Gömrük Komitəsinin sədri baş idarələrdə mövcud vəziyyətlə maraqlanıb

 

Sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olub və hər iki qurumda xidməti müşavirə keçirilib. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev idarələrdə gömrük işinin təşkili prosesini müşahidə edib, gömrük əməkdaşlarına müvafiq tapşırıqlarını verib, sahibkarlarla görüşərək onların fikirlərini, xidmətin təşkili barədə təklif və rəylərini dinləyib.

Müşavirələrdə komitə sədri Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, bu islahatların beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasında mühüm rolundan bəhs edib.

Gömrük sistemində son dövrlərdə mühüm nailiyyətlər əldə edildiyini bildirən DGK-nın sədri hələ də bəzi nöqsanların olduğunu diqqətə çatdırıb, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

 

Azərbaycan.- 2019.- 8 sentyabr.- S. 2.