Dünya gimnastikasının nəbzi Bakıda döyünür

 

Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunurlar ki, bu da beynəlxalq yarışlarda onların daha böyük uğurlar əldə etməsinə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda müasirləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir.

Bu günlərdə paytaxtımızda daha bir mötəbər yarış - bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçirilir. Sentyabrın 22-dək davam edəcək turnirdə 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiyaİtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda olimpiadaya vəsiqə qazanacaq.

Dünya çempionatının birinci günündə gimnastlar fərdi proqram üzrə halqatopla təsnifat mərhələsində güclərini sınayıblar. Milli komandamızın heyətində ilk olaraq Zöhrə AğamirovaVeronika Qudis xalça üzərinə çıxıblar. A qrupunda iki gimnastımızdan Zöhrə Ağamirova 19,000 xalla 5-ci, Veronika Qudis isə 16,950 xalla 16-cı yerdə qərarlaşıblar. Azərbaycan komanda hesabında 35,950 xalla beşinci pillədə yer alıb. Komanda sıralamasında Ukrayna 41,450 xalla birinci, Belarus 40,200 xalla ikinci, Çin isə 37,400 xalla üçüncü sıradadır.

Dünya çempionatının fərdi proqram üzrə halqatopla təsnifat mərhələsində B qrupundakı çıxışlara da yekun vurulub. Top ilə yarışlarda Ukrayna idmançısı Vlada Nikolçenko 21,400 xalla liderliyini davam etdirir. İlk üçlüyü İtaliya təmsilçiləri Milena Baldassarri (21,300 xal) və Aleksandra Aqurqiuculese (20,950) tamamlayıblar.

Halqa ilə yarışlarda ABŞ təmsilçisi Evita Qriskinas 21,000 xalla gimnastların sıralamasında birinci olub. Yaponiyalı Kaho Minaqava 20,950 xalla ikinci, digər ABŞ idmançısı Laura Zenq (20,700) isə üçüncü pillədə yer alıblar.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 3.