Moskvada rəssam Natalya Şevçenkonun sərgisi açılıb

 

Sentyabrın 4-də Moskvadakı Millətlər Evində Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun dəstəyi ilə rəssam Natalya Şevçenkonun (təxəllüsü Natan) "Sənət şəfəqləri” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyasına rəssamın digər işləri ilə yanaşı, Nəsimi, Qara Qarayev, Müslüm MaqomayevVaqif Mustafazadənin portretləri də daxildir.

Sənətşünaslar Natanın yaradıcılığını mərkəzləşdirilmiş ekspressiya adlandırırlar: onun əsərlərinə xas olan zəngin kolorit, geniş diapazonlu və cəsarətli rənglər qamması hər bir tamaşaçının diqqətini cəlb edir. Bu əsərləri görən tamaşaçı yorğun olsa, yaxud harayasa tələssə belə, orada ayaq saxlayır. Şevçenkonun işləri sadəcə gözoxşayan pastorallar seriyasına aid deyil. Bəzən onlar insanın daxili tarazlığını pozur, lakin həqiqi sənətin əsl mənası da məhz ondan ibarətdir ki, tamaşaçı bu əsərlərdə təsvir edilmiş personajlardan daha çox öz həyatı barədə düşünməyə məcbur olur.

Rəssamın yaradıcılıq xəzinəsində 600-dən çox var. Bu əsərlər arasında Rusiyanın məşhur mədəniyyət xadimləri Yuri Qriqoroviç, Sergey Raxmaninov, Dmitri Xvorostovski, Mayya Plisetskaya, Fyodor Şalyapin, Sergey DyagilevPyotr Çaykovskinin portretləri xüsusi yer tutur.

Natanın işləri Rusiyadaxarici ölkələrdə dövlətə və ayrı-ayrı şəxslərə məxsus 36 kolleksiyada saxlanılır. Bu il aprel ayında isə bakılı sənətsevərlər onun yaradıcılığı ilə tanış olublar: rəssamın "Sənət şəfəqləri” ekspozisiyası Bakıda nümayiş etdirilib.

Natan deyir: "Mən böyük əsərlər və onların müəllifləri barədə danışmaq, bu insanların ilıq nəfəsini duyaraq onları həyata qaytarmaq istəyirəm”.

Müslüm Maqomayevin portreti xüsusi diqqətə layiqdir. Rəssam bu əsəri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına hədiyyə edib. Natalya deyir: "Məni Müslüm Maqomayevin portretini çəkməyə sövq edən onun mahnıları oldu. Mənə belə gəlir ki, Maqomayevin nurlu səsində dünyanın harmoniyası cəmləşib. Bu harmoniya indiki vaxtda insanlara çox lazımdır”.

Təsadüfi deyil ki, rəssam Bakıda olarkən, ilk növbədə, Fəxri xiyabana getmək, orada sevimli müğənninin xatirəsini yad etmək arzusunda olduğunu bildirib.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyir: "Mən Natalya Şevçenkonun əsərlərini hələ görməyən tamaşaçılara həsəd aparıram, çünki onları bu rəssamın qəhrəmanlarının özünəməxsus parlaq və cəsarətli dünyası ilə tanış olmaq sevinci gözləyir. Rəssam üçün personajların zahiri oxşarlığından daha çox, onların dərin yaradıcı mahiyyəti vacibdir. Görünür, bu səbəbdən Şevçenkonun işləri bu qədər ifadəli, müxtəlif ölkələrdən olan tamaşaçılar üçün bu dərəcədə anlaşıqlıdır. Məhz belə rəssamlar xalqlar arasında mədəniyyət körpüsü salmağa kömək edirlər. Bunun üçün sözə ehtiyac yoxdur”.

 

Azərbaycan.- 2019.-6 sentyabr.- S.5.