İqtisadiyyatın şaxələndirilməsi daha sürətlə davam etməlidir

 

Bu, Prezidentin iqtisadi müşavirədəki qəti tələbidir

 

Azərbaycan dövləti uzaqgörən iqtisadi siyasət yürüdərək neftdən əldən olunan gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltdi. Bu il oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bir daha qeyd edildi ki, şaxələndirmə ilə bağlı tədbirlər öz müsbət nəticəsini verir. Cari ilin doqquz ayında qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən çox olması da bunu göstərir.

Sözügedən müşavirədə dövlət başçısı bu barədə demişdir: "Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb.

Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Kənd təsərrüfatının inkişafı xüsusi önəm daşıyır. Mübaliğəsiz demək olar ki, kənd ölkənin çörək təknəsidir. Ərzaq təhlükəsizliyinin yaranmasında aqrar sektorun inkişafının rolu misilsizdir. Prezident İlham Əliyev Azərbaycan kəndində illərlə, əsrlərlə yetişdirilən, sonralar unudulan kənd təsərrüfatı məhsullarının əkin-biçinini bərpa etdi. Bununla da kəndə yeni həyat gətirdi. Pambıqçılıqda qısa müddətdə irəliləyiş əldə olundu. Yeni üzüm plantasiyaları salındı. Fındıq, xurma bağları yenidən canlandı. Çay plantasiyaları, sitrus bağları əvvəlki görkəmini aldı. Buğda, arpa, qarğıdalı, çəltik artdı.

Azərbaycanın kəndli və fermerləri cari ildə də sahələrdən bol məhsul toplayıblar. Bu, rəqəmlərdə də öz əksini tapır. İlin ilk doqquz ayında kənd təsərrüfatında artım 7 faizdən çox olub və həmin rəqəm sözügedən müşavirədə qeyd edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin əsas sahəsi biçilib və həmin sahələrdən 3 milyon 229 min ton məhsul götürülüb. Bu da keçən ilin müvafiq dövründəkindən 6,3 faiz çoxdur. Tərəvəz, kartof, bostan bitkiləri, meyvə və giləmeyvə, üzüm, günəbaxan sahələrindən ötən ilin eyni dövrünə nisbətən çox məhsul toplanıb.

Ölkədə pambıq, tütün, barama istehsalının artımına yönəldilən tədbirlər emal sənayesinin inkişafına təkan verir. Bu isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yaranan imkanları genişləndirir. Son illərdə yaradılmış aqroparkları, əyiricilik və toxuculuq sex və sahələrini, meyvə və tərəvəzdən müxtəlif məhsullar hazırlayan emal müəssisələrini buna misal göstərmək olar.

Azərbaycan neftdən, qazdan əldə olunan gəlirləri nəqliyyat sektorunun inkişafına da yönəltdi. Bunun da nəticəsində ölkəmiz nəinki bölgədə, bütün Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bu istiqamətdə atılmış mühüm addımdır. Bu tarixi layihənin gerçəkləşməsi Azərbaycanın ərazisindən böyük həcmdə yüklərin Şərqdən Qərbə, Qərbdən Şərqə göndərilməsinə imkan verir. Bu, həm də ölkəmizin geosiyasi əhəmiyyətinin artması, daha bir davamlı qazanc mənbəyinin olması deməkdir.

"Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də dəyərli işlər görülüb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı artıq 10-dan çoxdur və getdikcə daha da artacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi, minlərlə kilometr yeni avtomobil yolunun çəkilməsi son illərdə görülmüş möhtəşəm işlərdir və onlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, nəticə etibarilə inkişafına xidmət edir.

Xalçaçılığın ölkə sənayesində əhəmiyyətli yer alması da iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlardandır. "Azərxalça” ASC-nin istifadəyə verilən filiallarında yüzlərlə insan, əsasən qadınlar işlə təmin olunub. Onlar toxuduqları xalçalarla həm qədim el sənətini yaşadır, həm öz dolanışıqlarını təmin edir, həm də Azərbaycan məhsulunun ixrac potensialını artırırlar.

İndiyədək Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdamda təzə xalça müəssisələri istifadəyə verilib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev demişdir: "Biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Hər fabrikdə orta hesabla 100, yaxud 150 yeri yaradılır, xüsusilə qadınlar üçün. Mən fabriklərin əksəriyyətinin açılışlarında iştirak etmişəm və görmüşəm ki, buna nə qədər böyük ehtiyac var. Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulurburada təqribən 5 minə yaxın yeri açılacaq”.

Xalçaçılıq inkişaf etdikcə yeni köməkçi müəssisələrin, məsələn, iplik və hazır tekstil, yunəyirici-boyaq fabriklərinin, yunboyaq bitkilərinin tədarükü məntəqələrinin fəaliyyətə başlamasına ehtiyac yaranır.

"Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir... Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər. Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi”. Bu sözləri Prezident İlham Əliyev sentyabrın 20-də "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdəki nitqində deyib. Dövlət başçısı ölkədə qazlaşdırmanın 96 faizə çatdığını, 3000 meqavata yaxın yeni generasiya güclərinin yaradıldığını, 3200-dən çox məktəb binasının tikildiyini, yaxud təmir olunduğunu, yeni rəvan yollar çəkildiyini inkişaf və tərəqqiyə xidmət edən faktlar kimi göstərib. Bütün bunlar birbaşa, yaxud dolayısı ilə ölkə iqtisadiyyatının şaxələndirilməsinə və güclənməsinə təkan verir. Məsələn, istər kəndarası, istərsə də magistral yollar ölkədə aqrar sektorun, turizmin və iqtisadiyyatın digər sahələrinin inkişafına xidmət edir.

Azərbaycan dövlətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıl xarakter daşıyır. Bu, oktyabrın 15-də Prezidentin yanında keçirilən iqtisadi müşavirədə də qeyd edilib. Dövlət başçısı bu barədə deyib: "Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 27 oktyabr.- S.1; 7.