Naxçıvanda 31 ümumtəhsil məktəbin məzunları tələbə adını qazandı

 

Bu, təhsilə dövlət qayğısının bəhrəsidir

 

El arasında belə bir deyim var: "Ustasız sənətkarlıq, sərkərdəsiz ordu, təhsilsiz inkişaf ola bilməz”. Buna görə də Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir. Son illər muxtar respublikada 200-dən çox təhsil müəssisəsi tikilibya əsaslı şəkildə yenidən qurulub. Əvvəllər olduğu kimi, 2019-cu ildə də tikinti-quruculuq işləri ön planda dayanıb. Təkcə bu ilin birinci yarısında 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilib və əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən yuxarı elektron lövhə quraşdırılıb və 5500-dən çox kompüter, 2005-ci ildən bugünədək 3 milyon nüsxəyə yaxın dərslik, 600 mindən artıq latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və metodik vəsait verilib.

Ümumtəhsil məktəblərində yaradılan şəraitin nəticəsidir ki, şagirdlər respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edir. Muxtar respublika fənn olimpiadalarında 20 şagird I, 18-i II, 13-ü III yeri, respublika fənn olimpiadalarında 2-si I, 6-sı II, 17-si isə III yeri tutub.

2018-2019-cu tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Qızıl medalçı məzunların hamısı 600-dən yuxarı, gümüş medala layiq görülənlərin 12-si 600-700, 4-ü 500-600, fərqlənmə attestatına layiq görülənlərin isə 14-ü 600-700, 31-i 500-600 arası bal toplayıb.

Builki qəbul imtahanlarında Nicat İsmayılov 688, Axundzadə Abdulla 674, Cəfərli Məleykə 670, Murad Məmmədtağılı isə 665 balla respublikanın müxtəlif ali məktəblərinə, seçdikləri ixtisas qrupuna qəbul olublar. Həmin tələbələr qazandıqları nailiyyətlərə görə adlarını Prezident təqaüdünə layiq görülənlərin siyahısına da yazdırıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu il ali məktəbə daxil olan tələbələri qəbul edərək, onlara bundan sonra da elm təhsil yollarında uğurlar arzulayıb.

Builki tədris ilində Naxçıvan MR-dəki ümumtəhsil məktəblərini 2734 məzun bitirib. Onlardan 2301-i, yaxud 84 faizi ali məktəblərə sənəd verib. Qəbul olunanların 1180-i ya 51 faizi qızlardan ibarətdir.

Buraxılış qəbul imtahanlarında toplanan ballar əsasında 2019-cu ilin məzunlarından 1520-si ali təhsil müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyi bitirənlərdən 180-i isə ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olunub. Ümumilikdə Naxçıvanda orta məktəbi bitirib ölkənin ali məktəblərinə qəbul olanların sayı bu il 1700 nəfərdir.

Muxtar respublikada məzunların 281-i ali məktəbə qəbul imtahanlarında 500-700 arası bal toplayıb. Onların 172-si qızlardan, 109 nəfəri isə oğlanlardan ibarətdir. Ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərib. Yüksək bal toplayan abituriyentlərdən 600-700 arası nəticə göstərənlərin sayı 50, 500-600 arası nəticə göstərənlərin sayı isə 231 olub. Bir sözlə, 31 ümumtəhsil məktəbinin məzunlarının hamısı tələbə adını qazanıb.

Bu il 580 nəfər naxçıvanlı məzun da orta ixtisas məktəblərinin qapılarını açıb. Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyə məsələsi daim diqqət mərkəzində saxlanılır. Nəticə göz qabağındadır: 2019-cu ilin məzunlarından 20-si xüsusi təyinatlı ali təhsil müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından isə 180-i ölkəmizin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Muxtar respublikanın 160 ümumtəhsil məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə sənəd verənlərdən 142-si kursant adını qazanıb.

Belə yüksək göstəricilərə əsaslanıb deyə bilərik ki, muxtar respublikada da təhsilin dövlət qayğısı ilə əhatə edilməsi ildən-ilə uğurlu nəticələrin qazanılmasını davamlı xarakter almasını şərtləndirir.

 

Adilə SƏFƏROVA,

 

Əməkdar mədəniyyət işçisi

 

Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 9.