Arzulara gedən yollar

 

Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbin 11a sinfinin məzunlarının hər biri üçün bu il də məktəb zəngi çalınacaq. Yenə min bir arzu, ümidlə sinif otaqlarına üz tutacaqlar. Ancaq onlar daha hər gün eyni sinfə daxil olmayacaq, eyni müəllimlərdən dərs almayacaqlar. Çünki bundan sonra təhsillərini respublikanın ayrı-ayrı ali məktəblərində davam etdirəcəklər.

 

Nəticələr təqdirəlayiqdir

 

2018-2019-cu tədris ilinin nəticələri ümumilikdə Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdləri üçün sevindiricidir. Belə ki, keçən dərs ilində məktəbin XI siniflərini bitirmiş 74-si məzunundan 58 nəfəri ali məktəblərə sənəd veribonlardan 47-si tələbə adnı qazanıb. Yevlax rayonu üzrə 600-dən yuxarı bal toplayan 6 məzundan 5-i də 5 saylı tam orta məktəbin yetirmələridir. Yalnız bu məktəbdə deyil, ümumilikdə rayon üzrə ən yüksək nəticəni isə 11a sinfinin məzunları göstəriblər. Həmin sinifdə təhsil almış bütün şagirdlər bu gün tələbə adını daşıyırlar.

Uğurlardan danışan Yevlax şəhər 5 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Zərxanım Əhmədova ümumi nəticələri nəzərdən keçirərək inamla bildirir ki, bu təhsil ocağı respublikanın ən yaxşı məktəbləri sırasında yer tutur: "2018-2019-cu tədris ilinin nəticələri göstərir ki, "Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Yevlax şəhər 5 saylı tam orta məktəb son beş ildə çox ciddi nailiyyətlər əldə edib. Tədrisin, təlim-tərbiyənin keyfiyyətinə görə bu təhsil ocağı ötən illər ərzində bir qayda olaraq Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin reytinq cədvəlində "Ən yaxşı ümumtəhsil məktəbləri” sırasına daxil edilir. 2018-2019-cu dərs ilinin yekun nəticələri də çox yüksək və təqdirəlayiqdir”.

Məktəbin direktoru diqqətə çatdırır ki, dövlət qayğısı onları hər zaman işlərini daha məsuliyyətlə, sevə-sevə həyata keçirməyə ruhlandırır: "Prezident İlham Əliyev 2014-2019-cu illərdə Yevlax şəhər 5 saylı tam orta məktəbin uğurları ilə bağlı 6 sərəncam imzalayıb. Həmin sərancamlarla 2 nəfər "Əməkdar müəllim”, 1 nəfər "Ən yaxşı müəllim” fəxri adına layiq görülüb, 1 nəfər yubiley medalı ilə təltif edilib, 1 nəfər məzun Prezident təqaüdü alıb məktəb özü isə "Ən yaxşı ümümtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Rayonumuzun təhsilinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildiririk”.

2018-2019-cu tədris ilində Yevlax rayonu üzrə IX-XI sinif şagirdlərinin 27 nəfəri fərqlənmə attestatına layiq görulüb ki, onlardan 13 nəfəri 5 saylı tam orta məktəbin yetirmələridir. Fərqlənmə attestatı alanların 11 nəfəri isə həmin məktəbin 11a sinfinin məzunlarıdır.

 

Bütün şagirdləri tələbə adını qazanmış sinif

 

Yevlax şəhər 5 saylı tam orta məktəbin müəllimi Vəsilə İsayevanın rəhbəri olduğu sinfin 20 şagirdindən 14-ü tələbə adını qazanıb. Məktəbin riyaziyyat müəllimi Telli Kərimxanovanın rəhbərlik etdiyi sinif isə bu il rayonda ən yaxşı nəticəni göstərib. Belə ki, sinfin 20 məzunu qəbul imtahanlarında iştirak edərək ölkənin müxtəlif ali məktəblərinə daxil olub. Onlardan biri - 11a sinif şagirdi Səid Quliyev 633 balla Yevlax birincisidir. Bu uğuru Səidi Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi edib. O, bildirir ki, hər bir yüksək nəticə göstərən şagird birinci sinifdən on birinciyədək səylə çalışmalıdır: "Bundan başqa valideynlərin yaratdığı imkanlar müəllimlərimin biliyi, gözəl rəftarı, öyrətmə qabiliyyəti nəticəsində bu uğuru qazana bildim”.

Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında iştirak edən bu sinfin şagirdlərinin əksəriyyəti 500-600-dən yuxarı bal toplayıb. Yevlax şəhər 5 saylı tam orta məktəbin 11a sinfinin məzunlarından Aytac Məşdizadə Azərbaycan Tibb Universitetinin, Sitarə Əsgərli Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Şəms Adışirinova Milli Aviasiya Akademiyasının tələbələri olublar. Sinfin digər məzunları - Gülxanım İsayeva Naxçıvan Universitetində tibb, Solmaz Abdullayeva Bakı Dövlət Universitetində riyaziyyat-mexanika, İnci Qasımzadə informatika, Aytac Əmrahova Xəzər Universitetində kompüter elmləri, Mədinə Nuriyeva Bakı Slavyan Universitetində alman dili, Elnarə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetində fizika müəllimliyi ixtisasları üzrə təhsil alacaqlar. Veys Şirinov hərbi həkim, Elvin İbrahimovla Tural Eyvazlı FHN, Məleykə Əlili UNEC İstehlak mallarının ekspertizası marketinqi, Emin Nəbiyev AMİU Həyat fəaliyyətinin təhlükəsizliyi, Ələsgər Məxbiyev Azərbaycan Texnologiya Universitetində texnologiya mühəndisliyi, Kamil Mirzəyev, Heydər Əliyev adına hərbi məktəbdə, Orxan Mirzəyev AMİU Geodeziya xəritəçilik, İsa Məmmədli Bakı Mühəndislik Universiteti Dövlət bələdiyyə idarəetməsi, Nərmin Abdullazadə biotibbi texnologiya mühəndisliyi ixtisaslarına yiyələnəcəklər.

 

Vətənə dövlətə faydalı mütəxəssis kimi yetişmək istəyi

 

Yevlax şəhər 5 saylı tam orta məktəbin direktoru Zərxanım Əhmədova qeyd edir ki, bilikli, vətənpərvər olmaqla, hərtərəfli inkişaf etməklə müəllimlərin valideynlərin etimadını doğrultmuş məzunlarımızın həyatın elmin enişli-yoxuşlu yollarında daha böyük uğurlar qazanacağına inanırıq.

Tələbə adını qazanmaqla valideynlərinə, müəllimlərinə böyük sevinc bəxş edən gənclərin qarşısında yeni yollar açılır. Bu yollar onlara seçdikləri ixtisas üzrə yüksək biliklər qazandıracaq, müstəqil həyata qədəm qoyan gəncləri arzularına doğru qanadlandıracaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 9.