133 ölkə, 1 milyard 336 milyon dollarlıq sifariş
Dünya bazarında "Made in Azerbaijan” brendinə tələbat
yüksəldikcə ixrac sifarişi
artır, çeşid çoxalır, coğrafiya genişlənir
Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusən də Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində qəbul etdiyi qərarlar ölkəyə həm siyasi, həm də iqtisadi dividendlər qazandırmaqdadır. Həyata keçirilən islahatlar geniş vüsət aldıqca Azərbaycanın dünyanın əksər ölkələri ilə ticarət dövriyyələri artır. Bunun müqabilində yeni ticarət müqavilələri bağlanır. Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrdə ticarət evləri açılır, ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur.
7 ayda 12,3 milyard
dollarlıq ixrac
Statistik göstəricilərə nəzər yetirsək görərik ki, "Azexport” portalının fəaliyyəti sayəsində ixrac edilən məhsulların həm coğrafiyası, həm də çeşidi getdikcə artır. Məsələn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2019-cu ilin avqust sayında göstərilir ki, son 7 ay ərzində Azərbaycanın ixracı 12,3 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard dollar və ya 14 faiz artıb.
Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 133 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında qeyri-neft sektoru üzrə ixrac 164 milyon dollar və ya 17 faiz artıb.
Yanvar-iyul ayları ərzində Rusiyaya 395,9 milyon, Türkiyəyə 251,2 milyon, Gürcüstana 100,4 milyon, İsveçrəyə 88,3 milyon və İtaliyaya 32,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 17 faiz, Gürcüstana 23 faiz, İsveçrəyə 13 faiz və İtaliyaya 2,4 dəfə artıb.
İxracatda pomidor liderliyini qoruyur
İlin 7 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (141,2 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 85 milyon dollar) ikinci, pambıq mahlıcı (82,2 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 119,4 milyon, pambıq lifi ixracı 83 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 62,8 milyon, kimya sənayesi məhsullarının ixracı 57,2 milyon, elektrik enerjisinin ixracı 56,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 17,4 milyon, pambıq ipliyi ixracı 17,3 milyon, şəkər ixracı 16,5 milyon dollar təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yanvar-iyul aylarında pambıq lifinin ixracı 83,6 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 40,9 faiz, pambıq ipliyinin ixracı 39,5 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 50,6 faiz, meyvə-tərəvəzin ixracı 14,6 faiz, şəkər ixracı 10,7 faiz artıb.
2019-cu ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 154 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 32 milyon ABŞ dolları və ya 26 faiz artıb. Cari ilin iyul ayında qeyri-neft-qaz məhsulları ən çox Rusiyaya (41 milyon ABŞ dolları), Türkiyəyə (37,9 milyon ABŞ dolları), İsveçrəyə (14,8 milyon ABŞ dolları), Gürcüstana (14,7 milyon ABŞ dolları) və Yunanıstana (6,1 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə
olunmayan, digər emal olunmamış formalarda - 14,7 milyon dollar) birinci, albalı və gilas (12,5 milyon dollar) ikinci, emal olunmamış,
aşqarlanmamış alüminium
(7,5 milyon dollar) üçüncü
olub.
"Azərkosmos” 7 aya 22 ölkədən 25,5 milyon dollar qazanc əldə edib
"İxrac
İcmalı”nda həm
də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 7 ayda
"Azərkosmos” ASC tərəfindən
dünyanın 22 ölkəsinə
25,5 milyon dollar dəyərində xidmət
(peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri)
ixrac edilib.
"Azərkosmos”
ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini
təşkil edib. 2019-cu ilin
iyul ayında isə "Azərkosmos”
ASC dünyanın 21 ölkəsinə
6,9 milyon dollar dəyərində xidmət
ixrac edib. "Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr
ABŞ, Fransa, Malayziya,
Birləşmiş Krallıq,
BƏƏ-dir.
