Ermənistanın yeni hakimiyyəti ölkəni uçuruma aparır

 

Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində, ədalətlə həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan etsə də, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi nəticəsində bu problem hələ də həll edilməmiş qalır.

Ermənistanın baş naziri N.Paşinyanın avqust ayında Xankəndiyə qeyri-qanuni səfər edərək "Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm açıqlaması onun naşılığından xəbər verir. Hətta erməni politoloqları yazırlar ki, Ermənistan yavaş-yavaş suverenliyini itirir, iqtisadiyyatı zəifləyir, beynəlxalq aləmdə rolu azalır, erməni cəmiyyəti parçalanır.

Oktyabr ayının 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirak edən Prezident İlham Əliyevin çıxışında "Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini işlətməsi Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsinə tutarlı cavab oldu.

Oktyabrın 10-da Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı Türkmənistanın paytaxtı Aşqabad şəhərində də pərişan etdi. MDB Dövlət Başçılarının Zirvə Görüşündə nasist cinayətkarların, xüsusilə də Qaregin Njdenin Ermənistanın paytaxtı Yerevanda heykəlinin qoyulmasına diqqət çəkərək bu ölkənin faşist xislətini açıb göstərdi.

Mətbuatdan, telekanallardan xəbər tuturuq ki, ermənistanlı gənclər fürsət tapan kimi ölkəni birdəfəlik tərk edib gedirlər. Bizdə isə əksinədir, gənclərimizin inkişafı üçün hər cür şərait yaradılır. Prezident İlham Əliyevin gənclərə, onların təhsil almalarına göstərdiyi diqqət və qayğını daim hiss edirik. Elə götürək bu ili. 2019-cu tədris ilindən təhsil müəssisələrinə əlavə təqaüd yerlərinin ayrılması, tələbə təqaüdlərinin, tələbə qəbulunda dövlət yerlərinin 66 faiz artırılması və sosialyönümlü onlarla sərəncamlar tələbələr və gənclər tərəfindən böyük sevinclə qarşılanmışdır. Tələbə yoldaşlarım bu addımları yüksək qiymətləndirir, Prezidentin siyasətini dəstəkləyir, ona arxalanır. Eyni zamanda hər birimiz ölkəmizin ərazi bütövlüyünü təmin etməyə hazırıq.

 

Ziya ƏLİNUR,

 

Lənkəran Dövlət Universitetinin IV kurs tələbəsi

 

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 5.