İlham Əliyev və Mehriban Əliyeva ən çətin günümüzdə bizə dayaq oldular

 

Prezidentin tapşırığı ilə zəlzələ bölgəsində qəzalı duruma düşmüş mənzillərin yerində Heydər Əliyev Fondu tərəfindən daha möhtəşəm evlər tikilir

 

Şamaxıdayıq...

 

Fevralın əvvəlində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq xüsusi komissiya öz işini davam etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun "Regionların İnkişafı” İctimai Birliyi tərəfindən rayon mərkəzindəki Şəhriyar, Təbriz, Salman Mümtaz, Azadlıq və Səttar Bəhlulzadə küçələrində sakinlər üçün tikilən mənzillərin böyük hissəsi istifadəyə verilib.

 

"Ən ağır günümdə Prezidenti yanımda görəndə çox qürurlandım”

 

Yeddi ay öncə burada baş verən təbii fəlakət yerli əhalini təşvişə salsa da, bu gün tamam başqa ab-hava hökm sürür. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin əksəriyyəti sökülərək yerində daha möhtəşəm evlər tikilib.

Prezident İlham Əliyevin zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlar uğurla icra olunmaqdadır.

Salman Mümtaz küçəsi, 31 saylı evdə yaşayan Vahid Şıxıyevin yeni mənzilində qonağıq. Dövlət başçısı və xanımı Mehriban Əliyeva mart ayının 7-də Şamaxıya səfərləri zamanı bu ailənin zərər çəkmiş mənzilində olmuş və tezliklə burada yeni evin tikiləcəyini bildirmişdi.

7 ay öncəki dialoqa nəzər yetirək:

"Vahid Şıxıyev: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Görürsünüz necə qısa müddət ərzində tikilir.

Vahid Şıxıyev: Sökülüb, yerində təzəsi inşa olunur. Allah Sizə cansağlığı versin, başımızın üzərindən əskik etməsin, cənab Prezident.

Prezident İlham Əliyev: Daha da gözəl ev olacaq.

Vahid Şıxıyev: Bəli, nəvələrimin, ailəmin adından Sizə dərin təşəkkürümüzü bildiririk, çox sağ olun.

Vahid Şıxıyevin həyat yoldaşı: Allah Sizi Azərbaycan xalqına çox görməsin. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.

Budur, Şxıyevlər ailəsi üçün tam təmirli yeni mənzil tikilib. Nəvələri ilə bu gün xoşbəxt həyat sürən Vahid Şıxıyev ən xoş günlərinin təəssüratlarını bizimlə bölüşür: "Zəlzələ baş verən gün çox həyəcanlı idik. Nə edəcəyimizi bilmirdik. Amma Heydər Əliyev Fondunun təmsilçiləri, icra hakimiyyətinin nümayəndələri bizə çox dəstək oldular. İnanın ki, əlimizi bir şeyə vurmağa qoymadılar. Hər şeyi özləri səliqə ilə yığıb daşıdılar. Amma çox həyəcanlı idik. Təşviş içindəydik.

Belə bir gərgin vaxtda Prezident İlham Əliyevin Şamaxıya gələrək bizə dəstək olması, təskinlik verməsi həqiqətən məndə ruh yüksəkliyi yaratdı. Ən ağır günümdə Prezidenti yanımda görəndə çox qürurlandım... (kövrəlir)

Saray nənənin evindən çıxanda dövlət başçısına yaxınlaşıb söhbət etdim. Mənə təsəlli verərək dedi ki, narahat olmayın, tapşırıq vermişəm, tez bir zamanda eviniz tikiləcək. Ölkənin birinci şəxsinin dilindən bu sözləri eşitmək məndə əminlik yaratdı. Axı dəfələrlə şahidi olmuşuq ki, Prezident harada təbii fəlakət, qəzalar baş verirsə, özünü ora yetirib vətəndaşların yanında olur, onlara dəstək verir, problemlərini həll edir. Bir daha əmin oldum ki, cənab İlham Əliyev ən böyük himayədarımızdır. Dedikləri kimioldu. Tez bir zamanda evimiz tikildibu gün nəvələrimlə yeni mənzilimdə xoşbəxt yaşayıram. Tanrı Prezidentimizi, onun xoşniyyətli, mərhəmətli xanımı Mehriban Əliyevanı qorusun!”