7 ayda
187 ölkədən 1777,4
min turist gəlib
Son illərdə
ölkəmizə səfər
edən turistlərin də sayında artım müşahidə
olunur. Elə icmalın bu
sayında göstərilən
statistik rəqəmlər
də bunu bir daha təsdiqləyir.
Son 7 ayda Azərbaycana dünyanın
187 ölkəsindən 1777,4
min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz
çox əcnəbi
və vətəndaşlığı
olmayan şəxs gəlib. Bu ilin iyul ayında ölkəmizə gələn
xarici vətəndaşların
sayının 10,6 faiz artmasına paralel olaraq onların bank kartları vasitəsilə xərcləmələrində
də artım müşahidə edilib. Belə ki, 2019-cu ilin iyul ayında
ölkəmizə gələn
xarici vətəndaşların
bank kartları vasitəsilə
apardıqları əməliyyatlar
134,6 milyon manat təşkil edib və ötən
ilin iyul ayı ilə müqayisədə 7 faiz artıb. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana
gələn xarici vətəndaşların bank kartları
vasitəsilə apardıqları
əməliyyatların dəyəri
725,4 milyon manat təşkil edib.
Ən çox
ixrac sifarişi daxil olan ölkələr
Rusiya və Türkiyədir
"İxrac
İcmalı”nda yanvar-iyul
ayları ərzində
"Azexport.az” portalına daxil
olan ixrac sifarişləri barədə
də məlumat verilib. Göstərilib ki,
7 ayda portala 346,6 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin
müvafiq dövrü
ilə müqayisədə
bu ilin yanvar-iyul
aylarında ixrac sifarişləri 10 faiz artıb.
2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac
sifarişlərinin dəyəri
43,5 milyon dollar təşkil edib və ötən ilin iyul ayı
ilə müqayisədə
40 faizlik artım qeydə alınıb. İlin son 7 ayında portala daxil olan
ixrac sifarişlərinin
ilk beşliyində Rusiya
(12,1 faiz), Türkiyə (6,4 faiz),
ABŞ (6 faiz), Hindistan
(5,7 faiz) və İngiltərə (4,8 faiz)
qərarlaşıb.
Bu ilin iyul ayında portala ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün,
toyuq yumurtası, şərab, qənnadı
məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı,
bal, boya, kompot, nar məhsulları, yun, mebel dəsti,
mineral su və s. mallara olub.
Məlumat üçün
qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə
kimi (31 ay ərzində)
"Azexport.az” portalına dünyanın
133 ölkəsindən daxil
olan ixrac sifarişlərinin dəyəri
1 milyard 336 milyon dollar
təşkil edib.
Həmçinin "İxrac
İcmalı”nda göstərilib
ki, bu ilin
avqust ayında "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə
həyata keçirilən
qeyri-neft ixracının
dəyəri 11,6 milyon dollar olub. 7 ay ərzində "Bir Pəncərə” İxraca
Dəstək Mərkəzi
tərəfindən yüzlərlə
sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində
91,7 milyon dollar dəyərində qeyri-neft
ixracı həyata keçirilib.
Əlbəttə ki, icmalın məqsədi sahibkarları
ixracla bağlı maarifləndirməyə, yerli
malların ənənəvi
və yeni bazarlara çıxarılması
imkanlarını artırmağa
və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə
xidmət edir.
Göründüyü kimi, dövlət iş adamlarına hərtərəfli
dəstəyini göstərməkdə
davam edir. Sahibkarlar isə "Made in Azerbaijan” brendinin
xarici bazarlarda təşviqinə də mühüm töhfə verirlər. Bütün bunlar Prezident
İlham Əliyevin iqtisadi islahatları nəticəsində sahibkarların
öz ixrac-idxal əməliyyatlarını daha
rahat şəkildə
yerinə yetirmələri
üçün həyata
keçirilən tədbirlərin
tərkib hissəsidir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 10 sentyabr.-
S.1; 4.