Veronika Qudis: “Əsas hədəfim “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”

 

"Topla proqramımı dəqiq icra etdim. Ancaq daha yaxşı çıxış edə bilərdim. İcra etdiyim elementlərdə bir az dəqiqlik çatmırdı”. Bu sözləri Bakıda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında ölkəmizi təmsil edən Veronika Qudis AZƏRTAC-a deyib.

Gimnast bildirib ki, doğma meydanda çıxış etməyin üstün cəhətləri var. Çünki azarkeşlər idmançılara fəal dəstək verərək onları uğurlu çıxış üçün həvəsləndirirlər. Üzərimdə məsuliyyət hiss edirəm. Çıxış etdiyimiz dünya çempionatı "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Əsas hədəfim dördilliyin zirvə yarışına vəsiqə qazanmaqdır.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) "Tokio 2020”yə lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiyaİtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

 

Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 5.