Qeyd edək ki, zəlzələ baş verən rayonlarda sakinlər üçün tikilən yeni mənzillər əvvəlkinin sahəsindən də artıq inşa edilir. Məsələn, əgər köhnə evin otaqlarının ümumi sahəsi 90 kvadratmetrə qədər olubsa yerində ikiotaqlı, 90-dan 130 kvadratmetrə qədər sahə üçün üçotaqlı, 150 kvadratmetrdən çox olubsa dördotaqlı yeni mənzillər tikilib. Hamam kompleksi isə vətəndaşların istəyinə uyğun inşa olunur. Yəni ya mənzilin daxilində, ya da həyətdə tikilir.

Yeni mənzilinə qovuşan digər ailə isə Gülməmmədovlar ailəsidir. Evin ağsaqqalı Qafar Gülməmmədov deyir ki, uşaqlıq illərindən ata-baba yurdu sayılan bu mənzildə böyüyüb. Təbii fəlakət nıticəsində mənzil tam yararsız hala düşmüşdü: "Çox çarəsiz durumda idik. Nə edəcəyimizi bilmirdik. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər edərkən görüşlərində iştirak etdik”.

 

"Mehriban xanım necə demişdisə, elə də oldu, bizə möhtəşəm ev tikdilər”

 

Qafar Gülməmmədovun həyat yoldaşı Hicran Gülməmmədova isə deyir ki, birinci xanım Mehriban Əliyeva ilə görüşərkən düşdükləri ağır vəziyyət barədə məlumat verib: "Mehriban xanıma düşdüyümüz durum barədə məlumat verdim. Məni qucaqlayıb dedi ki, hər şey yaxşı olacaq, tez bir zamanda evinizin yerində daha möhtəşəm mənzil tikiləcək.

Bir Allah şahiddir ki, Mehriban xanım necə demişdisə, elə də oldu. İndi tam təmirli üçotaqlı, hətta əvvəlkindən daha gözəl mənzilimiz var. Tanrı Prezidentimizi, Mehriban Əliyevanı bizə çox görməsin. Heç bir yerdə belə Prezident yoxdur. İmdad diləyənin dadına çatır, kimsəsizin harayına yetişir. Dar gündə vətəndaşa əl tutan Prezidenti hər ölkədə tapa bilməzsən”.

Bəli, bütün bunlar bir daha təsdiqləyir ki, İlham Əliyevin təbii fəlakətdən dərhal sonra Şamaxıya səfərinin ən mühüm məqamı yalnız zəlzələnin fəsadlarını yerindəcə öyrənmək deyildi. Bu səfər ümumilikdə Prezidentin idarəçilik fəlsəfəsinin real təcəssümü idi. Bütün bunları görən Azərbaycan xalqı məhz bu humanist, qayğıkeş, insansevər addımlarına görə İlham Əliyev siyasətinin dəstəkçisidir.

Daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezidentin tərzidir. İş qrafiki nə qədər zəngin və ağır olsa da, dövlət başçısı hər zaman xalqın marağını üstün tutaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqı da həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub.

 

Heydər Əliyev Fondunun növbəti xeyirxah addımı

 

Onu da əlavə edək ki, Prezident İlham Əliyev martın 7-də Şamaxıda zəlzələdən zərər çəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının da təməlini qoyub. Rayonun 20 Yanvar küçəsi ilə M.H.Şəhriyar küçələrinin kəsişməsində inşa olunan binada tikinti işləri sürətlə davam edir.

Zəlzələdən sonra kəskin qəzalı vəziyyətdə olan evlərin bir qisminin yerində yeni evlərin inşası məqsədəuyğun sayılmayıb. Çünki mütəxəssislər həmin ərazilərin sürüşməyə meyilli olduğunu müəyyən ediblər. Buna görə həmin ərazilərdə yaşamış ailələr üçün Şamaxı şəhərinin 20 Yanvar və Aşıq Məmmədağa küçələrində çoxmənzilli binalar inşa olunur.

Aşıq Məmmədağa küçəsində inşa olunan yaşayış kompleksinin payıza qədər istifadəyə verilməsi gözlənilir. Qeyd edək ki, binalardan biri beşmərtəbəli, birgirişli, 20 mənzillidir. Digəri isə 3 binadan ibarət, beşgirişli, beşmərtəbəli, 115 mənzilli yaşayış kompleksidir.

Şamaxıya səfərimiz zamanı bir daha əmin olduq ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən zəlzələnin nəticələri sürətlə aradan qaldırılır. Heydər Əliyev Fondunun nəzarəti altında həyata keçirilən tikinti-quruculuq işləri keyfiyyətlə davam etdirilir.

 

Rəşad BAXŞƏLİYEV

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 8 sentyabr.- S.1; 3.