Müəllim nüfuzunun yüksəldilməsi ən böyük uğurdur

 

Son illər müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində nailiyyətlər əldə edilib

 

Hər bir ölkənin inkişafında, vətənə layiqli və savadlı kadrların, mütəxəssislərin yetişdirilməsində müəllimlərin xüsusi rolu var. Təhsil islahatının uğurla aparıldığı ölkələrdə müəllim fəaliyyətinin stimullaşdırılması və peşəkarlığının inkişafına xüsusi diqqət yetirilir.

Təsadüfi deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyi xüsusi vurğulanıb. 5 strateji istiqamətdən biri kimi "Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması” müəyyənləşdirilib. Son illərdə təhsil sahəsində əldə edilən ən böyük uğurlar müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı olub, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı insanların bu peşəyə cəlb edilməsi istiqamətində nailiyyətlər əldə edilib.

Ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması tədbirləri davamlı xarakter alıb, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib.

 

Ucqar kənd məktəblərinin kadr təminatı problemi həll edilib

 

Ötən tədris ilində 10 minədək müəllim işə qəbul olunub, vakant yerlərin 100 faiz tutulması təmin edilib, uzun illər ərzində ixtisaslı kadrlara ehtiyacı yaranan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilib. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, ümumilikdə 10 mindən çox müəllim bu tədbirlərdən faydalanıb. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun şəffaflığına və obyektivliyinə inam formalaşdırıb, cari ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub. İlkin mərhələdə 3260 müəllim işə qəbul olunub. Növbəti mərhələdə daha 4500 vakant yerə qəbulla bağlı tədbirlər həyata keçirilməkdədir.

Müsabiqədə iştirak edən gənc müəllimlər Təhsil Nazirliyi tərəfindən təşkil edilən işə qəbul sistemini yüksək qiymətləndirirlər. Belə ki, cari ildə ən yüksək nəticə göstərərək 60 bal toplayan Gülnar Hümbətova və Süsən Məmmədova müsabiqənin çox şəffaf keçirildiyini, iştirakçıların maksimum nəticə əldə etmələri üçün bütün lazımi şəraitin yaradıldığını, 58 bal toplayan Sara Xəlilova müəllimlərin bu formada işə qəbulunun çox əhəmiyyətli olduğunu, 55 bal toplayan Turanə Kərimova müsabiqədə Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçildiyini qeyd edib.

 

Cari ildə 500-dən çox bal toplayanlardan 25 faizi müəllimlik ixtisasını seçib

 

Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. 2018-ci ildə 500-dən yuxarı bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı strategiyanın icrasına başlanılan ilin eyni göstəricisindən 2,3 dəfə çox olub. Xüsusi qeyd edilməlidir ki, cari ildə 500-dən çox bal toplayanlardan hər 4 nəfərdən biriya 25 faizi müəllimlik ixtisasını seçib. Yüksək bal toplayanların seçdikləri ixtisaslar üzrə təhlil göstərir ki, ötən ilə nisbətən Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə artım 43 faiz, xarici dil müəllimliyi üzrə 20 faiz, tarix müəllimliyi üzrə 14 faiz artım olub. Bu il 500-dən çox bal toplayanlardan 547 nəfər Azərbaycan Dillər Universitetinə, 513 nəfər Bakı Dövlət Universitetinə, 363 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 95 nəfər Gəncə Dövlət Universitetinə, 79 nəfər Naxçıvan Dövlət Universitetinə qəbul olunub. Bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına, yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək.

Son illərdə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində sistemli tədbirlər həyata keçirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilib, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib ki, onların 25 mini 2018-2019-cu tədris ilinin payına düşür. Cari tədris ilində daha 30 min müəllimin təlimlərə cəlb edilməsi planlaşdırılır.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 6.