Ermənistanda “Aprel döyüşləri”nin iştirakçıları dindirilir

 

N.Paşinyan Koçaryan-Sarkisyan koalisiyasını sıradan çıxarmaq üçün dördgünlük müharibənin nəticələrindən istifadə edir

 

Ermənistanın daxili ictimai, sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getməsi hər keçən gün özünü daha qabarıq formada büruzə verməkdədir. Hazırda üzləşdiyi dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən Ermənistanda hökm sürən siyasi parçalanma da işğalçı ölkəni uçuruma yuvarladır.

Bu fonda isə yeni hökumətlə müxalifət arasında yaranan qarşıdurma səngimir. Belə vəziyyətdə baş nazir Nikol Paşinyan rəqiblərini həbs etdirib aradan götürməyə çalışır. Ermənistan parlamentinin Azərbaycanla 2016-cı il "aprel savaşı”nı araşdırmaq üçün bir neçə ay bundan öncə komissiya yaratması da buna xidmət edir.

İşğalçı ölkədə qeyd olunur ki, bu addım kənarlaşdırılan hökumətin təmsilçiləri və onların Dağlıq Qarabağı "idarə edən” müttəfiqləri ilə genişlənən qarşıdurma fonunda atılıb. Baş nazir Nikol Paşinyan komissiyanın yaradılmasının vacibliyini vurğulamış, ondan sonra mayın 31-də Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan tərəfindən elan edilmişdir.

Görünən odur ki, Nikol Paşinyan araşdırma çərçivəsində hansı konkret suallara cavab axtarmaq niyyətində olduğunu dəqiqləşdirməyib. Lakin 2016-cı ilin dördgünlük savaşı - 1994-cü ildə atəşkəs haqda saziş imzalandığı andan bəri Dağlıq Qarabağ uğrunda Ermənistan və Azərbaycan qüvvələri arasında ən qanlı toqquşma haqqında çoxdan şübhələr var idi.

Ermənistan tərəfi sülh dövründə ilk dəfə bu münaqişə çərçivəsində nəzarətdə saxladığı ərazinin bir hissəsini itirib ki, bu da Yerevan və Xankəndidə öz silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı durmaq bacarığı haqda narahatlıq doğurub.

Yerli mətbuatın verdiyi xəbərə görə, müdafiə nazirinin keçmiş müaviniNikol Paşinyanın "Mənim addımım” alyansından parlament deputatı Andranik Koçaryanın başçılıq etdiyi komissiyaya 11 deputat daxildir. Komissiya ilk olaraq iyunun 4-də qapalı rejimdə bir iclas keçirib. A.Koçaryan ilk toplantı günündə mətbuat konfransında deyib ki, gözlənildiyi kimi, komissiyanın işi altı aya yaxın çəkəcək və döyüş əməliyyatları zamanı komandirlərin qərarları, habelə silahlı qüvvələrin gərəkli şəkildə təchiz edilib-edilmədiyi, kəşfiyyat məlumatları ilə təmin olunub-olunmadığı və digər məsələlərin geniş çevrəsi əhatə olunacaq. İşdə əsas şahidlərdən biri Müdafiə Nazirliyinin başçısı, 2016-cı il savaşı zamanı nazir müavini postunu tutmuş David Tonoyan olacaq.

"Qraparak” qəzetinin yazdığına görə, komissiyaya ilk növbədə əsas döyüşlərin baş verdiyi yerlərdə olan hərbi personal çağırılacaq. Bildirilir ki, dindirilməyə adi əsgərlərlə yanaşı, zabitlər də dəvət olunublar. Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəhbərinin keçmiş müavinləri artıq dindiriliblər. Komissiya bundan əvvəl qapalı iclaslar keçirib. Deyilənə görə, sabiq prezident Serj Sarkisyan da sorğu-sual ediləcək.

Belə görünür ki, qarşıdakı günlər ərzində işğalçı ölkədə ictimai-siyasi gərginlik daha kəskin xarakter alacaq. Gündən-günə ölkənin bütün bölgələrində müxtəlif səbəblərə görə keçirilən etiraz aksiyaları isə bu prosesi daha da sürətləndirir. Belə ki, bu günlərdə Ermənistanda avtomobil idxalatçıları hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Yerli medianın verdiyi xəbərə görə, onlar Gümrüdə yeni avtomobil gömrük məntəqəsinin tikintisinə etiraz ediblər.

Avtomobil sürücülərinin müdafiə liqasının sədri Tiqran Ovannisyan bildirib ki, bu o deməkdir ki, Yerevanbaşqa şəhərlərdən adamlar gömrük rəsmiləşdirilməsi aparmaq üçün Gümrüyə gəlməlidir: "Bu, sadəcə olaraq, mümkünsüzdür. Mən baş nazirə sual vermək istəyirəm. Hər gün gömrükdə minlərlə maşın sənədləşdirilir. Siz yollarda neçə qəzanın olacağını təsəvvür edirsinizmi? Bundan başqa, təkərlər dəyişdirilməli və 2-3 gün Gümrüdə qalmaq lazımdır. Məntəqə fəaliyyətə başlasa, 3 aydan sonra avtomobil idxalatçıları işsiz qalacaq”.

Hadisələrin bu səpkidə inkişaf etdiyi bir vaxtda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın tərəfdarları növbəti dəfə Yerevan şəhər məhkəməsi və baş prokurorluğun binası qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar məhkəmənin baş tutacağı binanın qarşısında Koçaryanın xeyrinə qərar çıxarılması tələbi ilə şüarlar səsləndiriblər. Daha sonra şəhərin mərkəzi ilə baş prokurorluğun binasına doğru yürüş ediblər. Onlar baş prokuror Artur Davtyanın Koçaryanın sərbəst buraxılması ilə bağlı yayılan məlumatların cəfəngiyyat olması, istintaqı hələ tamamlanmayan "1 mart” hadisələrində bir çox şübhəli və qaranlıq məqamların qalması barədə bəyanatlarını pisləyiblər. Aksiyaçılar bəyan ediblər ki, hələ sentyabrın 4-də Konstitusiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan sərbəst buraxılmalı idi.

Beləliklə, son hadisələr Ermənistanda ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu aydın nümayiş etdirir. Bu gərginlyin daxili savaşa yol açması isə istisna olunmur.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 11.