arasında xüsusi yer tutan "BakuBuild” ildən-ilə öz sıralarına yeni şirkətləri cəlb etməklə böyük uğurlara imza atır.

Komitə rəsmisi qeyd edib ki, dövlət başçısının son illər şəhərsalma və tikinti sahəsində imzaladığı sənədlər bu sektorun inkişafına xüsusi diqqətin bariz nümunəsidir. Bu baxımdan tikinti sektorunun inkişaf etdiyi bir zamanda beynəlxalq sərgilərin Azərbaycanda keçirilməsi ölkəmizdə digər sahələrdə olduğu kimi, tikinti sahəsinin də müasir dövrün tələblərinə uyğun olaraq inkişafının mühüm göstəricisidir.

"BakuBuild 2019” sərgisi oktyabrın 25-dək davam edəcək.

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 4.