Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları Milli Xalça Muzeyi ilə tanış olublar

 

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 26-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, "qızıl fondunu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

 

Azərbaycan.- 2019.- 27 oktyabr.- S.6.