Həmyerlimiz beynəlxalq müsabiqədə ilin ən yaxşı ifaçısı seçilib

 

Azərbaycanın Əməkdar artisti İlham Nəzərov Fransada keçirilən dünya vokal ifaçıları arasında ilin ən yaxşı ifaçısı seçilərək müasir Azərbaycan vokal ifaçılıq məktəbinin ən parlaq nümayəndələrindən biri kimi adını Azərbaycan musiqi mədəniyyəti tarixinə yazdırmışdır.

İ.Nəzərov geniş spektrə malik yaradıcı sənətkardır. O, respublikanın ilk və yeganə kontratenor səs tembrinə malik ifaçısı, barokko musiqisinin Azərbaycanda təbliğatçısı, eyni zamanda yeni savadlı vokal ifaçılarının yetişməsində müəllim, elmi fəaliyyətlə məşğul olan musiqiçi kimi də tanınmaqdadır.

Müğənni yaradıcılıq fəaliyyətinin 20 ili ərzində dünyanın müxtəlif ölkələrinin səhnələrində oynadığı tamaşalarda, çoxlu sayda mötəbər beynəlxalq tədbirlərdə və onlarla nüfuzlu beynəlxalq müsabiqələrdə çıxışı ilə ilklərə imza atmışdır. Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov bu yaxınlarda Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq müsabiqədə F.Şubertin "Qu quşunun nəğməsi” vokal silsiləsinin ifasına görə "Ən yaxşı F.Şubert təfsirçisi” adına layiq görülmüşdür. Belə ki, müsabiqədə bir çox ölkələrdən, o cümlədən Almaniya, Belçika, Norveç, Fransa, İtaliya, İspaniya və digər ölkələrdən qatılan onlarla iştirakçı arasında birinci olmaq İ.Nəzərovun vokal ifaçılıq sənətində yüksək peşəkarlığının göstəricisidir. Belə bir möhtəşəm beynəlxalq səviyyəli müsabiqədə Azərbaycanın adını yüksəltmək musiqi mədəniyyəti tariximizdə əlamətdar hadisədir.

Qeyd edək ki, F.Şubertin "Qu quşunun nəğməsi” silsiləsi bəstəkarın son əsərlərindən sayılır. Məcmuə 14 müxtəlif məzmunlu, bir-birindən fərqlənən təzadlı, dərin fəlsəfi mənalı nömrələrdən ibarətdir. Məcmuə öz-özlüyündə təfsir baxımından ən mürəkkəb əsərlərdəndir. Beş oktava həcmində geniş səs diapazonuna malik İ.Nəzərov əsəri mükəmməl peşəkarlıqla ifa etməsi ilə Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir.

İfaçı əldə etdiyi qalibiyyət ilə bağlı olaraq 2020-ci ilin avqust ayında Paris şəhərində iki konsert vermək imkanı əldə etmişdir. Həmçinin müğənninin ifası Fransada da lentə alınacaqdır.

 

Azərbaycan.- 2019.-30 oktyabr.- S.8.